Böyük Britaniyada ağız boşluğunda keyimə və qarışqalanma hissi ilə diş həkiminə müraciət edən 31 yaşlı Ceymi Kihoya aqressiv beyin şişi diaqnozu qoyulub. Həkimlər ona 12–18 ay ömür qaldığını bildiriblər.
Modern.az “Mirror”a istinadla bildirir ki, Stratford şəhərindən olan keçmiş marketinq meneceri əvvəlcə ağız boşluğundakı keyimə və qarışqalanmanı diş problemi ilə əlaqələndirib. Lakin stomatoloq heç bir problem aşkarlamayıb.
Bir müddət sonra Ceymi tarazlığını itirməyə, əlindəki açarları yerə salmağa və hətta öz itinə ilişərək büdrəməyə başlayıb. Bundan sonra həyat yoldaşı Hanna onu həkimə müraciət etməyə razı salıb.
2024-cü ildə Salford Royal Xəstəxanasında aparılan müayinələr nəticəsində kişidə beyin kötüyündə yerləşən dördüncü mərhələ qlioblastoma aşkarlanıb. Bu, sürətlə böyüyən bədxassəli beyin şişidir. Nadir genetik mutasiya və şişin təhlükəli yerdə yerləşməsi səbəbindən onun cərrahi yolla çıxarılması mümkün olmayıb.
Diaqnoz və proqnoz barədə məlumat aldıqdan sonra Ceymi və Hanna 2024-cü ilin noyabrında təcili evləniblər. Daha sonra cütlüyün süni mayalanma (EKO) vasitəsilə Elliott adlı oğlu dünyaya gəlib.
Ceymi altı həftəlik şüa terapiyası kursu keçib və yeni dərmanın sınaqlarında iştirak edib. Müalicə nəticəsində şiş müvəqqəti olaraq kiçilib və kişi bir müddət normal həyatına qayıda bilib.
Lakin oğlunun doğulması ərəfəsində simptomlar yenidən başlayıb. Təkrar müayinə şişin böyüdüyünü göstərib. Ceymi ikinci dəfə radioterapiya kursu keçib. Bu müalicə nəticəsində onun görmə qabiliyyəti və dadbilmə hissi qismən zəifləyib.
Hazırda nitqində çətinlik çəkən Ceymi xəstəliyin son mərhələsində yaşadıqlarını şeirlərə köçürür. O, beyin şişləri ilə bağlı elmi araşdırmalara vəsait toplamaq məqsədilə şeirlər toplusu nəşr etdirməyi planlaşdırır.