Polşanın Baş Prokurorluğu ölkə Prezidenti Karol Navrotskini Konstitusiya Məhkəməsinin dörd hakiminin qərar qəbul etməsinə mane olunması ilə bağlı araşdırma çərçivəsində şahid qismində dindirmək istəyir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prokuror prezidentdən dindirmənin keçirilməsi üçün onun üçün əlverişli tarix və yeri bildirməsini istəyib.
Araşdırma aprelin 21-də Konstitusiya Məhkəməsinin iki hakiminin müraciəti əsasında başlanıb. İş çərçivəsində dörd hakimin məhkəmədə fəaliyyət göstərməsinə imkan verilməməsi məsələsi araşdırılır.
Prokurorluğun məlumatına görə, istintaq zamanı 40-dan çox şahid dindirilib, o cümlədən Prezident Administrasiyasının və Konstitusiya Məhkəməsinin əməkdaşlarından ifadələr alınıb. Həmçinin iş üçün əhəmiyyətli sənədlər götürülüb.
Prokurorluq hesab edir ki, Navrotskinin şahid qismində dindirilməsi hadisənin bütün hallarının tam müəyyənləşdirilməsi və hüquqi qiymətləndirilməsi üçün zəruridir. Beləliklə, Polşada prezidentlə hökumət və məhkəmə sistemi arasında son aylarda davam edən hüquqi-siyasi qarşıdurma yeni mərhələyə keçib. Navrotskinin dindirilməsinin nə vaxt və harada keçiriləcəyi isə hələ məlum deyil.