44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri dünyanın diqqət mərkəzindədir. Azərbaycan qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük infrastruktur layihələrini reallaşdırmağa nail olub.
Yeni yollar çəkilir, körpülər salınır, tunellər tikilir, yaşayış məntəqələri yenidən qurulur.
İşğaldan azad olunmuş ərazilərdə məktəblər, xəstəxanalar, inzibati binalar və müxtəlif dövlət qurumlarının xidmət mərkəzləri ən müasir standartlara uyğun şəkildə istifadəyə verilir.
Bütün bunlar dövlət başçısının xüsusi nəzarətində həyata keçirilir.
Görülən işlər həm miqyası, həm də keyfiyyəti ilə seçilir. Qarabağa səfər edən insanlar bölgədə aparılan quruculuğun sürətini xüsusi vurğulayırlar. Bu dəyişikliklər uzun illər yurd həsrəti yaşayan insanların sevincinə səbəb olur. Çünki dağıdılmış şəhər və kəndlərin yenidən həyata qaytarılması təkcə tikinti prosesi deyil, həm də milli qürur məsələsidir.
Lakin bütün bunlarla yanaşı, bəzi hallarda görülmüş işlərin qorunması və vaxtında texniki xidmət göstərilməsi məsələsində ciddi boşluqlar hiss olunur.
Belə problemlərdən biri də Ağdərə rayonunun Həsənriz kəndinə gedən yolla bağlıdır. Suqovuşan istiqamətindən Həsənriz kəndinə çəkilən yeni avtomobil yolu yüksək standartlara uyğun inşa edilib.
Bu yol insanların rahat və təhlükəsiz hərəkəti üçün olduqca mühüm əhəmiyyət daşıyır.
Xüsusilə dağlıq relyef nəzərə alınarsa, həmin yol bölgənin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması baxımından strateji layihələrdən hesab oluna bilər. Lakin təəssüf ki, uzun müddətdir yol baxımsız vəziyyətdə qalıb. Məsələ ondadır ki, yolun kənarında yağış və sel sularının axıdılması üçün xüsusi kanallar tikilib. Ancaq həmin kanallar uzun zamandır təmizlənmir. Nəticədə yağış suları öz məcrası ilə deyil, birbaşa yolun üzəri ilə axmağa başlayır. Bu isə artıq bir neçə hissədə asfalt örtüyünün zədələnməsinə səbəb olub.
Hətta selin gətirdiyi çınqıl və daş yığınları belə uzun müddətdir təmizlənmir.
Ən narahatedici məqam isə budur ki, milyonlarla manat vəsait hesabına çəkilmiş yol göz görə-görə sıradan çıxır. Halbuki vaxtında kiçik texniki qulluq və profilaktik tədbirlər görülsəydi, bu problemlərin qarşısını almaq mümkün olardı.
Yol infrastrukturu yalnız tikilməklə yekunlaşmır. Onun qorunması, daim nəzarətdə saxlanılması və mütəmadi texniki baxışı da vacib məsələlərdən biridir. Əks halda, yeni çəkilmiş yollar qısa müddət ərzində yararsız vəziyyətə düşə bilər.
Bu ərazidə qeyd edilən problem hələ Saleh Məmmədov rəhbərlik etdiyi dövrdən qalma məsələdir. Görünür, aidiyyəti qurumlar ya vəziyyətdən xəbərsizdir, ya da məsələyə lazımi səviyyədə diqqət ayrılmır. Ancaq hər halda ortada dövlət vəsaiti hesabına görülmüş iş və onun taleyi dayanır.
Qarabağda aparılan böyük quruculuq işlərinin fonunda belə problemlərin yaranması təəssüf doğurur. Axı bu yollar dövlətin bölgəyə dönüş siyasətinin mühüm simvollarından biridir.
Ümid edirik ki, əlaqədar qurumlar məsələni diqqətə götürəcək. Həsənriz yolunda yaranmış problemlə bağlı operativ tədbirlər görüləcək. Kanallar təmizlənəcək, zədələnmiş hissələr bərpa olunacaq və yolun gələcəkdə daha ciddi problemlərlə üzləşməsinin qarşısı alınacaq.
Çünki Qarabağda qurulan hər yol həm də gələcəyə gedən yol deməkdir.
Elnur ƏMİROV