Modern.az

Avropa liderləri Putinlə danışmağa hazırlaşır -Ukrayna üçün iki ssenari 

Avropa liderləri Putinlə danışmağa hazırlaşır -Ukrayna üçün iki ssenari 

Dünya

Bu gün, 11:36

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlərin gərginləşməsi və Vaşinqtonun Kiyevə dəstəyinin zəifləməsi fonunda Avropa liderləri Ukraynada müharibənin dayandırılması ilə bağlı Kreml ilə müstəqil danışıqlar aparmaq niyyətindədirlər. Yaxın vaxtlarda Avropa ölkələrinin liderləri ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının baş tuta biləcəyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin beynəlxalq şərhçisi Gideon Raxman yazıb.

Onun sözlərinə görə, Rusiya ilə Avropa arasında mümkün danışıqlar zamanı Putinə müharibənin başa çatdırılması üçün iki variant təklif oluna bilər.

Raxmanın irəli sürdüyü birinci ssenariyə əsasən, Avropa tərəfi cəbhə xəttinin hazırkı vəziyyətində “münaqişənin dondurulmasını” təklif edə bilər. Bunun müqabilində Rusiyaya Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına dair təminat verilməsi nəzərdə tutulur.

“İkinci ssenari ondan ibarətdir ki, Ukrayna Donbasın qalan hissəsini Rusiyaya güzəştə gedir, lakin bundan sonra NATO-ya üzv olur”, – deyə müəllif mənbə göstərmədən iddia edib.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio daha əvvəl Ukraynadakı müharibənin “strateji dalana” dirəndiyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya Donbasa tam nəzarət tələb edir, Kiyev isə bunu qəbuledilməz hesab edir.

Rubio yaranmış vəziyyətdən çıxışın ya danışıqlar, ya da tərəflərdən birinin və ya hər ikisinin gərginliyi artırması yolu ilə mümkün olduğunu qeyd etmişdi.

Kreml isə dəfələrlə bəyan edib ki, atəşkəslə bağlı danışıqların başlanması üçün Ukrayna Donbasın bütün ərazisini tərk etməlidir. Rusiya qoşunları isə artıq dörd il yarımdır ki, həmin ərazinin tam nəzarət altına alınmasına nail ola bilmirlər.

“Financial Times”ın məlumatına görə, Avropa Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyi, xüsusilə ABŞ-ın Kiyevə yardımının zəiflədiyi bir vaxtda, mühüm hesab edir.

Bu səbəbdən Avropa ölkələri sülh səylərində birbaşa iştiraklarını getdikcə daha çox zərurət kimi qiymətləndirirlər. Nəşr qeyd edir ki, ABŞ-ın maliyyə yardımının dayandırılmasından sonra Ukraynanın fəaliyyətini davam etdirməsinə imkan verən əsas amillərdən biri Avropanın maliyyə dəstəyidir.

Raxmanın sözlərinə görə, Avropa dövlətləri arasında “Köhnə Dünya” liderlərinin Putinlə yalnız Vaşinqton nümayəndələrinin danışması ilə kifayətlənə bilməyəcəkləri barədə ümumi mövqe güclənir.

O, həmçinin Rusiya ilə əlaqə kanallarının “artıq açıq olduğunu” bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı