2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq məhsul satılıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Məlumata görə, pərakəndə ticarət dövriyyəsinin 17,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,8 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə isə 6,5 faiz təşkil edib.
Məhsul qrupları üzrə ən yüksək artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarında (32,6 faiz), əczaçılıq məhsulları və tibbi ləvazimatlarda (24,9 faiz), elektrik malları və mebellərdə (7,9 faiz) qeydə alınıb.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarına, 17,9 faizi digər qeyri-ərzaq mallarına, 12,6 faizi toxuculuq məhsulları, geyim və ayaqqabılara, 6,3 faizi avtomobil yanacağına, 4,7 faizi elektrik malları və mebellərə, 4,4 faizi içkilər və tütün məmulatlarına, 2,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,4 faizi isə kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına sərf olunub.
Yanvar–iyun aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət xərci 525,7 manat təşkil edib. Bunun 285,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 240 manatı isə qeyri-ərzaq mallarına yönəlib.