Azərbaycan Karate Federasiyasının təşkilatçılığı və dəvəti ilə 12–14 dekabr 2025-ci il tarixlərində növbəti mühüm karate tədbiri baş tutub.
Modern.az xəbər verir ki, dünya şöhrətli ustad, IX dan qara kəmər sahibi, şotokan karate üzrə tanınmış mütəxəssis Hitoşi Kasuyanın rəhbərliyi ilə XXXIII Ümumrespublika Texniki Seminarı və imtahan uğurla keçirilib.
Seminar çərçivəsində texniki biliklərin artırılması, beynəlxalq standartlara uyğun məşq metodlarının tətbiqi və idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində praktiki və nəzəri məşğələlər təşkil olunub.
Tədbir çərçivəsində daha bir əlamətdar hadisə də baş verib. Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, vitse-prezidentlər Fizuli Musayev və Rəhman Hətəmov, eləcə də Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi Dünya Şotokan Karate-Do Federasiyası (WSKF) tərəfindən təsis edilmiş “Dünya Çempionları Klubu”nun xüsusi medalı ilə təltif olunublar.
Qeyd edək ki, bu nüfuzlu mükafat dünya çempionu olmuş və hazırda da ölkəmizdə şotokan karate növünün inkişafı, onun beynəlxalq standartlara uyğun təbliği, gənclər arasında karateyə marağın artırılması, eləcə də Azərbaycan karatesinin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə təqdim edilib.
Dünya Şotokan Karate-Do Federasiyası tərəfindən verilən bu yüksək qiymət Azərbaycan Karate Federasiyasının beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizdə karate idmanının davamlı inkişafının bariz göstəricisi kimi dəyərləndirilir.