Modern.az

İlham Əliyev Qəbələdə turizm obyektlərinin açılışına gedib

İlham Əliyev Qəbələdə turizm obyektlərinin açılışına gedib

Aktual

10 Avqust 2016, 18:39

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edib.

Qəbələnin əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu otelin inşası 2014-2016-cı illərdə həyata keçirilib. Ərazisi 4 hektar olan otelin tikinti sahəsi 3400 kvadratmetrdir. Beşmərtəbəli binada 50 otaq, o cümlədən 23 standart, 12 ailəvi, 14 junior suite, 1 kral nömrəsi yerləşir. Bununla yanaşı, ərazidə 3 kottec də yaradılıb. Oteldə 100 nəfərlik kafe-bar, 400 nəfərlik kafe, 500 nəfərlik steak və şərab evi, 200 nəfərlik “Duruca” yeməkxanası, 500 nəfərlik “Qəbələ” kafesi fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Ümumi sahəsi 560 kvadratmetr olan SPA və idman mərkəzində zəruri avadanlıqlar quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.

Oteldə uşaqlar üçün ayrıca yeməkxana və oyun zalı yaradılıb. “Qafqaz Tufandağ Mountain Resort”da sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi və satışı mağazası açılıb, xizək yolu ekskalatoru qurulub və təlimlər üçün otaqlar inşa edilib. Bu da qış mövsümündə oteldə dincələn qonaqların xidmətlərdən yüksək səviyyədə istifadə etmələrinə geniş imkanlar açır. Otel kompleksində 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

***

İlham Əliyev avqustun 10-da “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, kompleksin inşasına 2013-cü ilin may ayında başlanılıb və bu il başa çatdırılıb. Rayonun daxili imkanları hesabına salınan kompleksin ümumi sahəsi 10 hektardır. Qəbələ şəhərinin ərazisindən keçən, meşə sularından qidalanan Qaraçay çayının hər iki sahilində salınmış parkın ərazisində səkkiz körpü tikilib, doqquz fəvvarə, uşaqlar üçün karusel quraşdırılıb. Geniş yaşıllaşdırma işlərinin görüldüyü ərazidə müxtəlif sosial obyektlər, yay kafesi, çay evi tikilib, 3,5 kilometr uzunluğunda piyada gəzinti zolağı salınıb. Tikinti işləri zamanı çayın ətrafı da genişləndirilib, yollarda yeraltı keçidlər, hər biri 500 kubmetr su tutumu olan 41 pilləvari su hövzəsi inşa olunub. Hazırda hövzələrə gələn suyun təmizlənməsi üçün altı kameralı sutəmizləyici qurğu və çay kənarında üçmərtəbəli restoran inşa edilir. 350 qonaq üçün nəzərdə tutulan restoran açıq zallardan ibarət olacaq. Ərazidə avtomobil dayanacağı üçün xüsusi sahə ayrılıb.

***

Prezident İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.

Layihələrin təqdimatı zamanı dövlət başçısına məlumat verilib ki, “Şinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni “Qafqaz Akva Lənd” otelinin inşası həyata keçirilir.

Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də “Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Hovuzların ümumi su tutumu 5 min 470 kubmetr olacaq. Bundan əlavə, ərazisi 350 min kvadratmetr olan, “Qəbələnd” əyləncə mərkəzi və “Aqva Lənd” otelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən “Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.

“Qəbələ Qolf Villaları” ərazisində 66 villa inşa edilib. Ərazidə üçmərtəbəli, 24 mənzilli iki bina, SPA və əyləncə mərkəzi, uşaq bağçası da var. Layihənin əsas özəlliyi ərazidə qolf sahələrinin olmasıdır. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.

Prezident görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı