Türkiyənin İzmir şəhərinin Menemen rayonunda itkin düşən göyərçinlərə görə iki qrup arasında baş verən silahlı qarşıdurma nəticəsində 3-ü uşaq olmaqla 13 nəfər yaralanıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə avqustun 25-də saat 19:00 radələrində Kazımpaşa məhəlləsində baş verib.
Məlumata görə, 16 yaşlı Mustafa E. itkin düşən göyərçinlərini ələ keçirməkdə Nefes K.-nı günahlandırıb. Tərəflər arasında başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Mustafa E. daha sonra evdən götürdüyü tüfənglə atəş açıb. Nefes K.-nın 33 yaşlı atası Sergen K. də davaya qoşularaq həyat yoldaşına məxsus lisenziyalı ov tüfəngi ilə cavab verib. Atışma nəticəsində yaralanan Mihriban E., Can E., Esma E., Işıl E., Deniz S., Mustafa E., Filiz K., Zeynel T., Ufuk K., Ferdi K., Aykut E., Asil E. və Kazım B. xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə ətrafdakı xəstəxanalara çatdırılıb. Yaralılardan Esma E.-nin vəziyyətinin ağır olduğu, digər 12 nəfərin isə müalicələrindən sonra evə buraxıldığı bildirilib.
17 ünvana eyni vaxtda əməliyyat keçirildi
Hadisədən sonra polis əməkdaşları Kazımpaşa məhəlləsində 17 ünvana eyni vaxtda əməliyyat keçiriblər. Axtarışlar zamanı Can E.-nin evindən 31 ədəd sintetik narkotik həb, pala, qılınc, üzərində qan izləri olan pompalı tüfəng və 8 patron aşkarlanıb. Ümit E.-nin evindən avtomatik ov tüfəngi və 9 patron, Mert D.-nin evindən 48 ədəd sintetik narkotik həb, Metin Ö.-nün evindən isə müəyyən miqdarda narkotik vasitə götürülüb.
4 nəfər həbs edildi
Əməliyyat çərçivəsində 4 şübhəli saxlanılıb. Polisdəki dindirmələrdən sonra məhkəməyə çıxarılan Can E. , Mustafa E., Sergen K. və Gökhan K. barəsində həbs qərarı çıxarılıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.