Modern.az

Bizə yazıqları gəlmir

Bizə yazıqları gəlmir

Aktual

9 Mart 2018, 11:40

Hidayət Elvüsal


Kimi isə təqlid etməsək, yamsılamasaq ürəyimiz partlayar. Əynimizə geyindiyimiz paltardan, toy mərasimindəki mahnıdan, filmdən, oğlanların qulağındakı ətəkli sırğadan... tutmuş evlənib, boşanıb şou-biznesə qoşulmağa qədər hər şeydə, hər...

Qabaqlar, yüzillər boyu gəlin qırmızı libasda olardı. Gərdəkdə oturardı. İndi Cəvahir toya Cumana kimi ağ libasda, özü də yarıya qədər açıq sinəsi, kürəyi ilə çıxır. Çıxır da sözdür? O qədər oynayır ki, tər dabanından çıxır.

Türk arkadaşlarımız oxuduqları mahnılarda arabir yüngülvari söyüş-zad eləyirlər. Nə bilim “vicdansız”-filan deyərək Allah-Allah! Bizimkilər başlayanda qızın “domavoy kniqa”sını qoyurlar qabaqlarına başlayırlar:

- Sənin atanın kəlləsi...

- Sənin ananın çənəsi...

- Dədənin, babanın, nəslinin, kökünün, qardaşının, bacının...

Və niyə? Heç nə! Mahnının sözlərindən belə məlum olur ki, bu gədə gedib bir qıza könül açır. Qız da çox mədəni surətdə bunu başa salır ki, qardaş, mənim sevdiyim adam var. Ya da izah eləyir ki, dədəmin goru haqqı nişanlıyam. Pahooo!

Və heç kəs bu oxuyan gədəyə izah edə bilmir ki, manıs, söydüyün qız sənə “hə” deyib, dönük çıxmayıb. İllər boyu sənə “yarım” deyib, özgəsini seçməyib. Yazıq uşaq heç səni tanımayıb. Deyib ki, qardaş, adamım var, nişanlıyam, səni sevmirəm. Vəssalam! Onu niyə söyürsən? O da qayıdıb desə ki, ay.... qarnından çıxmış, dədəmnən, nənəmnən nə işin var? Nə deyərsən?

O türklər bir “Kurtlar vadisi” telefilmi çəkdilər. Bizim ekranlar doldu qurdlarla, canavarlarla. Bir az orasından, bir az burasından kopyalayıb, kino düzəldirlər. Adamın əti tökülür. Guya bunların da bir Polad Ələmdarı var. Yeriyəndə ayaqları, danışanda dili dolaşır. Hələ atışma səhnələri. Bəh-bəh-bəh! Adam xəcalət çəkir.

İkisi harasa çatır. Tapançaları çıxarırlar. Biri atır və kimsə vurur. O biri deyir:

- Qəşəng!

Sonra o biri vurur və bu biri deyir:

- Gözəl!

Bax, bu yerdə rejissor “Cırtdan” nağılından “Kim yatmış, kim oyaq” epizodundan istifadə etsəydi yerinə düşərdi. Ya da elə “Tıq-tıq xanım”dan da yararlana bilərdi. Yoxsa:

- Part!

- Qəşəng!

- Zart!

- Gözəl!

Ə, bala, gedin bir özgə işlə məşğul olun. Ordan-burdan plagiatlıq, yəni ədəbi oğurluq etməklə sənət yarada bilməzsiniz. Camaatın vaxtını almayın. Gic-gic çəkilişlərin adını “film” qoymayın. Alınmır, qaqaş, heç alınmır.

Ta bu şou-biznes adlandırılan toyu-biznesdən danışmağa dəyməz. Duzsuz, düşük, mənasız həyat tərzi bunların “yaradıcılığıdır”. Bura elə yerdi ki, boşanana yox, boşanmayana pis baxırlar. Şou-biznesin ən böyük gücü onun boşanmışlar ordusundadır. Vay-vay-vay! Elə ki, davaları, telesaçyolduları düşür, dəhşət! İçlərindəki kanalizasiya qoxusu dörd yanı bürüyür. Hamı o kraska-pudranın alındakı əsl sifəti görür. Görür və tüpürür.

Və bu təqlidlər, yamsılamalar, daha nələr-nələr dünyasında hələ çox şey görəcəyik. Deyirəm Allah göstərməsin, məsələn, bu qonşu ölkədə hansısa “ulduz” ata ərə getsə, yəni belə bir nikah bağlasa, bizim bu ölkədə, bu şou-biznes deyilən toyu-biznesdə kimlər ilk olaraq at-eşşəklə nikaha girər. Gülməyin!

Belə şeylər olur. ABŞ-da bir körpünü sökmək istəyirdilər. Bir qadın həmin körpü ilə nikaha girdi. Və “ərini”, yəni körpüsünü onun icazəsi olmadan sökə bilmədilər.

Deməli, eşşəklə nikaha girmək elə də çətin məsələ deyil. Sadəcə olaraq təqlid elədiyimiz, yamsıladığımız, o ölkədə hələ ki, baş verməyib. Baş verərsə...

Dəhşət!

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü