ABŞ Prezidenti Donald Trampın Moskva ilə bağlı məhdudlaşdırıcı tədbirləri sərtləşdirməkdən imtina etməsi Konqres üzvlərinin, o cümlədən Respublikaçılar Partiyasının nümayəndələrinin narazılığına səbəb olub.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsinin təşəbbüskarlarından biri olan demokrat senator Riçard Blumentalın fikrincə, ABŞ lideri bu addımı ilə Rusiya ordusuna dəstək verən qüvvələrə münasibətini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, belə qərar ABŞ vətəndaşlarının, Konqres nümayəndələrinin və Vaşinqtonun Avropadakı tərəfdaşlarının maraqlarına ziddir.
Nümayəndələr Palatasının demokrat üzvü Don Beyer isə Ağ Evin rəhbərini Rusiya Prezidenti Vladimir Putinə növbəti güzəştdə ittiham edib. O bildirib ki, bu addım Ukraynanın maraqlarına zərər vurur və Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara görə cəzalandırılmasını nəzərdə tutan ABŞ Konqresinin mövqeyi ilə ziddiyyət təşkil edir.
Demokrat senator Elizabet Uorren qərarı ABŞ rəhbərliyinin ciddi uğursuzluğu kimi qiymətləndirib. Onun fikrincə, məhdudlaşdırıcı tədbirlərin yumşaldılması qanunvericilərin Rusiya rəhbərliyinə təzyiqin artırılması ilə bağlı tələblərinin nəzərə alınmaması deməkdir və Moskvanın hərbi əməliyyatları davam etdirməsinə şərait yarada bilər.
Respublikaçı konqresmen Don Bekon da bu addımı tənqid edib. O bildirib ki, dövlət başçısının belə siyasəti münaqişənin başa çatmasına deyil, onun uzanmasına xidmət edir.
Bundan əvvəl ABŞ qanunvericiləri Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı razılaşmaların qarşısını almağa yönəlmiş ikipartiyalı qanun layihəsi irəli sürüblər. Sənəd Rusiya iqtisadiyyatına investisiyaların qadağan edilməsini, ABŞ Maliyyə Nazirliyinin daha əvvəl verdiyi xüsusi lisenziyanın ləğvini, eləcə də Tramp administrasiyasının Rusiyanın yanacaq-energetika sektoruna qarşı sanksiyaları sərtləşdirməsini nəzərdə tutur.
Xatırladaq ki, ötən həftə Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Danışıqlardan sonra Vaşinqton dizel yanacağının tədarükü ilə bağlı genişmiqyaslı razılaşmaların əldə olunduğunu açıqlayıb. Bu planların həyata keçirilməsi üçün ABŞ Maliyyə Nazirliyi aprelin 7-dək qüvvədə olan xüsusi sanksiya istisnası rəsmiləşdirib.
Ertəsi gün Rusiya hökuməti dizel yanacağının ixracına qoyulmuş qadağanın qismən aradan qaldırılması barədə qərar qəbul edib. Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Moskva cari ayda ABŞ və dünya bazarlarına 300 min ton dizel yanacağı çıxarmağa hazırdır. Noyabrda bu həcmin 500 min tona, dekabrda isə 1 milyon tona çatdırılması planlaşdırılır.
Donald Tramp isə sözügedən razılaşmanın yalnız ABŞ-a deyil, bütün dünyaya fayda verəcəyini bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq dizel yanacağının qiymətlərinin rekord səviyyədə aşağı düşməsinə kömək edə bilər.