Dünyada əhalinin qocalması sürətlənir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarına görə, 2050-ci ilədək dünya əhalisinin təxminən 30 faizini yaşı 65 və daha yuxarı olan insanlar təşkil edəcək. Bu isə pensiya dövründə rahat və təhlükəsiz həyat məsələsini təkcə ayrı-ayrı şəxslər üçün deyil, bütövlükdə dövlətlər üçün də getdikcə daha vacib edir. Bu sahədə hazırlanan reytinqlərdən biri də “Global Retirement Index”dir (Qlobal Pensiya İndeksi).
Modern.az xəbər verir ki, “Visit World”un təqdim etdiyi araşdırmada 44 ölkə 18 göstərici üzrə qiymətləndirilib. Göstəricilər dörd əsas kateqoriyada birləşdirilib: səhiyyə, həyat keyfiyyəti, maddi rifah və maliyyə dayanıqlılığı.
Bu meyarlar pensiyaya çıxdıqdan sonra insanların yaşayış şəraitini, o cümlədən tibbi xidmətlərin əlçatanlığını, gəlir səviyyəsini və iqtisadi sabitliyi qiymətləndirməyə imkan verir.
1. Norveç – pensiya həyatı üçün ən yaxşı ölkə
Norveç 81 faiz nəticə ilə “Global Retirement Index” reytinqində birinci yeri tutub. Bir neçə il ərzində ilk üçlükdə qərarlaşan ölkə yenidən liderliyə yüksəlib.
Norveç bütün əsas kateqoriyalar üzrə yüksək nəticələr göstərir. O, reytinqin dörd göstəricisinin hər biri üzrə ilk onluğa düşən yeganə ölkədir. Bu amillərin bir araya gəlməsi Norveçi pensiya dövründə yaşamaq üçün ən əlverişli dövlətlərdən birinə çevirir.
Ölkənin əsas üstünlüklərindən biri inkişaf etmiş səhiyyə sistemi və 80 ili ötən orta ömür uzunluğudur. Bundan başqa, dövlətin neft fondunun gəlirləri və dövlət borcunun aşağı səviyyədə olması pensiya sisteminin dayanıqlılığına mühüm töhfə verir.
2. İsveçrə – iqtisadi sabitlik və yüksək həyat səviyyəsi
İsveçrə 80 faiz nəticə ilə reytinqdə ikinci yerdə qərarlaşıb. Ölkə bu göstərici ilə Norveçdən cüzi fərqlə geri qalır.
İsveçrənin yüksək mövqeyi iqtisadiyyatın sabitliyi, əhalinin gəlirlərinin yüksək olması və səhiyyə sisteminin inkişafı ilə əlaqələndirilir. Maliyyə dayanıqlılığı üzrə göstəricisində müəyyən geriləmə qeydə alınsa da, ölkənin ümumi nəticəsi reytinqin ən yaxşıları sırasındadır.
Bundan əlavə, İsveçrə əhalinin həyatdan məmnunluğu və ətraf mühitin vəziyyəti baxımından da qabaqcıl ölkələrdəndir.
Bununla belə, ölkənin mühüm çatışmazlıqlarından biri yaşayış xərclərinin yüksək olmasıdır. İsveçrə Avropada həyatın ən baha başa gəldiyi ölkələrdən biri olaraq qalır.
3. İslandiya – yüksək həyat keyfiyyəti və sosial müdafiə
İslandiya 79 faiz nəticə ilə reytinqin üçüncü pilləsində yer alıb.
Ölkə həyat keyfiyyəti üzrə, xüsusilə əhalinin həyatdan məmnunluğu, ətraf mühitin vəziyyəti və sosial dəstək sisteminin inkişafı baxımından yüksək göstəricilərə malikdir.
İslandiyanın digər üstünlüklərindən biri gəlirlər arasında bərabərsizliyin nisbətən aşağı olmasıdır. Bu amil yaşlı insanların daha sabit yaşayış şəraitinə malik olmasına kömək edir.
4. İrlandiya – yüksək gəlirlər və sabit iqtisadiyyat
İrlandiya 76 faiz nəticə ilə reytinqdə dördüncü yeri tutub. Əvvəlki illərlə müqayisədə bəzi göstəricilərdə geriləmə olsa da, ölkə liderlər qrupundakı mövqeyini qoruyub.
Nəticələrin aşağı düşməsi əsasən maliyyə dayanıqlılığı və maddi rifah kateqoriyalarındakı göstəricilərlə əlaqələndirilir.
Buna baxmayaraq, İrlandiya adambaşına düşən gəlirlərin səviyyəsinə və ümumi iqtisadi sabitliyinə görə Avropanın ən inkişaf etmiş ölkələrindən biri olaraq qalır.
5. Avstraliya – keyfiyyətli səhiyyə və uzunömürlülük
Avstraliya sabit iqtisadiyyatı və yüksək həyat səviyyəsi sayəsində dünya reytinqində beşinci yerdə qərarlaşıb.
Ölkə havanın keyfiyyəti və ətraf mühitin vəziyyəti baxımından da yaxşı göstəricilərə malikdir. Bu amillər xüsusilə yaşlı insanların sağlamlığı və rahat yaşayışı üçün əhəmiyyətlidir.
Avstraliyanın əsas üstünlüklərindən biri keyfiyyətli tibbi xidmətlərə çıxışı təmin edən inkişaf etmiş səhiyyə sistemidir. Bu da ölkədə orta ömür uzunluğunun 80 ili ötməsinə şərait yaradır.
Beləliklə, 2026-cı il üzrə Qlobal Pensiya İndeksində Norveç, İsveçrə və İslandiya ilk üçlükdə qərarlaşıb. Reytinq pensiya dövründə rahat həyat üçün təkcə gəlirlərin yüksək olmasının deyil, həm də səhiyyənin, sosial müdafiənin, ətraf mühitin və iqtisadi sabitliyin mühüm rol oynadığını göstərir.