Modern.az

Ukraynada yaşayan azərbaycanlı gənclər Milli Məclisdə olublar

Ukraynada yaşayan azərbaycanlı gənclər Milli Məclisdə olublar

15 Mart 2012, 09:53

Milli Məclisdə Azərbaycan-Ukrayna  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu günlərdə Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının iştirakçısı olan Ukrayna-Azərbaycanlı Gənclər  Birliyinin nümayəndələri  ilə görüşüblər.

 Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimov onlara parlamentin fəaliyyəti, komitələrin, deputatların, dostluq  qruplarının gördüyü iş, diaspor təşkilatları ilə əlaqələr barədə məlumat verib.

 İşçi qrupunun rəhbəri ölkə Prezidentinin Ukrayna ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb.

Eldar İbrahimov Xocalı soyqırımının ildönümü ilə əlaqədar azərbaycanlı gənclərin Ukraynada keçirdikləri  tədbirləri çox  yüksək dəyərləndirib. Birlik üzvlərinin gələcəkdə Ukraynanın aktiv siyasi və mədəni həyatında böyük rola malik olacaqlarına ümidvar olduğunu bildirib, onlara  tövsiyələrini verib.

   Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov  belə bir görüşün baş tutmasına  göstərdiyi köməyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təsis qurultayının iştirakçısı olan gənclər adından dərin minnətdarlığını bildirib. Rəhbəri olduğu  təşkilat barədə geniş məlumat verərək bildirdi ki, birliyin  şöbələri  Krım vilayətində, Nikolayev və Odessa şəhərlərində də  fəaliyyət  göstərir.  

Görüşdə  Azərbaycan-Ukrayna   parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupun  üzvləri Elmira Axundova, Adil Əliyev, İqbal Məmmədov  ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri barədə öz fikirlərini  açıqlayıblar, bu məsələdə gənclərə   böyük ümid  bəslədiklərini  diqqətə çatdırdılar.

Söhbətdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında  gənclər  təşkilatlarının rolu,  xaricdə təhsil,  diaspor və lobbiçilik  fəaliyyətinin gücləndirilməsi  barədə  fikir  mübadiləsi  aparılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü