Braziliyalı Edimar Roşa Martins yazışma yolu ilə aşiq olduğu qadınla görüşmək üçün bütün əmlakını satıb və 2100 min kilometrdən çox yol qət edib. Lakin onu acı məyusluq gözləyib: cazibədar Jessika Oliveyra süni intellekt vasitəsilə yaradılmış virtual obraz olub.
Modern.az xarici mediaya istinadla bildirir ki, 49 yaşlı daş hörgüsü ustası Maranyan ştatının İmperatriz şəhərində yaşayırmış. Onun sözlərinə görə, 2020-ci ildən özünü “fermer qadın” kimi təqdim edən hesabla ünsiyyət qurub və paylaşımların arxasında real bir qadının olduğuna inanıb.
Videolarda qadın özünü tənha ferma sahibi kimi təqdim edir, həyat yoldaşı axtardığını və ona rahat gələcək təmin etməyə hazır olduğunu bildirirdi.
Yeni həyata başlamaq qərarına gələn Edimar Belo-Orizonti şəhərinə yola düşüb. Avtobusla səyahət bir sutkadan çox çəkib. Oktyabrın 11-də şəhərə çatan kişi sevgilisini axtarmağa başlayıb, lakin onu tapa bilməyib. Nəticədə yerli jurnalistlərdən kömək istəməli olub.
Məhz bundan sonra acı həqiqət üzə çıxıb: qadının xarici görünüşü və videolar neyron şəbəkələr vasitəsilə yaradılıb. Hesabın administratoru sonradan bildirib ki, Edimarla şəxsi yazışma aparmayıb. Virtual obraz auditoriyanın diqqətini cəlb etmək və sosial şəbəkədə məhsulların satışını təşviq etmək məqsədilə yaradılıb.
Geri qayıtmaq üçün pulu qalmayan braziliyalı kömək üçün müraciət edib. Belo-Orizonti şəhərinin bələdiyyə xidmətləri ona dəstək göstərib və geri dönüş biletinin pulunu ödəyib.
Daha sonra kişi evinə qayıdıb. Lakin yaşadığı məyusluğa baxmayaraq, sevgini axtarmaqdan vaz keçmək niyyətində olmadığını və yenidən Minas-Jerays ştatına getməyə hazır olduğunu bildirib.