Belarusda Ermənistan istehsalı olan “Yerevan 2800” markalı konyakın satışına qadağa qoyulub.
Modern.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Standartlaşdırma Komitəsinin reyestrində məlumat yerləşdirilib.
Bildirilib ki, Ermənistanın Armavir bölgəsində fəaliyyət göstərən “MAP” QSC-nin istehsal etdiyi səkkizillik “Yerevan 2800” konyakı Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermir. Məhsul təhlükəli hesab olunub.
Komitənin məlumatına görə, aparılan sınaqlar zamanı konyakdakı aşı maddələrinin kütlə konsentrasiyası normadan aşağı çıxıb. Minimum göstərici 0,3 q/dm³ olmalı olduğu halda, məhsulda bu rəqəm 0,14 ± 0,01 q/dm³ təşkil edib.
“Məhsula müəyyən növ məhsulun xarici görünüşü və ayrı-ayrı xüsusiyyətləri verilsə də, onu təqdim edildiyi məhsul kimi eyniləşdirmək mümkün deyil”, – deyə Belarusun Dövlət Standartlaşdırma Komitəsindən bildirilib.