Modern.az

“Keçmiş məhbus damğası ilə yaşaya bilmirəm...”

“Keçmiş məhbus damğası ilə yaşaya bilmirəm...”

Aktual

9 Mart 2012, 19:55

Çox vaxt ehtiyatsızlıq ucbatından baş verən cinayətlər sayəsində namuslu, cəmiyyət üçün yararlı vətəndaşlar da məhbus həyatı yaşamalı olurlar. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra isə çox böyük problemlərlə qarşılaşırlar. Keçmiş məhbusun   normal həyata uygunlaşmaq üçün etdiyi  bütün cəhdlər əksər hallarda ugursuzluqla nəticələnir...  Və addımbaşı eyni titulla “mukafat”landırılır: “Həbsxanada yatıb, keçmiş məhbusdur, uzaq olsun xəta-bəlası bizdən....” və s.

"Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanunda deyilir ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsasları müəyyən edilibsə, bu sahədə yaranan münasibətlər də tənzimlənməlidir.  Eyni zamanada, keçmiş məhbusların qarşılaşdığı sosial problemlərdən ən önəmlisi şəxsiyyət vəsiqəsini geri almaq, iş tapmaq və qeydiyyatla  bağlıdır.

“CV-də hər şey xoşlarına gəlir,  lakin məhkumlugumu bildiklərində ya işə götürmürlər”

Cəfər Salmanov çalışdığı müəssisədə baş verən xoşagəlməz olayın qurbanı olub. 4 il yarim cəza şəkib. Lakin azadlıga çıxdıqdan sonra özünə iş tapa bilmir.
“Verilən elanlarla baglı işçi axtaran müəssisə və şirkətlərdə olmuşam. CV-də hər şey xoşlarına gəlir,  lakin məhkumlugumu bildiklərində ya işə götürmürlər, ya da az sonra müxtəlif bəhanələrlə mənə ehtiyacları olmadıqlarını bildirirlər”.
Keçmiş məhkumun sozlərinə gorə, ilk vaxtlar ümidini itirməsə də, sonralar depressiyaya düşüb: “Axı mənim ailəm var, bəs onları necə təmin edim? Hər dəqiqəbaşı da sahə müvəkkilinin eyhamları lap əsəblərimi korlayib, düşünürəm ki, başqa ölkəyə gedim. Axı belə, keçmiş məhbus damğası ilə yaşaya bilmirəm”.
  
Hüquqşünas Elmar Süleymanov hesab edir ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslər - qanunvericiliklə müəyyənləşdirilən əsaslarla azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Belə şəxslərin sosial adaptasiyası onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial - psixoloji tədbirlər sistemidir.   

Vətəndaşın qanunda nəzərdə tutulmuş müddətdən artıq qeydiyyatsız yaşaması avtomatik olaraq, qanunu pozmaq deməkdir...

E.Süleymanov deyir ki, "Penitensiar müəssisələrdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanun qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer haqqında" Qanuna bir sıra əlavə və dəyişiklik edilib: “Qanunda edilən dəyişiklik ondan ibarətdir ki, keçmiş məhbusun həbs olunanadək daimi qeydiyyatı olmayıbsa, yaxud o hər hansı səbəbdən qeydiyyatını itiribsə, sonuncu dəfə hansı ərazi polis bölməsində qeydiyyatda olubsa, oraya da müraciət etməlidir. Keçmiş məhbus həmin polis bölməsinin inzibati binasına qeydiyyata alınmalıdir. Eyni zamanada, şəxsiyyət vəsiqəsilə təmin edilməlidir”.  

E.Süleymanovun sözlərinə görə, bu cür hallarla bağlı  "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 8-ci maddəsinin 3-cü bəndinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 iyul 2000-ci il tarixli qərarı var.  “Həmin qanunda qeyd edilib ki, penitensiar müəssisədən azad edilən, daimi yaşayış yeri olan vətəndaşlar eləcə də, Azərbaycan Respublikasında  yaşayan və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulan yaşayış yeri üzrə hüquqlarını itirməyibsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmalıdır.
E.Süleymanov hesab edir ki, bu problem çətin vəziyyətdə olan, qeydiyyata alına bilməyən vətəndaşların istənilmədən qanunu pozmasına gətirib çıxarır.
“Yəni vətəndaşın qanunda nəzərdə tutulmuş müddətdən artıq qeydiyyatsız yaşaması avtomatik olaraq, qanunu pozmaq deməkdir və bu artıq inzibati xəta sayılır.”

Keçmiş məhkumun şəxsiyyət vəsiqəsi aidiyyatı olmayan  dövlət qurumunda tapılır...

Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev isə deyir ki, məhkəmənin qərarıyla cəzaya məhkum edilən şəxslərdən  şəxsiyyət vəsiqəsi həmin cəza müddətində alınır. Ancaq bəla burasındadır ki,  məhbus azadlığa çıxanda şəxsiyyət vəsiqəsini geri almaq çətinləşir: “Bəzən keçmiş məhkumun şəxsiyyət vəsiqəsi qətiyyən  dəxli olmayan dövlət qurumunda tapılır. Bu problem məhkəmə çəkişmələrinə qədər gətirib çıxarır.  Qeyd edim ki, əslində, hüquq-mühafizə orqanlarında məhkəmə qərarlarının ciddi qorunması təmin edilməlidir”.

Bütün məhbuslarin işə cəlb edilməsi məcburi deyil...

Ədliyyə Nazirliyinin yetkilisi Faiq Qurbanov isə hesab edir ki,  keçmiş məhkumların gələcəkdə sosial adaptasiyasının  müvəffəqiyyətlə həyata keçirməsi üçün  təcridxanalarda dustaqların işləmələri  üçün xüsusi peşə sahələri mövcuddur. O, hesab edir ki, bütün məhbuslarin işə cəlb edilməsi məcburi deyil: “Məhkumların hamısının əməyə cəlb olunması məcburi də deyil. Ümumiyyətlə, məhkumların əməyə cəlb olunması könüllülük prinsipilə həyata keçirilir və qazandıqları əməkhaqı da xüsusi hesaba köçürülür. Cəza müddəti bitdikdə həmin vəsait onlara təqdim edilir”.   
   
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, keçmiş məhbusların sosial cəmiyyətə adaptasiyasıyla baglı problemlər hələ də qalmaqdadır: “Adaptasiya prosesinin həyata keçirilməsi vəsait və vaxt tələb edən işdir. Proses məhkumun azadlığa çıxmasından 3 il yarım əvvəl başlanmalıdır. Həmin müddətin tez başlaması keçmiş məhbusun cəmiyyətə adaptasiyasını da  bir o qədər sürətləndirir”.

O hesab edir ki, keçmiş məhbusun ən çox qarşılaşdığı problem iş tapmaqdır. Bir neçə dəfə  ağır cinayət törədən keçmiş məhbusun dövlət qurumlarında  işə qəbulundan isə söhbət belə gedə bilməz: “Bütün hallarda keçmiş məhbuslar eynihüquqludurlar”.

Bu sahədə problemin həlli çoxşaxəlidir...

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə hesab edir ki,  bu sahədə problemin həlli çoxşaxəlidir. Onun sözlərinə görə,  keçmiş məhbuslara cəmiyyətin münasibəti də birmənalı deyil.
“Keçmiş məhbusu nəinki işlə təmin etmirlər, eyni zamanda, cəmiyyətdən də təcrid edib sanki uzaqlaşdırırlar. Keçmiş məhbusdan  çəkinirlər ki, cinayətkar olub, məhkum azadlığa çıxandan sonra tez-tez sahə müvəkkilləri tərəfindən polis idarəsinə çağırılırlar ki, bu da ürəkaçan hal deyil. Əlbəttə ki, bu, onların cəmiyyətə adaptasiyasinda problem yaradır. Bununla bağlı kifayət qədər iş aparilmır. Keçmiş məhbus işləmək istəyir,  amma yaxın qoymurlar. Lakin onların işlə təminatı üçün qanun olsa da, tətbiq olunmur. Qanun işlək  deyil. Söhbət ondan gedir ki, həmin qanunlar icra olunmalıdır".   

Ə. Nuriyev  hesab edir ki, keçmiş məhbusa cəmiyyət  dəstək və dayaq olmaq əvəzinə onu persona non qrataya çevirirlər. “Mövcud problemin əsas səbəblərindən biri də cəzaçəkmə müəssisələrində psixoloqların çatışmamasıdır. Həmçinin, sosial xidmət işçilərinin peşə hazırlığının aşağı  olması da, məhkumların cəmiyyətə adaptasiyasını çətinləşdirir. Əgər bu sahədə institutlar lazimi səviyyədə  fəaliyyət göstərərsələr, o zaman problemi həlli mümkündür".

Ekspert  hesab edir ki, Azərbaycanda məhkumların reabilitasiyası üçün sığınacaqların tikilməsinə də ehtiyac var.     

Problemin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə hələ də ehtiyac var...

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfəroglu da hesab edir ki,  keçmiş məhbuslara qarşı cəmiyyərdə fərqli münasibət var.
”Məhkumlar əvvəlcə  cəzaçəkmə müəssisələrində adaptasiya olunmalıdır. Bu onların cəzadan sonrakı həyatlarında, yaşamalarında, cəmiyyətdə özlərinə yer qazanmalarında yardımçı ola bilər. Keçmiş məhbuslara  cəmiyyət və  vətəndaşlar özlərində sığınacaq verməlidirlər.  Çox vaxt onları qorxduqlarına görə işə götürmürlər ki, bu da  məhkum həyatı yaşamış insanların psixikasına  təsir göstərir. Onlar cəmiyyətdə özlərinə yer tapa bilməyəndə  yenidən hansısa cinayəti törətməyə meyilli olurlar. Bu problemin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə hələ də ehtiyac var".  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə isə, nazirliyin yanında Dövlət Sosial Təminat Xidməti fəaliyyət göstərir ki, bu qurum əhalinin aztəminatlı təbəqələrinin, tək, ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini həyata keçirir. Xidmət əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, əhalinin sosial müdafiəsi siyasətinin həyata keçirilməsini təmin edir, öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasını, insan alveri qurbanlarının və penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyasını reallaşdırır. Hazırda bu sistem bütün fəaliyyət profilləri üzrə işini davam etdirir.

Doğrudan da, ən qiymətli hədiyyə azadlıqdır.  Bu hədiyyənin dəyərini isə onu itirəndən sonra daha çox bilirik. Hər şeyin qədrini zamanında bilib dəyərləndirmək isə ən vacib məsələdir.  Hər şey gözəldir həyatda, amma bu gözəlliyə xələl yetirmədən yaşamaq isə daha gözəldir...

Gulnaz Qənbərli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı