Modern.az

Qeyri-neft-qaz idxalının azalması valyuta axınına müsbət təsir edir - deputat

Qeyri-neft-qaz idxalının azalması valyuta axınına müsbət təsir edir - deputat

İqtisadiyyat

20 İyul 2026, 13:00

Azərbaycanda 2026-cı ilin ilk beş ayında qeyri-neft-qaz idxalının kəskin azalması valyutanın ölkədə qalmasına, ixracın artması isə ölkəyə daha çox valyuta daxil olmasına imkan yaradıb.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov şəxsi feysbuk hesabında yazıb.

Deputat bildirib ki, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft-qaz idxalı real ifadədə 45,4 faiz azalıb. Həmin dövrdə qeyri-neft-qaz ixracı isə 3,7 dəfə artıb.

Onun sözlərinə görə, idxalın azalması və ixracın artması valyutanın hərəkəti baxımından müsbət tendensiyadır. Belə ki, idxalın azalması valyutanın ölkədə qalmasına, ixracın artması isə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır.

V.Bayramov qeyd edib ki, rəsmi statistikaya əsasən, qeyri-neft-qaz idxalında ən böyük azalma minik avtomobilləri üzrə qeydə alınıb. Bu ilin ilk beş ayında Azərbaycana 430,2 milyon dollar dəyərində 23 411 minik avtomobili idxal edilib ki, bu da real ifadədə 40 faiz azalma deməkdir.

Deputatın sözlərinə görə, eyni dövrdə dərman vasitələrinin idxalı 34 faiz azalaraq 192,6 milyon dollar təşkil edib. Məişət kondisionerlərinin idxalında 20 faiz, polad prokatının idxalında isə 10 faiz azalma müşahidə olunub.

Paylaşımda həmçinin qeyd olunub ki, çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsullarının idxalında da azalma qeydə alınıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR