Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Kiyevi Rusiya qarşısında kapitulyasiyaya məcbur etməyə çalışmaqda ittiham edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə “Bloomberg” agentliyinə müsahibəsində danışıb.
“Düşünürəm ki, Ukraynanı kapitulyasiyaya sövq etmək məqsədi daşıyan addımlar atılıb. Amerikalı tərəfdaşlarımızın müharibəni Ukraynanın hesabına daha tez başa çatdırmağın mümkün olduğunu düşündüyünə inanmaq istəmirəm. Lakin vəziyyət məhz belə görünür”, – deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, o, Trampın Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması ilə bağlı istəyini qəbul edib. Bunun müqabilində Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin tədarükü nəzərdə tutulub.
“Onlar sadəcə olaraq bizim dizel yanacağı istehsalına zərbələr endirməyimizi dayandırmağımızı istəyirlər. Əgər bunu etməsək, bizi nədənsə məhrum edəcəklər”, – deyə Zelenski vurğulayıb.
O, həmçinin ABŞ-nin Ukraynaya yardım proqramı çərçivəsində ödənişi edilmiş ələkeçirici raketlərin tədarükünü gecikdirdiyini bildirib.
“Amerika tərəfi onların yalnız bir hissəsinin tədarükünü təsdiqləyib, qalanlarına isə icazə verməyib. Bu, texniki məsələ deyil”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski Vaşinqtonla münasibətlərdəki gərginliyi ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərlə əlaqələndirib. Onun sözlərinə görə, seçkilər dövründə siyasi mübarizə daha sərt xarakter alır.
“Siyasət seçkilər zamanı çox aqressiv olur”, – deyən Zelenski səsvermədən sonra “həyatın daha sakit olacağına” ümid etdiyini bildirib.
Ukrayna lideri Trampın Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin “həqiqətən yaxşı” olduğunu da söyləyib. Bununla belə, o, ABŞ prezidentinin hazırda Putini müharibəni dayandırmağa məcbur edə bilmədiyini vurğulayıb.
Daha əvvəl yayılan məlumatlara görə, Tramp Putinlə Rusiya dizel yanacağının Amerika bazarına tədarükü barədə razılaşma əldə edib və Zelenskidən Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edib.
Bundan sonra Kiyev Rusiya ərazisindən raket buraxılışları ilə bağlı xəbərdarlıqların artıq gəlmədiyini bildirib. Ukrayna, həmçinin “Starlink” peyk interneti xidmətinin fəaliyyətində məhdudiyyətlərlə üzləşib.
Ağ Ev və ABŞ Dövlət Departamenti Trampın Kiyevə kəşfiyyat məlumatlarının verilməməsi və Ukrayna ordusu üçün “Starlink” xidmətinin məhdudlaşdırılması barədə göstəriş verdiyini təkzib edib.
Tramp isə Zelenskini müharibəni başa çatdırmaq istəməməkdə ittiham edib və Ukraynada prezident seçkilərinin keçirilməsinə çağırıb.