Arxiv
27 İyun 2020, 15:00 | ƏDƏBİYYAT
İTBAŞI (7-ci bölüm)

Mahir Qabiloğlunun romanı

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

II Cild

 

Paytaxtda Həqqi məscidinin açılışıdır. Hamı yığışıb Göyverən Şahın gəlişini gözləyir. Bütün fikirlər, baxışlar məscidə yönəlib:

– Bu nədir? Belə məscid olar? İki minarəsi var, amma günbəzi yoxdur.

– Bəs minarələr arasında asılan yoğun kəndir nə deməkdir?

– Hələ kəndirin altında pıqqapıq qaynayan qır tiyanlarına bax.

– Yenə cəllad? Şahımız açılışa cəlladla gəlib? Yanında da əli-qolu zəncirli məhkumlar?

– Məscidə yox, qətlgaha oxşayır. Bircə kötüyü çatmır.

– Ay uşaq, sən mollaxanada yaxşı oxumusan. Gör üstündə nə yazılıb?

– Göy-ve-rən i-ba-dət-gah-ı, – deyə biri höccələyə-höccələyə oxuyur.

– Bəs deyirdi ki, atamın ruhuna Həqqi məscidi tikdirirəm?

– Məscidi başa düşdük. Bəs ehsan evləri hanı? Biz acların qarnını doyuracaqdı.

– Ora baxın, ora baxın. Görün daşa hansı rəmzlər həkk olunub? Davud ulduzu, xaç, aypara. Adı məsciddirsə, bəs kafirlərin rəmzləri burda nə gəzir?

– Ay avam, indi oxumadım adını? Adı məscid deyil, “Göyverən ibadətgahı”dır.

– Bu Göyverənin başı lap xarab olub.

– Kəs səsini! Başın bədəninə ağırlıq edir deyəsən.

– Hamımızın qulağını kəsib onsuz da... Qulaqsız başı neyləyirik ki?

– Həqiqətdə kəsməyib ha... Allahına şükür elə. Başın da, qulağın da hələ yerindədir.

– Nə səs-küy salmısız? Tələsməyin. Özü gəlib izahını verəcək.

 Bir az keçir. Göyverən Şah ağ atın belində məscidə yaxınlaşır. Camaat “göyvərən şah”, “göyvərən şah” deyə onu alqışlamağa başlayır. O da razı halda hamıya əl yelləyir. Atından düşüb kürsüyə qalxır.

– Ey göyvərənlər! Gözünüz aydın! Axır ki, tikintisinə Həqqi məscidi kimi başlanılan, amma Göyverən ibadətgahı kimi bütün dindarların istifadəsinə veriləcək sənət məbədi hazırdır.

Hamı mat-mat bir-birinin üzünə baxır. Amma şahın hər cümləsinin sonunda onu alqışlayırlar. Şah sözünə davam edir.

– Dünyadakı bütün insanlar eynidirlər. Bizim məmləkətdəki insanları isə bir ad birləşdirir. Hamımız Göyverənik. Dinlərin adı müxtəlif olsa da Allah təkdir. Məmləkətdə məscidlər çoxdur. Amma müslimlərdən başqa din mənsubu olan göyverənlərimiz var. Ona görə bu məbədin adını Göyverən ibadətgahı qoydum. Bütün dinlərin nümayəndələri gəlib burda ibadət edə bilərlər. Özü də öz Allahlarına yox – mənim Allahıma. Çünki tanıdığım, inandığım Allah təkdir.

Alqış sədaları meydanı bürüdü.

– Bu gündən məmləkətdə bütün ölüm cəzalarını ləğv edirəm. Həqq dövlətində Haqq dünyasının cəza növlərini tətbiq edirəm. Heç kim Allahın yaratdığına ölüm cəzası verə bilməz. Buna haqqı çatmaz. Haqq dünyasında Qıl körpüsü var. Tük kimi nazikdir. Amma mən daha ədalətliyəm. Ona görə də iki minarənin arasında vaizin başı yoğunluğunda kəndir asılmasını əmr etdim. Yadınızdadırsa cümə namazlarının birində Mirqəzəb vaizin başını kötüyə qoyub, təbərzinin sapıyla onun başının ölçüsünü çıxartmışdı. Bu qıl körpüsünün altında isə, məscidin günbəzi olmalı yerdə qır tiyanları qaynayacaq. Günahının az və ya çox olmasından asılı olmayaraq – istər adam öldürsün, istər cibgirlik etsin fərqi yoxdur – hamısı kəndirin üstüylə minarənin bu başından o başına adlamalıdır. Əgər bunu bacardısa, deməli günahı yoxdur, azaddır. Əgər bacarmadısa... Bu Göyverən körpüsündə təkcə təqsirləndirilən yox, istənilən adam özünü, ailə üzvlərini yoxlaya bilər. Arvadından şübhələnirsən? Bura gətir. Qonşundan şübhələnirsən? Bura gətir... Göyverən ibadətgahı həm də günahların yuyulduğu məbəddir. Ey göyvərənlər, xoşunuza gəlirmi yeni Göyverən ibadətgahı? Bir daha əmin oldunuzmu ki, mən gecə-gündüz yalnız sizi – siz rəiyyətimi fikirləşirəm?

Kütlədən alqış səsləri qopdu. “Göyvərən şah”, “göy­və­rən şah” sədaları ətrafı bürüdü. Göyverən Şah sözünə ara verib, kürsünün üstündə o yan-bu yana var-gəl etməyə başladı. Əli-qolu zəncirli məhkumların qənşərində dayanıb onların meyit rəngi çökmüş sifətinə baxıb qəhqəhə çəkdi.

– Haqq dünyasını tərifləmirdiniz? Ədalətinə inanmırdınız? Olmasın Haqq dünyası, olsun Həqq dövləti. Buyurun. Kim istəyirsə ilk olaraq qalxsın minarəyə, keçsin Göyverən körpüsündən. Gözü açıq, ağlı başında, özü də qıldan da min dəfələrlə qalın bir körpüdən. İlk arzu edən varmı?

Məhkumlar dinmirlər. Birdən kütlənin içindən İtbaşı çıxır. Ömründə ilk dəfə təzim edir. “Şahım, bu cür ədalətli qərar qəbul etdiniz. Bütün xalq əmindir ki, bu sınaqdan ilk olaraq şahımız üzüağ çıxacaq” deyir. Kütlədən də “ilk olaraq şahımız”, “ilk olaraq şahımız” sədaları ətrafa yayılır. Bunu eşidən Göyverən Şah tacını Aslana verir. Əbasını, paltarlarını çıxarır. Lüt anadangəlmə minarəyə doğru addımlayır. Yuxarı qalxır. Sol ayağını kəndirə qoyur, sonra isə sağ ayağını. Beləcə on addım atır. Körpünün ortasına çatanda qır tiyanından qalxan acı tüstü burnuna dolur. Başı gicəllənir. Müvazinətini saxlaya bilmir. “Aslan!” qışqıraraq kəllə-mayallaq qır tiyanına düşür.

Göyverən Şah qan-tər içində yuxudan oyanır. Aslan tez özünü otağa salır. Şah əliylə ona “get” işarəsi verir. Ayağa durur. Su içir. Tərin içində yenidən yatağına uzanır. Amma yuxunun təsirindən çıxa bilmir. Titrəyir: aman Allah, bu nə yuxuydu? Yox. Yuxulara inanmıram. Bu günəcən bir yuxum da çin çıxmayıb. Birdən bu düz çıxdı? Buna görəmi atam dedi ki, dövlətin adını dəyişib Həqq qoyum? Yeni tikəcəyim məsciddə minarələr arasında kəndir bağlayım ki, insanlar hər gün əyani şəkildə Qıl körpüsünü görüb, Allahlarına şükür etsinlər? Müharibə başlanmasaydı həqiqətən elə edəcəkdim. Aslana hazırlatdığım kəndir indi də sarayın zirzəmisindədir. Deməli bu, yuxu deyil. Mən sonumu görürdüm əslində? Xalq sonda mənimçün belə qətlgah quracaq. Yox. İmkan vermərəm. Bəs “Göyverən Şah” yerinə, “göyvərən şah” deyə alqışlamaqları nə idi? Mən də nəinki qeyzləndim, hətta razılıqla əlimi yellədirdim onlara. Onları hələ öz adımla çağırırdım. Həyatda ağızları yığışdırdım, hər şey yaddaşımdan silinirdi, Həqqinin mənə verdiyi sevgi işgəncələrini də unutmuşdum. Belə çıxır ki, indi röyalarım mənə müharibə elan edəcək? Bəs yuxuyla necə döyüşüm? Onu necə məğlub edim? Bir yandan da yaman darıxıram. Mən niyə darıxmalıyam axı? Ölən ruhumu diriltməkçün niyə şair axtarmalıyam? Axı təkcə Karine yüz şairə dəyər. Şamamalarını, ağ mərmərə bənzəyən sinəsini görəndə ruhum bədənimdə oynayır. Bu, ruhun qidası sayılmırmı? Yoxsa ki, şairlər... Şair Abumahir “qoru özünü” deyir. Nədən qoruyum, ay şair? Kimdən qoruyum ki, ay başbilənim? Qorudum da indiyə qədər. Nə qazandım? Qan tökmədim əfv etdim – qansız dedilər. Əfv etmədim qan tökdüm – qaniçən söylədilər. Müqəddəs anlam daşıyan Göyverən adımı “göyvərən” çağırdılar. Karsız kişi – beliboş damğası vurdular. Şeyxə, axunda, mollalara qarşı çıxdım – dinsiz adlandırdılar. Birrəng kimi sadə insanlara inandım – arxamda yüz iş çevirdilər. Şəhidlərin adını divara həkk etdirdim – lağa qoydular. Əyalətlərdə məscid, ehsan evləri tikdirmək istədim – yüz şəbədə qoşdular... Bununla da qol-qanadımı sındırdılar. İndi isə darıxıram. Vacibdirmi ki, axşamı gözləyim? Hərəmxanaya yalnız axşammı getməliyəm? Çağırım Karineni otuzdurum taxtın sağında. Ya da digər hərəmləri. Söhbət edim. İstəsəm o biri söhbətdən də edim. Axı kim mənə nəzarət edir? Xalq? Xalq nə deyər? Çox da xalqa lazımam. Bir dəfə sarayın qapısını açıb soruşublarmı ki, “ey şahımız Göyverən, necəsən? Kefin necədir? Bəlkə nəsə lazımdır?” Heç vaxt. Amma şair Abumahiri mühafizlər qucağında saraya gətirəndə ayağa qalxmışdı hamısı. Mənim bu məmləkətdə bir şair qədər də hörmətim yoxdur. Nə olsun ki, şaham. İtbaşı düz deyir. Mən büt olmalıyam. Camaat da arxayın olmalıdır ki, onların şahı var – ümid yerləri var. Lazım olsa döyəcəkləri qapı var. Bəs mən nə edim? Mən kimin qapısını döyüm? Heç qohum-əqrabam da yoxdur. Baş vəzir Qurban hamısını qılıncdan keçirtdi. Bəlkə şəhərə çıxım? Yox. Hara çıxırsan? Çıxırdın da... Qayıdıb bunların xeyrinə fərman da verirdin. Sonu nə oldu ki? Alqışladılarmı? Əksinə boş-boş danışdılar dalınca. Həqqi Şahın vaxtında necə olubsa elə də qalsın. Mən şah elə büt olsam yaxşıdır. Şətrəncdəki kimi addım-addım hərəkət etsəm yaxşıdır. İtbaşı düz deyir. Şahsan otur şah yerində. Şair Abumahir də dedi bunu. Ondan soruşuram ki, nə köməkliyim dəyə bilər mədrəsənizə? Cavab verir ki, “mane olma, yetər”. Deməli mən şah məmləkət üçün artıq yükəm. Eləmi? Onda heç nə etməyəcəyəm. Oturacağam sarayımda kef edəcəyəm özümçün. Ya da ki, dünyanı seyrə çıxacağam. Özü də şahı arvad olan ölkələrə. Gedim baxım görüm arvadlar necə şahlıq edir?

– Eşikağası!

– Bəli, şahım, – deyə eşikağası içəri girir.

– Təbərxanı çağır bura.

– Başüstə, şahım.

Təbərxan əlində kitab həmən gəlir.

– Bu nədir, Təbərxan?

– Kitabdır, şahım, – deyib Təbərxan əlindəkini şaha uzadır. Şah kitabı götürüb vərəqləməyə başlayır, – Şahım, sizə ərz eləmişdim ki, mən Elbrus elində nəqqaşlıq sənətinə yiyələnmişəm. Bu da yararlandığımız mənbələrdən biridir.

– Nə gözəl, nə gözəl, – deyə şah kitabı varaqladıqca başını razılıqla yelləyir, – Yəqin ki, şeyxlə axundun bunlardan xəbəri yoxdur. Yoxsa çoxdan fitvanı verib linç etdirmişdilər səni. Qorxmursan ki, bu lüt kişi-qadın əkslərini mənə göstərirsən?

– Şahım, düz buyurursunuz. Amma bunlar başqa qitədə sənət əsəri sayılır. Katoliklərin baş məbədi sayılan Vatikan bu cür şəkillər, heykəllərlə bəzədilib. Şahım, indi baxdığınız rəsmdəkilər Adəm və Həvvadır. Allah onları lüt yaratmışdı. Əgər belə yaradıbsa, rəssam onu başqa cür necə çəkə bilərdi?

– Düz deyirsən.

– Bir xüsusu da deyim ki, mən əlinizdəki kitabı sizə başqa məqsədçün gətirmişəm. İcazə versəydiniz, – deyib Təbərxan şahın dizinin üstündəki kitabı vərəqləyib barmağını bir şəklin üstünə qoydu, – Şahım, bu arabadır. Elbrus elində və ona yaxın ölkələrdə imperatorlar, çarlar, zadəganlar belə arabalarda gəzirlər. Adına “kareta” deyilir.

– Çox gözəldir. Bəs bu necə hərəkət edir?

– Qabağına at qoşurlar. Atların sayı – yiyəsinin cəmiyyətdə tutduğu mövqedən asılı olaraq təyin edilir. Bizim təbirimizcə desək, şah və şahbanu bu karetaya minir və iki mühafiz də karetanın arxa tərəfində ayaqüstə dayanır. Onlar şahın əmrlərini eşidib digərlərinə xəbər vermək üçündür. Karetanın arxasına isə iki at bağlanır. Birdən hücum olsa, yaxud da ki, kareta sınsa şah və arvadı bu atlara minib yola davam edə bilsinlər. Qabaqda və arxada isə mühafizlər dəstəsi gedir. Lap arxada gələn karetalarda isə şah ailəsinə mənsub yüklər, xidmətçilər olur.

– Bəh-bəh-bəh. Bu ki, lap dəm-dəsgahdır? Mən də istəyirəm belə karetadan. Səyahətə çıxacağam. Yoxsa ki, uzaq yola at üstündə çıxmaq zülm olar.

– Zülm yox, şahım, tamam başqa şey sayılar. At üstündə, ətrafınızda da silahlı mühafizlər getsəniz bu, elansız müharibə anlamı verər. Həmən hücum çəkib sizi əsir götürə bilərlər. Karetayla gedəndə isə bu, bir ölkənin şahının digər ölkəyə səfər etməsi deməkdir. O tərəflərdə belə qəbul olunub.

– Nə gözəl. Bunları bilmirdim. Düzəlt mənimçün kareta.

– Şahım, bununla məşğul olanlar əcnəbi ölkələrdə yaşayırlar. İzn versəniz, adam göndərərdim, alıb gətirərdilər. Amma çox bahalıdır.

– Dəxli yoxdur. Üç dənə ən yaxşısını, ən qiymətlisini gətirt. Atlar da oranın atlarından olsun.

– Təbii ki, şahım.

– Eşikağası, Hətəmi çağır bura.

Hətəm gəlir.

– Hətəm, Təbərxan nə qədər qızıl istəsə xəzinədən buraxarsan.

– Başüstə, şahım, – deyib Hətəm otaqdan çıxır.

– Hə, Təbərxan, bunu həll etdik. Amma kimsə bu barədə bilməməlidir. Kitab da qalsın məndə.

– Qurbandır sizə, şahım. Məndə başqa kitablar da var. Baxdıqca yenilərini gətirərəm. Amma aqillərin bir misalı var. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

– Aqillər düz buyurublar. Təbərxan, mənim əksimi çəkmişdin. Nə oldu onun axırı?

– Şahım, hazırdır. Gətirmişəm.

– Göstər görüm?

Təbərxan cibindən üç dənə – qızıl, gümüş, dəmir sikkə çıxardaraq şaha təqdim etdi. Göyverən onların hər birinə diqqətlə baxdı. Sikkənin bir üzündə onun əksi, o biri üzündə isə “Göyverən” yazılmışdı.

– Gözəl, gözəl. Çox incə işdir. Bəs niyə belə balaca hazırlamısan?

– Şahım, Elbrus elində buna “tengi” deyirlər. O məmləkətin ərazisində yalnız onların buraxdığı bu cür pullar keçərlidir. Niyə Həqq dövlətində belə olmasın ki?

– Çox incə şeydir. Alqışalayiqdir sənin təşəbbüsün. Xəzinədəki bütün qızılları əridib bundan düzəlt.

– Əmr edərsiniz, şahım. Amma bir xüsus var.

– Nə xüsus? – deyə şah özünü bilməməzliyə vurdu.

– Şahımız gözəl bilir ki, qızılı əridəndə kütləsini iki dəfə itirir. Xəzinəni boşaltmaq olmaz.

– Bəs onda nə edək?

– Şahım, əsas dəmirdən, bir də ki, gümüşdən hazırlayaq “göyverən”ləri.

– Göyverənləri?

– Bəli, şahım. Bu sikkələrin adı üstündə yazıldığı kimi “göyverən” adlansın. Məsəlçün: Ət neçəyədir? – Bir göyverənə; Bu gün neçə göyverən qazanmısan? – On göyverən; Göyverənin bərəkətinə qurban olum; Allah, mənə çoxlu göyverən yetir; Göyverənsiz bir günümüz də olmasın və sairə. Şahım, adınız hər yerdə dillər əzbəri olacaq.

Göyverən Şah taxtına yayxandı. Fikrə getdi. Saray əyanlarının sırasında yeri sonuncu olan nəqqaş Təbərxana diqqətlə baxdı. Qüdrətgil paytaxtda olsaydı onu həmən özünün baş vəziri təyin edərdi.

– Ay Təbərxan, qızılın, gümüşün qiymətini başa düşürəm. Bəs dəmirin dəyəri yoxdur axı?

– Şahım, sikkənin qiyməti onun nədən hazırlanmasında deyil. Üstündəki şəkildə və addadır. Sizcə bir dəmir göyverən neçə qızıl olar?

– Tutaq ki, bir qızıl beş dəmir göyverən.

– Xub. Sizin məmləkətə ayaq basanlar birinci növbədə öz qızıllarını dəmir göyverənlərə dəyişməlidirlər ki, nəsə alış-veriş edə bilsinlər. Elə deyilmi? İndi görün xəzinəyə nə qədər qızıl axacaq? Amma əvəzində dəmir çıxacaq.

– Yaxşı, axı tacirlər alver edəndən sonra öz ölkələrinə dəmir göyverən aparmayacaqlar?

– Bunu da düşünmüşəm, şahım. Elə ki, tacirlər alış-verişlərini elədilər... yenidən gəlirlər xəzinəyə. Paytaxta girəndə bir qızıl beş göyverən idisə, çıxanda dörd göyverəni bir gümüş göyverənə dəyişəcəklər. Qızıl gətirəcəklər, gümüşlə qayıdacaqlar.

– Bəs rəiyyət?

– Onlar da eyniylə. Sandıqlarındakı qızılları göyverənlərə dəyişib alış-verişlərini edəcəklər. Qazancları da dəmir göyverənlə olacaq, satdıqları da, aldıqları da...

– Əla! Əla-ül-əla. Mən razı. Hazırla dəmir göyverənləri. Sənin üçün böyük otaq ayırıram. Qapısına da iki mühafiz təyin edirəm. Açarı bir səndə olmalıdır, bir də məndə. Şagirdlərin var yəqin.

– Var, şahım.

– İlk olaraq qırx dənə qızıl göyverən hazırla. Biri böyüklüyünə görə o birilərdən fərqlənsin. Sonra isə yüz gümüş göyverən hazırla. Ondan sonra keçərsən dəmir göyverənlərə. Yanına bir zərgər də götür.

– Başüstə, şahım.

– Hazırla. Mən belə görürəm ki, mənim ruhumu şairlər yox, diriltsən sən dirildəcəksən.

– Ömrünüz uzun olsun, qibleyi-aləm. Verdiyiniz qiymətə layiq olum. Şahım, sizdən bir xahişim var.

– De.

– Yalvarıram, məni saray əyanlarının yanında tərifləməyin.

– Qəribə xahişdir. Amma düz deyirsən. Qısqansalar, vay halına. Neçə yaşın var, Təbərxan.

– İyirmi səkkiz, şahım.

– Yaşıdıq ki... buna görə məni yaxşı başa düşürsən yəqin...

– Mən ruh adamıyam, şahım. Sənətkaram. Sadəcə, öz yerimdə deyiləm. Öyrəndiklərimi, bildiklərimi bizim məmləkətdə həyata keçirtmək qadağandır.

– Bəs niyə öyrənirdin? Bunu əvvəlcədən bilmirdin ki?

– Bilirdim, şahım. Qayıtmaq istəmirdim el-obama. Qalacaqdım Elbrus elində. Evin tək oğlu olduğum üçün qayıtdım. Burda isə mənə uyğun iş yoxdur. Heykəl düzəltmək xaricdə sənət sayılır, bizdə isə bütpərəstliyin təbliği. İnsan əksi çəkmək, məscidlərin divarlarına bəzək vermək qadağandır. Allah ömrünüzü uzun eləsin ki, məni bu mənsəbə qoydunuz. Ümidlərim artdı.

– Nə etmək fikrin var – heykəl düzəltmək, yoxsa şəkil çəkmək?

– Şahım, məmləkətdə hakimi-mütləq sizsiniz. Siz nə əmr etsəniz, o da qanuni sayılır. Hər bir məmləkət öz şahının şah əsəridir. Əsrlərə isə o şahın ucaltdığı malikanələr, məscidlər qalır.

– Tələsmə, Təbərxan. Hər şey yavaş-yavaş öz yerini tapacaq. O dediyin arabaların dalıyca adam göndər gətirsinlər. Məscidin tikintisində də işin çoxdur. Unutma, məscid iki minarəli olmalıdır.

– Əmr edərsiniz, şahım. Demək olar ki, məsciddə müəyyən işlər görülüb. Yəqin tez bir zamanda başa çatdırarıq. Sonra isə ehsan evlərinin tikintisinə başlayacağıq.

– Ona ehtiyac yoxdur. Yalnız məscid.

– Əmr edərsiniz, şahım. Amma şahımın bir fikrini xüsusən bilmək istərdim. Məmləkətdə digər din mənsubları da yaşayır. Əcnəbilər də gəlir. Şahımızın gələcəkdə kilsə və ya senaqoq tikdirmək fikri varmı?

– Təbərxan, sən çox uzağa getdin. Qayıt kəndinə. Məsciddir, kilsədir, senaqoqdur – bunların hamısı Allah evidir. Kim istəyir məscidə girsin, öz dininə uyğun da Allaha ibadət etsin. Onlara mane olan var?

– Var, şahım. Digər din mənsubları məscidə buraxılmırlar. Amma kilsəyə, senaqoqa hər kəs girə bilər.

– Yadıma sal, cümə namazında mollaları başa salım.

– Düzünü siz bilirsiniz, şahım, – deyə Təbərxan təzim edib otaqdan çıxır.

 

***

 

Hərəmxana. Şah xalçanın üstündə mütəkkələrə dirsəklənib. Dörd gözəl hərəm onu əhatəyə alıb. O biriləri növbəylə fəvvarənin ətrafında rəqs edirlər. Karine isə yenə pəncərənin qarşısında oturub eşiyə baxır. Üzündən kədər yağır. Şahın gözü rəqs edənlərdə olsa da fikri İtbaşının yanındadır: Aslan gəlib çıxsaydı bütün şübhələrimə son qoyulardı. Deməli, şair Abumahir Barəngahı üzdən tanıyır. Axır ki, İtbaşı tora düşdü. Barəngah olduğunu boynuna almasa onları üzləşdirərəm, söhbət də bitər. Abumahir də bilikli, dünyagörmüş adamdır. Onda çox sirlər yatır. Bəlkə onu saray şairi edim. Amma inanmıram gələ. Birinci gələn şair isə... bax o əsl saray şairliyinə layiqdir. Nahaq uzaqlaşdırdım onu. Hərdən gərək çağırım, kefimi açsın. Amma onda gərək meyə sarayda qadağa qoymayım. Yox. Olmaz. Ya gərək bütün qadağaları götürəm, ya da... Gör nələri fikirləşirəm e... mən şaham e, şah. Dövlət işləri qalıb bir yanda, mey, nəşə, fahişə haqda düşünürəm. Məşğul olacağım işləri isə atmışam əyanların boynuna. Hətta Aslan da öz işinin başında deyil. Yetimxanayla məşğuldur. Bu İtbaşı lap məni çaş-baş saldı. Gül kimi şahlığımı edirdim də... Çox maraqlı idi. İndi isə ruhum ölüb, onu diriltməklə məşğulam. Həqiqətən də bütləşmişəm. Hərəmxana da eynimi açmır. Hərəmlərin arasında bircə Karine xoşuma gəlir, o da üzünü çevirib pəncərədən eşiyə baxır. Sanki hərəmxanaya şah yox, xacə Dümbələk gəlib. Qorxmur məndən. Niyə də qorxsun ki? Nə deyirəm edir də... Amma əndamıyanmış çox gözəldir. Görəsən Karine adının mənası nədir?

Şah birdən ayağa qalxdı. Barmağıyla Karineni işarə verərək hərəmxananı tərk etdi. Şahın yataq otağı. Karine içəri girir. Şah yatağına uzanıb.

– Gəl uzan yanımda, – deyə şah amiranə şəkildə dilləndi. Karine lüt soyunub şahın yanında uzandı. İpək örtüyü üstünə çəkdi. İri gözlərini şaha dikdi, – Karine. Qəribə adın var. Mənası nədir?

– Latın dilində mənası uzaqgörən deməkdir, şahım.

– Bəs özün necə, adına layiqsənmi?

– Bəli, şahım.

– Çox inamla dedin.

– Bəli, şahım! – deyə Karine daha qətiyyətlə səsləndi.

– Məsəlçün.

– Mən sizə oğlan uşağı doğacağam və baş hərəminiz olacağam.

– Nə gözəl, nə gözəl. Heyf ki, şahbanu ola bilməyəcəksən. O mənsəbi ləğv elədim.

– Qərarınızı alqışlayıram, şahım. Şahın arvadı olmamalıdır.

– Bərəkallah. Sən hardan bilirsən bunu?

– Şahlar heç vaxt evlənməzlər. Sadəcə hərəmxanası olar. Uzağı-uzağı fərqləndirdiyi hərəmi baş hərəm təyin edər. Vəssalam. Ona görə siz təksiniz. Biz rəiyyət üçün həm şahsınız, həm də şahım.

– Sözündən belə çıxır ki, mən həm kişiyəm, həm də qadın?

– Ormanların şahıyla bağlı belə bir misal var: aslanın erkəyi-dişisi olmaz. İstər şah kişi olsun, istərsə qadın – həm şahdır, həm şahım.

– Harda görmüsən ki, şah qadın ola?

– Bir çox məmləkətdə kral, imperator qadın olur, şahım. O cümlədən mənim yaşadığım məmləkətdə də... Digər dinlər buna icazə verir. Yalnız İslam qadınlara yuxarıdan aşağı baxır.

– Yəqin inanmır.

– Xeyr, şahım. Sadəcə qorxur.

– Nədən qorxacaq ki?

– Çünki qadınlar kişilərdən ağıllıdırlar.

– İnanmıram, – deyə Göyverən şaqqanaq çəkib gülməyə başladı.

– Şahım, bəs Həqqi Şah niyə hərəmxananı ləğv eləmişdi? Niyə saraya bir qadın da buraxmırdı?

– Yox, hərəm, burda yanıldın, – deyə şah ciddi görkəm aldı, – Tam başqa səbəblərə görəydi Həqqi Şahın məsələsi. Sübut edə bilmədin fikrini.

– Şahım, vaxt gələr sübut edərəm. Hələlik bir sualıma cavab verin: şahbanu mənsəbini niyə ləğv etdiniz? Amma deməyin ki, arvadın ağıllı olmağından, dövlət işinə başını soxmasından qorxaraq.

– Əsla. Sadəcə baş vəzir məsləhət gördü. Mən isə bunu məqbul saydım.

– Baş vəzir bu cür təklif veribsə, deməli çox ağıllı adamdır.

– Hardan bildin?

– Əsas rəqibini vaxtında aradan götürüb. Özü də qansız-qadasız, – deyə Karine gülümsədi.

– Amma demə ki, şah arvadı – şahbanu olmaq istəməzdin.

– Xeyr, şahım. Heç xəyalımda da yoxdur.

– Niyə? – şah təəccüblə soruşdu.

– Şahbanu nə böyük mənsəbdir ki, hələ bir arzu da edim? Sarayda nəinki şahbanudan, şahdan da böyük mənsəb var.

Şah fikrə getdi: burda deyiblər e... suyun lal axanı, adamın yerə baxanı. Dinmirdi, danışmırdı, indi isə bülbül kimi ötür. Söz çatdıra bilmirəm buna. Görəsən şahdan böyük kimdir ki? Vəliəhd? Taxt-tacın gələcək sahibi? Yəni ki, bunun gələcək uşağı?

– Kimdir ki, məndən böyük, Karine? Göstər görüm?

– İndi yoxdur. Amma nə vaxtsa olacaq.

– Nədir mənim mənsəbimdən böyük olan o mənsəb? Vəliəhdmi? – deyə şah şaqqanaq çəkib güldü.

– Vəliəhd də deyil. Şahım, yalançı çıxmaq istəməzdim yanınızda. Çünki hazırda yoxdur bu mənsəb. Amma adımalayiq bir uzaqgörən kimi deyirəm: hökmən olacaq həmin gün. Zamana ehtiyac var, – deyə Karine gözlərini oynadaraq güldü.

– Deyirdilər ki, qız uşaqları yaman şeytan olur. Amma görməmişdim. Ay şeytan, yaman zarafatcılsan. Yəqin zarafat edirsən. Bax, mən şaham. İndi de və mən bir hökmümlə yaradım o mənsəbi.

– Heç bir şah istəməz özündən böyük mənsəb olsun sarayda.

– Niyə ki? Yaradaram, sonra da özümü təyin edərəm o mənsəbə.

Karine güldü. Arxası üstə çevrilib gözlərini tavana dikdi. Yenidən qəmli görkəm aldı.

– Özündən danış, Karine. Kimsən? Hardan gəlmisən? Bura necə düşmüsən?

– Kaminat şahlığındanam. Əsir götürdülər. Gördülər ki, gözələm, bakirəyəm və məni sizə hədiyyə olaraq gətirib qatdılar hərəmxanaya.

– Atan-anan kimdir? Ailən varmı?

– Şahım, mənim atam, anam, ailəm – hamısı tək sizsiniz. Mənim indi sizdən başqa heç kimim yoxdur. Mən yalnız sizə məxsusam.

– Yaman darıxıram, Karine.

– Mən olan yerdə şahım heç vaxt darıxmaz. Nə vaxtsa şahıma oğlan uşağı bəxş edəcəyəm. Ondan sonra heç darıxmayacaq.

– Yenə öncəgörənliyin tutdu? Bəlkə heç olmadı. Yaxud da qız oldu. Onda nə deyəcəksən?

– Şahım, oğlan olacaq. Əminliklə deyirəm.

– Görək dediyin olacaqmı? Hələlik isə saraydakı sıxıntılardan qurtulmaq üçün istəyirəm səyahətə çıxam – Elbrus elinə.

– Mən də darıxıram öz el-obamçun.

– İndi nə deyirsən? Buraxım səni gedəsən?

– Əsla. Bayaq dedim axı. Mənim sizdən başqa heç kimim yoxdur. Tək ümidim, gələcəyim sizsiniz.

– Bəs onda niyə dedin darıxıram?

– Şahım, adam öz el-obasından uzaq düşəndə darıxar. Siz isə öz vətəninizdəsiniz. O ki, qaldı səyahətə... boş şeydir. Şahlar heç vaxt səyahət etməzlər. Müharibə edib zəbt edərlər. Sonra isə öz torpağı kimi ora qədəm basarlar.

– İndi deyirsən şahlar heç vaxt dostluq edə bilməz?

– Xeyr, şahım. Ya da, işin düşməlidir ki, gedəsən. Sizin də, maşallah xəzinəniz aşıb-daşır. Məmləkətinizin hüdudları görsənmir.

– Belə çıxır ki, mən Elbrus elini görmək üçün hökmən müharibə elan etməliyəm?

– Bəli, şahım. Elbrus imperatorluqdur, yəni şahənşah dayanır başında. Onlar üçün Həqq dövləti xırda bir məmləkət də yox, sanki bir kənddir. Sizi layiqincə qəbul etməyəcəklər, hörmət göstərməyəcəklər. İstəməzdim mənim şahımı hansısa imperator aşağılasın. Ora zəngin dövlətdir. Vara, dövlətə hörmət eləmirlər. Hər şeyləri var. Onlar ancaq gücə hörmət edirlər. Onlarla yalnız güc dilində danışmaq mümkündür. Bir də... siz şahsınız, şahənşah deyilsiniz.

– Nə fərqi var ki? Özün dediyin kimi məmləkətimin hüdudları görsənmir.

– Şahım, siz Karzat Şahı diz çökdürdünüz. Eləmi?

– Elədir.

– Özünü, baş vəzirini, saray əhlini əsir alıb, edam etdirdiniz. Torpaqlarını da öz torpaqlarınıza qatıb yüz valilikdən birinə çevirdiniz. Adını isə Göyverən valiliyi qoydunuz. Eləmi?

– Elədir.

– Amma şahənşahlar, imperatorlar belə etmir. Məmləkətləri zəbt edirlər. Amma şahlarına əl dəymirlər. Həmin şahı öz təbəəsinə çevirib, qarşılarında diz çökdürürlər. El dilində desək şahın şahı olurlar.

– Necə ki, mən Kaminat Şahın yerinə gələn Qaflanın şahıyam.

– Qaflan Şah xaindir. O öz şahının sadəlövhlüyündən istifadə edib taxt-tacı ələ keçirdi. Düzdür, siz Kaminat şahlığına müharibə elan etdiniz. Bir-iki valiliyini viran da qoydunuz. Amma sonda Qaflan Şahın sizin təbəəniz olduğunu xalqın qabağında bəyan etmədiniz. O torpaqlara heç ayaq da basmamısınız. Həmin xalq sizə yox, Qaflana “şahım” deyir. Kaminat Şah isə çox başıaşağı, sakit şah idi. Sizə beləsi lazım idi, Qaflan kimi hiyləgər, məkrli birisi yox. Elələri sabah başqasıyla birləşər, sizə meydan oxuyar.

“Deməli, şahənşah olmalıyam. İtbaşı da deyirdi ki, şahlar şahı olmalısan” deyə Göyverən Şah düşündü.

– Sən zənən xeylağı hardan bilirsən bunları?

– Kitablardan oxumuşam, şahım. Mənim məmləkətimdə qızlara da təhsil verirlər. Şahım, sizin məmləkətdə kitabxana varmı?

– Sarayda var. Amma orda çox az olmuşam.

– Mənə icazə verərsinizmi ora gedim?

– Əlbəttə. Amma mənim həvəsim yoxdur kitab oxumağa.

– Əslində şahın məsləhətçiləri ağıllı, bilikli olmalıdırlar. Onlar öz tövsiyyələrini verməli, şah isə düzgün nəticə çıxarıb, əmr verməlidir. Ya da, baş vəzirə tapşırmalıdır hər şeyi. Amma bütün hallarda müharibə elan etmək şahın müstəsna səlahiyyətidir.

– İndi sən nə deyirsən? Sakit həyatı pozub müharibəmi elan edək?

– Əsla, şahım. Sadəcə öz bildiklərimi bölüşdüm. Sabah Elbrus imperatoru həmin Qaflan Şahı məğlub edib, onun məmləkətini zəbt etsə, sonra da gözünü biz tərəfə çevirsə, bu dediklərimin bir mənası olmayacaq.

– Bu vaxtacan Elbrus imperatoru bizləri tanımadı. Bundan sonra niyə tanımalıdır ki?

– Şahım, arı pətəyə gələr. Əvvəllər xəzinədə bu qədər qızıl yox idi. İndi isə qızıl o qədər çoxdur ki, cingiltisi uzaqlara gedib çıxa bilər.

– Anlamadım. Bunu sən hardan bilirsən?

Karine susdu. Saçlarını dağıtdı. Dirsəklənib şaha tərəf çöndü. Alov kimi yandıran baxışlarını ona zillədi. İpək örtük sürüşüb çiynindən düşdü. Mərmər sinəsi şam işığında parıldadı. Şah alışmadığı mənzərəni görən kimi hər şeyi unutdu. Dodaqları qurudu. Ehtirasdan bədəni titrəməyə başladı.

 

 

***

 

Səhərdir. Şah taxtında oturub. Karine hərəmxanaya dönüb.

– Eşikağası! – deyə şah çağırır.

– Bəli, şahım, – eşikağası otağa girib təzim edir.

– Təbərxanı çağır bura.

– Başüstə, şahım.

Bir az keçir Təbərxan gəlir.

– Təbərxan, şair Abumahirin evinin yerini öyrən.

– Başüstə, şahım, – deyib Təbərxan gedir.

 

***

 

Axşamdır. Hava qaralıb. Şah Təbərxanla dərviş libası geyinib paytaxtın dar küçələriylə addımlayırlar. Qabaqda iki ailə gedir. Yanlarında da balaca uşaqlar. Dəbdəbəli evlərə paxıllıqla baxırlar. Hasarın o tayından gülüş səsləri gəlir. Yeməyin iyi ətrafa yayılıb. Uşaqlar hər evin qabağında dayanır, “dədəm gətirib, nənəm bişirib, mən yemişəm” deyərək yollarına davam edirlər.

– Şahım, bilirsinizmi bunlar kimdir? – deyə Təbərxan soruşdu.

– Kimdirlər? – deyə şah özünü bilməməzliyə vurur.

– Qara camaatdır, şahım. Acdırlar. Həm qarınları acdır, həm də gözləri.

– Qəribə söz danışırsan, Təbərxan. Qarın acdırsa, göz də ac olmalıdır.

– Şahım, eləsi var ki, hər şeyi var. Amma gözü heç doymur.

– Belələrinin gözünü ancaq torpaq doyura bilər.

– Haqlısız, şahım.

Nəhayət şair Abumahirin evinə çatıb, qapını döyürlər. Övrəti səsə çıxır. Onları içəri dəvət edir.

– Xoş gəlmisən, ay şah, – deyə Abumahir şahı salamlayır, – Qədəmlərin mübarək. Dərviş paltarın da...

– Heç kimin xəbəri yoxdur gəlməyimdən. Belə məsləhət bildim, – deyə şah işarət barmağını şaquli vəziyyətdə dodaqlarına yaxınlaşdırır.

– Düz eləmisən.

Ortalığa şərbət, mer-meyvə gəlir.

– Nuş eləyin, şahım.

– Ay şair, keçən dəfə məni lap məyus etdin. Mən, atam Həqqi Şah kimi adil və ədalətli olmaq istəyirəm. Sən isə bütün ümidlərimi qırdın. Amma vaxt olmadı ki, əsaslandırasan. Gəldim ki, ətraflı söhbət edək.

– Ay şah, rəhmli, ədalətli olsan dövlət dağılar. Çünki məmləkətdə hamı ağıllı deyil. Əksəriyyət idarə olunmağa meyllidir. Onları da xırda bir qisim ağıllı idarə edir. Özü də yalnız yumruq gücünə. Yumruq beş barmağın birləşməsindən yaranır. Şah qətiyyətsiz, rəhmli olanda yumruq açılır. Beş barmağı saymaq asanlaşır. Və sonda barmaqlar ayrı-ayrılıqda qırılıb qırağa atılır. Sən atan Həqqi Şaha baxma. O bir təbərrik idi. Keçən dəfə sənə demişdim axı, vəliəhd o deyildi, Barəngah adlı kiçik qardaşıydı. Nə baş verdisə, bilmirəm – Barəngah yoxa çıxdı. Həqqi taxt-tacın sahibi oldu. Məmləkəti isə baş vəzir Qurban idarə edirdi, Həqqi yox. Gəl sənə bir rəvayət danışım, qulaq as. Ondan sonra özün nəticə çıxart.

– Eşidirəm, şair.

– Qədim zamanlarda bir şah varmış. Böyük bir məmləkətin şahıymış. Bütün işləri də qaydasında gedirmiş. Günlərin bir günü:

“Saray. Şah öz taxtında oturub. Ətrafında fərraşlar. Baş vəzir, vəzir, vəkil, əyanlar da başlarını aşağı salıb, dinməzcə durublar. Şah fikrə dalıb. Birdən:

– Adı nədir onun?

– İbrahim, – deyə baş vəzir cavab verir.

– Silahlıdır?

– Xeyr, şah sağ olsun.

– Başına qoşun yığır?

– Xeyr, şah sağ olsun.

– Bəlkə, məmləkətimin, taxt-tacımın əleyhinə nəsə hədyanlar yağdırır?

– Xeyr, şah sağ olsun.

– Cadugərdir onda.

– O da yox.

– Bəs nə? Nədir axı sizi qorxudan ki, üstümə qaçmısız.

–Bilmirik, şah sağ olsun. Qonşu məmləkətdən namə gəlib. Yazırlar ki, “İbrahimdən axır ki, canımızı qurtardıq. Hüdudlarımızacan təqib elədik. O da keçdi siz tərəfə. Bizdən deməkdir – ehtiyatlı olun. Çox təhlükəli adamdır”.

– Nədir axı, bunun təhlükəsi?

– Başqa heç nə yazmırlar.

– Bəs təhlükəliydisə niyə edam etməyiblər?

– Elə bunu bacarmadıqlarına görə təhlükəlidir, şah sağ olsun. İbrahimə toxunmaq mümkün deyil.

– Heç nə anlamadım. Amma elə buna görə maraqlı oldu. Qoy gəlsin. Görək onun cəzasız xətası nədir. Mən onunçün qonşu məmləkətin padşahı deyiləm. Mənim qorxumdan göydə uçan quş da qanad salar. Bu məmləkətdə nə dedim, o da olmalıdır. Yoxsa ki, durub bir İbrahimdən qorxsam, day mənə niyə şah desinlər ki? Hardadır indi o məlun?

– Torpağımızı kənd-kənd, şəhər-şəhər gəzərək paytaxta gəlir. Hamısında da yəqin öz sehrini yayır, şahım.

– Bəs hakimlər, qazilər, valilər nəylə məşğuldurlar? Gərək hökmən paytaxta gəlib çıxsın, sonra? Hər şeyə mən qərar verməliyəm?

– Hamısına namə göndərmişik. Cavab gəlib ki, heç nə edə bilmirik İbrahimə. Nə həbs etmək mümkündür, nə də boynunu vurdurmaq.

– Qəribə işə düşdük də... Dövlət işləri qalıb bir yanda, şah işini-gücünü buraxıb hansısa İbrahim haqqında düşünməlidir.

Ortaya sükut çökür. Şah fikrə gedir. Saray əyanları da başlarını aşağı salıb guya ki, fikirləşirlər. Bu an çaparlardan biri sarayın həyətinə daxil olur. Tezcə şahın hüzuruna gələrək təzim edir.

– Qibleyi-aləm, İbrahim paytaxta daxil oldu.

– Nə? Vacib xəbər budur? Yox. Ya siz məndən nəsə gizlədirsiniz, ya da bu İbrahim doğrudan da təhlükəli adamdır.

– Şah sağ olsun, tutub gətirəkmi saraya?

– Nə edib?

– Heç nə.

– Bəs onda nə səbəb göstərəcəksiniz həbsinə? Siz məni rəiyyət arasında biabır etmək istəyirsiniz? Məmləkətimdə qanunlar var. Hamı qanunlara tabedir. O cümlədən mən, şahzadələr, siz vəzir-əyanlar. Məni el içində xar etmək istəyirsiniz? Xalq nə deyər? Deməzmi ki, təqsiri olmayan bir adamı tutub apardılar? Qoy yaşasın. Özünü pis aparsa, qazi var, hakim var. Cəzasını da onlar verərlər.

– Başüstə, qibleyi-aləm.

Şah yenidən fikrə gedir: yox, bəlkə düz deyirlər? Xatalı adamdır bəlkə bu İbrahim. Vaxtında tədbir görülməsə sonra gec olar. Dərviş paltarı geyinib gecə çıxaram şəhərə. Onu gözümlə görsəm yaxşıdır.

– Hamınız azadsınız. Vəzir, sən qal.

– Başüstə, qibleyi-aləm.

Hamı çıxdıqdan sonra:

– Vəzir, öyrən o İbrahimin qaldığı evi. Gecə libasımızı dəyişib ziyarətinə gedəcəyik. Görək bu necə adamdır.

Gecədir. Şahla baş vəzir dərviş qiyafətində gəlib çıxırlar İbrahimin gecələdiyi komanın yanına. Qapısını döyürlər.

– Qapı açıqdır. Gəlin.

– Salam, – deyə şah baş vəzirlə içəri girir.

– Buyurun, xoş gəlmisiniz. Deyəsən, uzaq yol sizi əməllicə təntidib.

– Hardan bildiz? – deyə şah soruşur.

– Geyiminizdən. Özü də dünyagörmüş adama oxşayırsınız, həm də zamanımızın dərvişlərinə.

– Düz tapdız. Kənd-kənd gəzib haqq saydığımız təriqətimizi yayırıq, təbliğ edirik. Siz bu şəhərdə çoxdan yaşayırsınız?

– Yox, elə mən də bir növ sizin kimi dərvişəm. Amma heç bir dini, elmi, şeiri yaymaq fikrim yoxdur. Sadəcə, hamı kimi yaşamaq istəyirəm. Amma hara gedirəmsə bir aydan artıq qalmağa qoymurlar. Didərgin salırlar məni. Bilmirəm nə etmişəm bu insanlara. Daha doğrusu, saray əyanlarına. İndi də bu məmləkətə gəlmişəm. Deyirlər şahı çox adil insandır. Görüm bəxtim gətirsə, gördüyünüz komada qalıb yaşayacağam. Ta ömrümün axırınacan.

– Kimə nə etmisən ki, elə hey sürgün edirlər səni? – deyə şah soruşdu.

– Heç kimə heç nə etməmişəm. Amma hara gedirəmsə şahzadələrin, saray əyanlarının gözü götürmür məni. Mən kim, onlar kim. Mən adi, səfil bir adamam. Amma nədənsə onların qəzəbinə tuş gəlirəm.

Şah vəzirə baxır. Vəzir çarəsiz adam kimi başını aşağı salır. Şah isə suallara cavab axtarır.

– Axı bir şey eləməsən kimin nə haqqıdır ki, sənə nəsə deyə. Məsələn, bizi təriqətimizi yaydığımıza görə, bərabərlik, doğmalıq, şah və nökərin eyni soydan olduğunu təbliğ etdiyimizə görə qovurlar. Bəs sən nə edirsən?

– Yox, mən belə bir şey etsəydim zindana salardılar, edam edərdilər. Amma heç kim mənə heç nə etmir. Sadəcə qovurlar. Bu şəhərdən o biri şəhərə, bir məmləkətdən o biri məmləkətə. Beləcə sərgərdan həyatı yaşayıram. Yəqin ac olarsınız, – deyib, İbrahim ayağa durur. Boğçasını gətirib açır. Lavaş, pendir, göy soğanı ortaya qoyur. Lavaşdan qoparır. Arasına pendirlə soğan qoyaraq iki dənə dürmək düzəldir. Birini şaha, o birini baş vəzirə verir. Dolçada su gətirib bardaqlara tökür.

– Kasıbın olanından. Nuş edin. Görüm sabah nə iş tapıram. Gələn dəfə gəlsəniz yəqin sizi başqa cür qonaq edərəm.

– Əlindən nə iş gəlir?

– Heç nə. Bir yerdə dura bilirəm ki, sənət də öyrənim?

– Bəs nəylə dolanırsan?

– Xalq sağ olsun, onlar dolandırır. Biri çörək gətirir, biri su. Hərənin gücü nəyə çatdığından. Bu daxmanı da birisi verib mənə yaşamaq üçün. Hara gedirəmsə çox istəyir camaat məni.

– Axı nəyə görə?

– Heç özüm də bilmirəm. Yaxşı, səhər açılır. Siz dincəlin, uzun yol gəlmisiniz. Mənim isə işim var, getməliyəm. Hə, yadımdan çıxdı. Adım İbrahimdir – Gözəl İbrahim. “Gözəl” ləqəbini də xalq verib mənə. Xudahafiz.

İbrahim evdən çıxır. Şah vəzirə:

– Bəs bu hara getdi səhər erkən? Özü deyir ki, iş-güc sahibi deyiləm. Amma hamıdan qabaq “iş-güc” dalıyca qaçır. Bəlkə arxasınca gedək?

– Yox, şahım, dan yeri sökülür. Saraya qayıtmağımız məsləhətdir. Bu İbrahim ya axmaq, ya da dəhşətli dərəcədə ağıllı adamdır. Əgər məsləhət bilsəniz, nəzarət təyin edək. Nə olsa gəlib çatdırarlar. Bundan daha vacib dövlət işləri var.

Saray. Günortaya yaxın carçılar bir-birinin dalıyca saraya axışırlar:

– Şah sağ olsun, İbrahim bütün şəhəri başına alıb. Hamını səhər tezdən, dan yeri qızarmamış Mehirxan dağına çağırır.

– Niyə?

– Bilmirik. Hamıya deyir ki, vacib sözüm var sizlərə.

– Nə söz?

– Bilmirik.

– Nəzarət eləyin. Görün nə oyun çıxarır bu İbrahim.

– Şahım, İbrahim yox, Gözəl İbrahim. Xalq onu Gözəl İbrahim deyə çağırır.

– Yaxşı, gedin! Vəzir, sən isə qal!

– Başüstə, qibleyi-aləm.

Hamı otaqdan çıxır.

– Vəzir, bəlkə dərviş paltarı geyinib ora gedək?

– Qətiyyən, şahım. Şərəfləndirmiş olarsınız o səfili. Yəqin nəsə sarsaqlayacaq. Buna görə dəyməz ora getməyə. Tapşırmışam. Nə olsa gəlib çatdıracaqlar.

Ertəsi gün. Yenidən saray. Sakitlik hökm sürür. Şah İbrahimin gəldiyi qonşu məmləkətə vəzir səviyyəsində elçi göndərmək üçün məsləhətləşməyə qərar verib. Birdən sarayın önündə hay-küy qopur. Baş vəzir tez eyvana çıxır. Geri qayıdıb təlaşla qışqırır:

– Üsyan, şahım, üsyan. Camaat saraya hücuma keçib. Mühafizlər qabaqlarını güclə alırlar. Çoxdurlar, şahım. Əsgərləri köməyə çağırmaq lazımdır.

– Axı niyə üsyan edirlər? Tələbləri nədir?

– Bilmirəm, şahım. Amma gözləri qızıb, – şah eyvana çıxmaq istəyir, – Yox, şahım, çıxmayın, qorxuludur.

– Əllərində silah var?

– Yox.

– Daş atırlar?

– Yox.

– Bəs əllərində nə var?

– Gül. Hərəsi əlində bir dənə gül tutub.

– Nə?

– Gül.

– Çəkilin! – deyib şah eyvana çıxır və saraya hücum çəkən əhaliyə səslənir.

– Ay camaat, nə olub?

– Sən kimsən? – deyə kütlədən biri qabağa çıxır, – Bizə şah lazımdır. Onu görmək istəyirik.

Şah qəzəbini boğaraq:

– Mən şahınızam.

– Əgər şah sənsənsə, əmr ver bizi saraya buraxsınlar. Sənə vacib sözümüz var.

– Buraxın onları. Hamısını buraxın, – deyə şah qəzəblə əmr verir. İlk dəfəydi ki, onun şah olmağına inanmamışdılar. Bu onun qüruruna toxunmuşdu.

Saray əyanları etiraz edib, bunun təhlükəli olduğunu söyləsələr də, şahı fikrindən döndərə bilmirlər. Camaat saraya doluşaraq gəlib onun hüzurunda dayanır. Baş əymirlər. Gözlərini heyranlıqla şahın gözlərinə dikib dururlar.

– Buyurun, nə sözünüz var? Kim sizə haqsızlıq edib ki, belə qeyzlənmisiniz. Deyin, cəzasını verim.

Əslində, şah mühafizlərinə adi bir yanlışlığa görə gələnlərin hamısını qılıncdan keçirtməyi əmr etmişdi. Birincisi ona görə ki, itaətsizlik etmişdilər. Ən əsası isə onun şah olmasına inanmamışdılar və bu saray əyanları tərəfindən gülümsəməklə və xəlvəti zövq almaqla qarşılanmışdı.

– Heç kim, qibleyi-aləm.

– Bəs bu nə hücumdur çəkirsiz saraya? Qorxmursunuz ki, qanunu, asayişi pozduğunuza görə kəlləniz gedər?

– Yox, şahım. Biz gəlmişik ki, sizə ürək sözümüzü deyək.

– Deyin! Qorxmayın! Xalqımın xətrinə dəyəni gözünüzün önündə edam elətdirərəm, – deyə şah gülümsəyən əyanlarına baxdı. Onlar özlərini tez yığışdırıb başlarını aşağı saldılar.

Camaatın içindən ən yaşlısı irəli çıxaraq şaha yaxınlaşır. Əlindəki gülü ona verib, – Şahım, mən səni çox sevirəm, – deyir və saraydan çıxır.

Onun arxasınca bir başqası şaha yaxınlaşır. Gülü təqdim edərək o da, – Şahım, mən səni çox sevirəm, – deyir.

Şah və bütün saray əhli bir-birinə mat-məəttəl baxaraq nə baş verdiyini anlamaq istəyir. Amma heyrətdən donub qəribə mənzərəni seyr edirlər. Beləcə, saraya hücum edən yüzlərlə insan bir-bir şaha yaxınlaşır, ona gül təqdim edir, “şahım, mən səni çox sevirəm” deyib, çıxır gedir. Şah isə gördüyü mənzərədən xoşhal olaraq, heyrətindən gül-çiçək selinin içində yerindən tərpənmir. Handan-hana:

– Vəzir, bu nə idi?

– Baş açmadım, şahım. Vaxt verin araşdırım.

Bir müddətdən sonra Gözəl İbrahimə göz qoyanlardan biri çaparaq saraya yaxınlaşır. Şahın önünə gəlir, təzim edir.

– Anlat görüm Gözəl İbrahim şəhərdə nə edir?

– Şahım, səhər tezdən Gözəl İbrahim Mehirxan dağının ətəyinə çıxdı. Əhali də ora axışmağa başladı. Üç yüz nəfər olardı. Gözəl İbrahim üzünü onlara tutub dedi: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

– Elə bu?

– Bəli, şahım.

– Bəs camaat onu daşa basmadı? “Bizi işimizdən-gücümüzdən avara edib buna görəmi bura çağırmısan” demədi?

– Əksinə… dedilər ki, biz şahımızı çox sevirik. Adil bir hökmdardır. Amma illər öncə taxta çıxanda görmüşdük üzünü. İndi qarşımıza çıxsa tanımarıq.

– Gözəl İbrahim nə cavab verdi?

– Gözəl İbrahim cavab verdi ki, bəs bilmirsiniz şah harda yaşayır? Sarayı tanımırsınız? Hərəniz əlinizə bir gül alıb, gedin ora. Ürək sözünüzü özünə deyin. Camaat da ordan axışdı saraya.

– Nə gözəl. Bu İbrahim nə müdrik adammış. Xalqımın gözündə bir qədər də qaldırdı məni. Bircə cümləsiylə. Necə dedi?

– “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

– Vəzir, yaz İbrahimin sözlərini. Qiymətli fikirdir. Siz də deyirdiniz ki, xatalı adamdır. Burda xatalı nə var ki? “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Görəsən hardan öyrənib bu sözləri? Mən ilk dəfədir ki, eşidirəm. Vəzir, sən necə?

– Mən də, qibleyi-aləm.

– İşiniz olmasın Gözəl İbrahimlə. Qoy necə istəyir, öz həyatını yaşasın.

Ertəsi gün “Şah sağ olsun!”, “Şahımıza uzun ömür!” sədaları şahı yuxudan hövlnak oyatdı. Əsəbi halı ruhi sakitçiliklə əvəzlənənə qədər yerindən tərpənmədi. Daha sonra eyvana çıxıb sarayın qabağında əllərində gül tutmuş yüzlərlə insanın toplaşdığını gördü. Onlara əl elədi. “Şahımız, sizə sözümüz var. Bizi qəbul elə” deyə kütlə yerbəyerdən səsləndi. Şah tezcə taxtına oturub camaatı saraya buraxmağı əmr etdi. İnsanlar taxtın qarşısına gəlib heyranlıqla ona tamaşa eləməyə başladılar. Qəfildən biri irəli çıxıb əlindəki gülü şaha təqdim edərək “şahım, mən səni çox sevirəm” deyib, sarayı tərk etdi. Digərləri də bir-bir şaha yaxınlaşaraq, gül verib eyni sözləri təkrar edir, saraydan uzaqlaşırdılar. Taxt gül-çiçəyin içində görünməz oldu. Şah fərəhindən yerə-göyə sığmırdı. Az sonra Gözəl İbrahimə qoşduqları nəzarətçilərdən biri gəlib çıxdı:

– Bu gün İbrahim nə edib?

– Şahım, heç nə. Dünənki kimi Mehirxan dağının ətəyinə çıxdı. Ancaq gələnlərin sayı dünənkindən çox idi. Yenə də eyni sözləri təkrar etdi: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

– Vəssalam?

– Vəssalam. Sonra camaat dağılışıb getdi.

– Bəs özü nə iş görür?

– Heç nə, şahım. Hara gedirsə, ayağa dururlar. Xurcununa pay qoyurlar. Pay deyəndə ki, lavaş, pendir, soğan. O da şəhəri məhlə-məhlə dolaşır. İnsanlarla xoş söhbət edir. İnsanlar da ona ürəyini açır, məsləhət istəyirlər.

– Nə məsləhət?

– Biri deyir ki, arvadıyla yola getmir, o biri deyir qonşum pisdir. Elə-belə söhbətlər.

– Bəs o nə məsləhət verir?

– Bircə bunu deyir: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Bir də sizin ədalətli hökmdar olmağınız dilindən düşmür. Kimə yaxınlaşırsa, birinci sözü budur: “ay camaat, mən çox ölkə gəzmişəm, çox padşah görmüşəm. Beləsini görməmişəm. Siz çox xoşbəxt adamsınız ki, belə gözəl, adil hökmdarı olan məmləkətdə yaşayırsınız”.

– Lap yaxşı... Qoy gəzib-dolansın. Pis iş görmür ki? Yox. Onda nə deyə bilərik ona? Heç nə. Düz deyirəmmi, vəzir?

– Siz bilən məsləhətdir, qibleyi-aləm. Amma burda nəsə başqa bir əmma var.

– Açıq danış, vəzir!

– Bilmirəm, yəqin yavaş-yavaş hər şey aydınlaşar.

Ertəsi gün səhər erkən əhali sarayın önünə yığışır. Şah gələnlərin sayının artdığını görüb onları qəbul etmək üçün daha böyük həvəslə taxtına əyləşir. Əhali böyük heyranlıqla şahlarına baxır, heç bir təzim qaydalarına əməl etmədən bir-bir ona yaxınlaşır, gətirdikləri gülü verərək, “şahım, mən səni çox sevirəm” söyləyərək sarayı tərk edirlər. Şah bəlkə də ilk dəfə öz xalqını bu qədər sevməyə başlayır və öz-özünə “insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkiməyin” deyir.

– Vəzir, görürsən də xalqım məni necə çox sevir?

– Sevir, şahım. Amma...

– Nə amma. Bunun nə əmması var ki?

– Şahım, artıq üç gündür sarayda yalnız rəiyyəti qəbul edirik. Bütün dövlət işləri dayanıb. Bəlkə təxirə salaq bu görüşləri?

– Necə? Xalq gəlib öz məhəbbətini izhar etmək istəyəcək, mən isə onları qapımdan qovacağam? Bunumu istəyirsən?

– Xeyr, qibleyi-aləm. Sadəcə, belə davam edə bilməz. Hər gün Gözəl İbrahimin çağırışına qoşulanların sayı artmaqdadır. Belə getsə saraya gələnləri qəbul etmək üçün gərək gecəni də yatmayasınız.

– Qoy belə davam etsin. Yaxşı, hansı dövlət işləri var? De bir-bir gəlsinlər.

Qazi taxta yaxınlaşır. Təzim edir.

– Şahım, əmrinizə uyğun olaraq, hər həftənin bu günü sizin hüzurunuza gəlməliyəm. Verdiyim qərarlar barədə sizi məlumatlandırmaq, ölüm hökmlərinin təsdiqi üçün burdayam.

– Eşidirəm.

– Əhalidən xeyli şikayət vardı. Amma son üç gündə hamısı gəlib şikayətlərini geri götürdü.

– Anlamadım. İzahını ver.

– Biri qonşusundan şikayət vermişdi ki, bəs məni bütün günü təhqir edir. Araşdırdıq, dedikləri düz çıxdı. Saldıq zindana. Srağagün gəlib ki, bəs mən qonşumu bağışlayıram. Daha şikayətçi deyiləm. Şikayət etdiyi adama da bir dənə gül bağışlayaraq, “bütün insanlar bir-birini sevməlidir və bunu bir-birinə deməkdən çəkinməməlidir” deyib, gözümün qabağında qucaqlayıb öpdü. Mən də məcbur olub buraxdım onu.

– Burda pis nə var ki? Sonra!

– Biri şikayətə gəldi ki, bəs dükanından oğurluq olub. Fərraşları göndərib yaxaladıq oğrunu. Bircə dənə lavaş oğurlamışdı. Saldıq zindana. Dünən isə gəlib ki, bəs “buraxın onu, təqsir məndədir. Yaxınlaşdı ki, bəs acından ölürəm, mənə bir tikə çörək ver yeyim. Mən də söyüb qovdum onu. Amma indi bilmişəm ki, bütün insanlar bir-birini sevməlidir. Bir insan digərinin ac qalmasına göz yummamalıdır”. Bu gün istəyirdim oğurluq etdiyi sağ əlini camaatın gözü qabağında – meydanda vurdurum. Amma şikayət geri götürüldüyündən məcbur olub azad etdim.

– Ədalətli qərar vermisən. Sonra.

– Amma iki nəfər var. Dünəndən bəri qərar verə bilmirəm. Zina edib. Qonşunun nişanlı qızına sataşıb. Onu yoldan çıxarıb. Vaxtında xəbər tutub şikayət ediblər. İkisini də zindana saldırdım. Qanuna görə daş-qalaq olunmalıdırlar. Əlbəttə ki, siz şahımızın hökmündən sonra.

– Gətirin onları bura.

Cavan oğlanla qızı əli-qolu bağlı şahın hüzuruna gətirirlər. Oğlan diz çökərək yalvarmağa başlayır:

– Qibleyi-aləm, mənim günahım yoxdur. Uşaqlıqdan sevirəm bu qızı. Amma varı-dövləti çox olan bir qoca kişiyə nişanladılar. Mən də artıq dözə bilmədim. Onu sevdiyimi gizlətməyib özünə dedim. Demə, o da məni sevirmiş. Mənim məhəbbətimə sevgiylə cavab verdi. Nişanlısı hardansa xəbər tutub qaziyə şikayət etdi. Əgər bir günah etmişiksə, vurdurun boynumuzu.

– Şah sağ olsun, cəzaları məlumdur. Allah qarşısında böyük günah ediblər.

– Bu qızın o yaşlı adamla kəbini varmı?

– Yox. Amma ata-anası razılıq verib. El-oba bilir. Oğlanın ata-anası xəcalətdən küçəyə çıxa bilmirlər. Onlar da daş-qalaq cəzası tələb edirlər.

– Oğlan qıza nə deyib?

– Deyib ki, “mən səni sevirəm”. Qız da yoldan çıxıb, cavab verib ki, “mən də səni sevirəm”.

– Qazi, elə bu? Gündə yüzlərlə insan saraya gəlib mənə “şahım, mən səni çox sevirəm” deyir. Onda mən gərək onların hamısını edam elətdirim?

– Bu sevmək o sevməkdən deyil, şahım, – deyə qazi dillənir.

– Xalqım məni sevir, mən də onu. Bizi bir-birimizdən ayıra bilərsənmi?

– Kimin haqqı nədir ki, şahım! Amma qanunlar var. Biz bunları cəzalandırmasaq, digərləri də...

– Bəs onda mən niyə bu iki sevən gənci bir-birindən ayırmalıyam? Qətllərinə fərman verməliyəm? Vəzir, Gözəl İbrahimin bu barədə kəlamı var. Necədir?

– “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

– Qazi, gözəl sözlərdir, elə deyilmi?

– Düz buyurursunuz, şahım. Amma...

– Amması-zadı yoxdur. Bu iki gənci bağışlayıram. Böyük sevginin xatirinə.

Fərraşlar oğlanla qızın qandallarını açıb buraxırlar.

– Düz etdimmi, vəzir?

– Bəli, hökmdarım. Amma verdiyiniz qanunları özünüz də pozdunuz.

– Qanunları dəyişirəm. Artıq mənim məmləkətimdə sevgi azaddır. Qızı kiminsə var-dövlətinə satmaq cinayətdir.

– Onda gərək birinci saraydan başlayaq, hərəmxananı bağlayaq.

– Düz deyirsən, vəzir. Hərəmxanada əlli qadın var. Hamısına da təhsil, yüksək elm keçilib. Hərəsini bir kənddən, obadan ailəsindən ayırıb gətirib bura salmışıq. Qoy qayıtsınlar öz evlərinə. Rəiyyətimə yazıb-oxumağı öyrətsinlər.

– Bəs onda rəiyyətdən nə fərqimiz olacaq, şahım?

– Mənim əmrimə qarşı çıxırsan?

– Başüstə, hökmdarım.

Bu an Gözəl İbrahimi izləyənlərdən biri içəri girir. Taxta yaxınlaşıb, təzim edir:

– Gözəl İbrahim yenə tezdən dağın ətəyinə getdi. Ziyarətinə gələnlər dünənkindən çox idi. Yenə eyni sözləri təkrar etdi: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Sonra camaat dağılışdı. Gözəl İbrahim də şəhəri gəzib yenidən qayıtdı komasına.

– Komasında daha kimlər var?

– Heç kim. Təkcə özüdür.

– Bəs yanına kimlər gəlir?

– Heç kim, hökmdar.

– Yaxşı. Nəzəriniz üstündə olsun. Nə olsa xəbər verin. Görürsən, vəzir? Gözəl İbrahim sən deyən qədər də təhlükəli deyil.

– Hələ bilmək olmaz. Cəmi dörd gündür şəhərdədir.

Ertəsi gün şah yenidən səs-küyə yuxudan oyanır. Vəzir özünü hövllü yataq otağına salaraq:

– Şahım, üsyandır. Əhali əsgərlərə hücum edib nizə-qalxanlarını əllərindən alır. Tez sığınacağa düşün. Şahzadələr də artıq ordadır.

– Yaxşı, əsgərləri tərksilah ediblərsə, üsyandırsa, bəs onda hardadırlar? Niyə otağıma gəlmirlər? Niyə məni öldürmürlər? Çəkil! – şah vəziri kənara itələyib özü eyvana çıxır. Görür ki, bir kəndli yapışıb əsgərin nizəsindən. Əlindən almaq istəyir. O da müqavimət göstərir. Onlardan başqa gözə heç kim görsənmir.

– Ay bala, nə edirsən?

– Şahım, dünəndən paytaxtda izdivaca girənlərin sayı çoxalıb. Yığışıb elliklə onlara yurd salırıq, ev tikirik. Alətlərimiz isə çatışmır. Gəldik əsgərlərə dedik ki, biz sizi çox sevirik. Siz də bizi sevin. Müvəqqəti olaraq silahlarınızı bizə verin, lazımdır. Onlar isə imtina elədilər. Sonra başa düşəndə, özləri də əhaliyə qoşulub getdilər. Bircə bu qalıb. Nə qədər başa salıram, qanmır ki, qanmır.

– Neyləyirsiniz ki, silahı? Silah düşmənə qarşıdır, siz isə mənim sevimli rəiyyətimsiniz.

– Hökmdarım, dedim axı, alətlərimiz çatışmır. Torpaq da bərkdir. Nizənin iti ucuyla döyüb-döyüb yumşaldacağıq. Sonra torpağı qalxanın içinə doldurub daşıyacağıq. Palçıq tutmağa da yarıyır. Həmişəlik aparmırıq. Şahım, işi qurtaran kimi qaytaracağıq.

Nə deyəcəyini bilməyən şah üzünü vəzirə tərəf çevirir. O, çiyinlərini çəkir.

– Yaxşı, Allah xeyir versin. Tikin, yaradın. Nə köməklik lazım olsa, mənə xəbər edin.

– Allah ömrünüzü uzun eləsin, şahım. Allah nəzərinizi üstümüzdən heç zaman əskik eləməsin. Sizin zəhminizdən üstümüzə heç bir yadelli gələ bilməz. Odur ki, əsgərlər bizə yardım göstərsələr, minnətdar olarıq.

– Vəzir, əmrimi çatdır bütün əsgərlərə. Əhaliyə tikintidə köməklik etsinlər.

– Başüstə, şahım.

– Bəs daş-kəsəyi, taxtanı hardan götürürsünüz? – deyə şah kəndliyə səsləndi.

– Torpağımız zəngindir. Daş-kəsəyi dağdan çapıb, arabalarla gətiririk. Qalan şeyləri isə tacirlərlə danışmışıq. Götürürük, əvəzinə isə onlara lazım olan malları veririk. Bu ay toy-düyünümüz çox olacaq, şahım.

– Allah xoşbəxt eləsin.

– Çox sağ ol, şahım.

Şahın keyfi kökəlir. Çöhrəsində gülüş sarayın həyətində gəzməyə başlayır. Bu vaxt çaparlardan biri gəlir.

– Nə xəbər gətirmisən, çapar? Gözəl İbrahim yenə nə oyun çıxarıb?

– Şahım, pis bir iş tutmayıb. O biri günlər olduğu kimi, yenə dağın ətəyinə getdi. Ziyarətə gələnləri çox idi. Yenə eyni sözləri dedi: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Sonda camaatdan soruşdu ki, bəs niyə toy-düyün səsləri gəlmir evlərdən? Onlar da dedi ki, nə evimiz var, nə torpağımız, nə də tikməyə pulumuz. Gözəl İbrahim də onlara öz məsləhətlərini verdi.

– Nə dedi?

– Dedi elliklə yığışın, bir-birinizə ev tikin. Biri su daşısın, biri dağı çapıb daş gətirsin, biri palçığa qatmaq üçün yumurta. Bir də görəcəksiniz ki, ev hazırdır. Kim bu işə qoşulmaq istəməsə mənim sözlərimi təkrar edin: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Onda camaat ev tikmək üçün torpaqlarının olmadığını dedilər. O da “bəs bura nədir? Çöllü-biyaban. Burda tikin, abadlaşdırın, ağac əkin, evlənin, uşaq səsi aləmi götürsün”. Camaat yenə də tərəddüd etdi – bura şahımızın torpağıdır, qalanın da bayırındadır – dedilər. İbrahim buna da əlac tapdı: “Bayırdadır? Onda adını qoyarsınız Bayırşəhər. Heç bir şah ölkəsində gedən abadlığa etiraz etməz. Şəhəri dağıtmırsınız ki, şəhər salırsınız da… Siz başlayın. Görəcəksiniz ki, şah özü də kömək edəcək, xeyir-dua verəcək. Sizin şahınız çox müdrik və ədalətli hökmdardır”. Bu qədər, şahım. Başqa heç nə demədi.

– Görürsən, vəzir? Bu Gözəl İbrahim məni xalqımın gözündə necə göylərə qaldırır? İnsanlara düzgün yol göstərir.

– Bəs qanunlar? Axı ora sizin torpaqlardır. Bu insanlar böyük cinayət edirlər.

– Neyləyirəm o torpaqları? Qoy tiksinlər, əkib-becərsinlər, abadlaşdırsınlar. Əyanlara da denən ki, işləri olmasın camaatla.

– Qazi gəlib, şah sağ olsun.

– Gəlsin.

– Qibleyi-aləm, bir iş var. Lap çətinə düşmüşəm. Sizin müdrikliyiniz lazımdır. Cəza verən də sizsiniz, əfv edən də.

– Eşidirəm!

– Şahım, biri qonşusunun inəyini oğurlayıb. Aparıb başqa şəhərdə satıb. Sonra da qayıdıb. Bir neçə gündən sonra məlum olub ki, bəs oğru bu imiş. Qonşusunun şikayəti əsasında tutub salmışıq zindana. Dünən də şikayətçiylə təbib gəliblər ki, bəs burax onu, günahsızdır.

– Təbib niyə gəlib ki?

– Demə, tutulanın uşağı xəstəymiş. Aparıb təbibə. O da müalicəyə, dava-dərmana görə pul istəyib. Bu kasıb da gəlib varlı qonşusundan kömək diləyib. O da bunu qapısından qovub. Naəlac qalıb qonşusunun inəyini oğurlayıb, satıb. Pulu da təbibə verib, uşağını ölümdən qurtarıb. İndi bunlar gəlib ki, bəs biz onda başa düşməmişdik ki, insanlar bir-birini sevməlidirlər. İndisə anlayırıq. Təqsir onda yox, bizdədir. Təbib də hamıya car çəkib ki, daha müalicəni pulsuz edəcək, dava-dərmanı da pulsuz paylayacaq. İndi mən nə edim, şahım? Qanunda bu haqda heç nə yazılmayıb. Əfvə isə ancaq sizin ixtiyarınız çatır.

– Əfv edirəm. Hamıya mənim qərarımı yayın. Mənim məmləkətimdə bütün insanlar bir-birilərini sevməli, ağır günündə əl tutmalıdırlar. Təbibin bu addımını isə yüksək qiymətləndirirəm. Sağ olsun.

– Siz sağ olun, hökmdarım. Adil qərar verdiniz.

Qazi gedir. Hökmdar məmnun halda:

– Hə, vəzir, düz etdimmi?

– Bəli hökmdarım. Amma...

– Nə amma?

– Hökmdarım, məmləkət böyük, kəndlər, şəhərlər, insanlar çox. Qanunu pozanlar da bir o qədər. Hamısı da sizin əfvinizi umacaqlar. Hisslər yox, qanunlar işləməlidir ki, ən kiçik kəndi də idarə edə bilək. Yoxsa hərc-mərclik yaranacaq.

– Əvvəllər ola bilərdi. Amma Gözəl İbrahimin o sehrli sözlərindən sonra hər şey yaxşı olacaq. İnsanlar daha saleh olacaqlar. Çünki onları qanunlar yox, sevgi idarə edir.

Günlər bir-birini əvəz etdikcə saraya insan axını daha da artırdı. Rəiyyət şahlarıyla görüşür, ona gül təqdim edir, ürək sözlərini deyirdilər. Vəzir, saray əyanları, vəliəhd, şahzadələr şahı bu təmasdan çəkindirməyə, həyatı əvvəlki məcraya qaytarmağa çalışsalar da alınmırdı. Əksinə, hər gün yeni bir şey ortaya çıxırdı.

– Şahım, axund hüzurunuza gəlmək istəyir.

– Gəlsin.

Axund otağa daxil olub təzim edir:

– Şah sağ olsun, məmləkətdə qəribə işlər baş verir.

– Nə işlər?

– İnsanlar sübh namazına gəlmirlər. Gələnlər mənimlə söz güləşdirirlər. Mollaların hörməti azalıb. Mollaxanalar artıq bağlanır. Fitrə-zəkat yığa bilmirik. Düz-əməlli yas mərasimi keçirtmək olmur.

– Niyə? Kim cürət edir Allahın göndərdiyi qanunları pozmağa?

– Gözəl İbrahim, şahım.

– Nə edir ki?

– Heç nə.

– Bəs onda niyə onu günahlandırırsan? Əgər qanunları pozubsa, özü də dini qanunları, dərhal edam edilməlidir.

– Xeyr, şahım. Sadəcə, əhalimiz arasında küfr yayır.

– Nə deyir?

– Deyir ki, “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

– Burda bir günahmı var?

– Xeyr. Sadəcə hər səhər onun bu sözünü eşitmək üçün camaat Mehirxan dağına axışır, sübh namazına isə gəlmirlər. Məni, din xadimlərini saymırlar.

– Sənin sözündən belə çıxır ki, İbrahim onları məscidə getməkdən çəkindirir?

– Əsla, şahım. Heç məscidin adını da çəkmir. Əksinə, dinimizə qarşı hörmət-ehtiramını bildirir.

– Bəs onda nədir bunun günahı? De, edam elətdirim. Özü də xalqın qarşısında.

– Şahım, o gün hörmətli ağsaqqalımız Hüseyn ağa rəhmətə gedib. Bütün şəhər camaatı buna sevinir. Hətta bir-birlərinə gözaydınlığı da verirlər.

– Başa düşmədim. Hüseyn ağa yaxşı insan olub. Bildiyimə görə, hamıya əl tutub.

– Şahım, dəfn mərasimini özüm aparırdım. Hamı da qəmgin şəkildə dayanıb ağlayırdı. Mərhumu qəbrə qoyandan sonra dedim ki, “ay camaat, Hüseyn ağa gözəl insan idi, yaxşı adam idi. Burda olanların hamısına yaxşılığı keçib. Qapısına gələni əliboş yola salmazdı. Yəqin ki, onun bu savab işləri Haqq dünyasında yüksək qiymətləndiriləcək. O dünyada yeri behişt olacaq, cənnətməkan olacaq”. Bu sözləri dedikcə camaat bir az da bərkdən ağlamağa başladı. Birdən Gözəl İbrahim qabağa çıxaraq nə desə yaxşıdır?

– Nə?

– “Ay insanlar, niyə ağlayırsınız? Axund dedi ki, çox hörmətli Hüseyn ağa cənnətməkan olacaq. Buna sevinmək lazımdır. Ömrü boyu yaşayıb bunun üçün çalışmırıqmı ki, Haqq dünyasında qiymətimizi alaq, cənnətə düşək? İndi axund belə deyirsə, buna sevinmək lazımdır. Siz isə ağlayırsınız”. Bunu deməyini gördüm. Hamı başladı qucaqlaşmağa, öpüşməyə, “çox şükür ki, Hüseyn ağa cənnətə düşdü” deyərək bir-birinə gözaydınlığı verməyə.

– Axund, öləndən sonra cənnətə düşmək yaxşıdır, yoxsa cəhənnəmə?

– Cənnətə, şahım.

– Bəs onda Gözəl İbrahim hansı küfrü yayır ki? Hüseyn ağanın cənnətməkan olması sizi qüssələndirir, yoxsa sevindirir?

– Allahın hamıya rəhmi gəlib belə bir gün qismət eləsin inşallah.

– Amin. Bunu başa düşdük. Sonra nə deyir Gözəl İbrahim?

– Mollaxanalar yavaş-yavaş bağlanır, şahım. Hamı uşağını bizdən uzaqlaşdırır.

– Gözəl İbrahim nə haqla insanları cəhalətə sürükləyir?

– Xeyr, şahım. Sadəcə, sizin hərəmxanadan azad etdiyiniz xatınlar evlərində dərsxanələr açıblar. Özü də pulsuz. Camaat da uşaqlarını onların yanına aparır.

– Elə niyə? Mollaların savadı onlarınkından aşağıdırmı?

– Əsla. İş bunda deyil. Sadəcə bizdə dərsini bilməyəndə falaqqa işə düşür, cəza veririk. Amma bu xatınlar uşaqların başlarını sığallayırlar. Səbrlə bir də başa salırlar. Sarayda öyrəndikləri dünyəvi elmlərdən bəhs edirlər. Sizin adilliyiniz isə dillərindən düşmür.

– Görürsənmi, vəzir. Hərəmləri məmləkət boyu yaydıq və hər birindən xoş xəbər eşidirəm. Adi yoxsul uşaqları belə şah övladları kimi tərbiyə edirlər. Gözəl İbrahim mənə deyəsən gözəl övladlar, şahzadələr tərbiyə etdirir. Özü də mənim xatınlarımın düşüncəsi və tərbiyəsiylə… Başqa! Sonra nə edir Gözəl İbrahim?

– Məsciddə moizə oxuya bilmirəm. Dindarlar mənə cavab qaytarırlar.

– Anlamadım.

– Deyirəm ki, ey insanlar, Allah böyükdür, o hər birimizin günahlarını da görür, savab işlərini də. Allahdan qorxun. Pis əməllərdən çəkinin. Qayıdıb mənə nə desələr yaxşıdır?

– Nə?

– Allah böyükdür. Biz bunu qəbul edirik. O müqəddəsdir, o adildir, o bizi yaradandır, bizə ruzi, su, od verəndir. Ondan niyə qorxmalıyıq ki? Biz Allahımızı sevirik. Çox sevirik. Belə bir Allahın bəndələri olmaqdan məmnunuq.

– Hə... Bu bir az qəliz məsələ oldu. Deyirsən ki, bunu Gözəl İbrahim aşılayıb onlara?

– Bəli, şahım.

– Amma gözəl sözlərdir: “Biz Allahımızı sevirik. Çox sevirik. Belə bir Allahın bəndələri olmaqdan məmnunuq”. Yox, bu Gözəl İbrahim səfil, ağılsız adama oxşamır. Başqa sözün varmı?

– Var, şahım. Paytaxtda idarələr bağlanır, məmurlar işlərini atıb gedirlər. Əhali vergi vermir. İşçilər məvaciblərini almaqdan imtina edirlər.

– Anlamadım. Təfsilatıyla izah elə.

– Şahım, şəhərdə heç kim pula nəsə satmır. Kimə çörək lazımdırsa, tələbatına görə çörəkçidən götürür. Çörəkçiyə paltar lazımdırsa, dərzi havayı tikir. Loğman hamını havayı müalicə edir. Əczaçı dərmanı pula satmır. Bir sözlə, öz aralarında mal, ərzaq mübadiləsi edirlər. Pul verirsən, götürmürlər. Əgər bir iş bacarmırsansa, bir işə yaramırsansa, lap bir küp qızılın olsun, ac qalarsan. Gərək hökmən bir işin qulpundan yapışmalı, insanlara, məmləkətinə xeyir verməlisən. Ən azı fəhləlik etməlisən ki, insan olan kəs sən insanı sevsin. Əyanlar da yaxınlaşıb çörək almaq istəyəndə, çörəkçi nə pul götürür, nə də çörək verir. Onlar da ”bütün insanlar bir-birini sevməlidir” deyəndə sual edirlər ki, sən insanları sevib nə etmisən? “Əyanam” cavabını verən kimi qapıdan qovurlar. Ona görə varlıların, əyanların çoxu ac qalmaqdan qorxub gediblər ev tikməyə, su daşımağa, ağac əkməyə, bir sözlə, insanlara faydalı olmağa. Çox şükür ki, çörək tapıblar.

– Sonra?

– Deyəndə ki, vergi ver, cavabında “qazancımız var ki, hələ vergi də verək? Malın üstünə pul qoyub satırıq ki, hələ bir vergi də ödəyək? Əlavə pul qazanıb nə edirdik? Ev tikirdik, ya paltar tikdirirdik… İndi bunların hamısı havayıdır. Pul keçmir. İnsanlar bir-birini insanlıqlarına görə sevməlidir, qazanc əldə etməyə görə yox. Dünya malı bu dünyada qalır, o dünyaya iki-üç arşın kəfən aparırsan. İnsan gərək nəfsini boğsun. Haram yeməsin” deyirlər.

– Axund, düz demirlər?

– Şahım, düz demək nədir? Cümə namazında danışdıqlarımı özümə qaytarırlar.

– Yaxşı, Gözəl İbrahimin bunda nə günahı?

– Bütün bunlar onun “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” küfründən sonra başlayıb. İnsanlarda nə Allah qorxusu qalıb, nə də bizə qarşı hörmət-izzət.

– Axund, sözündən belə çıxır ki, bir sözə görə Gözəl İbrahimi edam etdirməliyəm?

Axund fikrə gedir. Dinmir. Başını aşağı salır.

– Cavabını gözləyirəm.

– Xeyr, şahım.

– Onda gedə bilərsən.

Ortaya yenə sükut çökür.

– Vəzir, sənin baş verənlərə münasibətin necədir?

– Şahım, əlbəttə ki, düzünü siz bilirsiniz. Amma nə qədər gec deyil Gözəl İbrahimi biz də qovmalıyıq məmləkətdən.

– Günahı nədir?

– Bilmirəm.

– İnsanlara sevgi aşıladığı üçünmü?

– Bilmirəm.

Günlər bir-birini əvəz edir. Məmləkətdə əmin-amanlıq hökm sürür.

Saray. Şah taxtında oturub. Vəzir, vəkil, əyanlar ayaq üstə dayanıblar. Hökmdar fikrə gedib. Heç kim dinib-danışmır.

– Vəzir, hüzuruma kimsə gəlibmi?

– Xeyr, şahım.

– Qazi, axund da çoxdandır görsənmir.

– Sizə deyiləsi sözləri yoxdur. Əhalidən şikayət yox, cinayət törədən yox. Zindanlar da bomboş.

Birdən taxtın qabağında dayanıb ona baxan kəndli şahı diksindirir.

– Şahım, sənə sözüm var.

– Sən kimsən? Vəzir, kim icazə verib bunun saraya girməsinə?

– Şahım, mən sənin rəiyyətinəm. Mən səni çox sevirəm, – deyib əlindəki gülü ona təqdim edərək sarayı tərk edir.

– Vəzir, bu nə özbaşınalıqdır? Əsgərlər, eşikağası hara baxır?

– Şahım, sarayda bizdən, şahzadələrdən və aşpazlardan başqa heç kim yoxdur. Əsgərlər tikintidə işləyirlər. O vaxtdan geri qayıtmayıblar.

– Əla! Əgər mənim düşmənim yoxdursa, xalq məni sevirsə, onda keşikçiyə, əsgərə nə ehtiyac? Vəzir, son günlər insanlar da saraya axışmır, mənə gül vermir, sevgilərini ifadə etmirlər. Bircə bugünkü kəndlidən başqa.

– Mən də məəttəl qalmışam. Əvvəllər ehtiyat edirdim ki, gecəmiz-gündüzümüz olmayacaq bunların əlindən. Amma indi heç kim gəlmir.

– Gözəl İbrahimdən nə xəbər?

– Təzə bir şey yoxdur. Yenə əvvəlki kimi Mehirxan dağının ətəyinə çıxır, eyni sözləri təkrar edir: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”.

– Başqa nə xəbər?

– Şahım, sarayda yeməyə də, içməyə də bir şey yoxdur.

– Xəzinədən qızıl götürüb, gedib alsınlar. Bununla da mən məşğul olmalıyam? Bu nə cürət?

– Şahım, bazarda pul-para işləmir. Hətta deyəndə ki, saray üçün, şah üçün alırıq, yenə heç nə satmırlar. Nə pula satırlar, nə də havayı verirlər.

– Niyə?

– Bilmirik.

– Fərraşları götür get. Pulla satmasalar, məcburi al əllərindən.

– Şahım, dedim axı, sarayda heç kim qalmayıb. Təkcə bizik.

– Onda özüm gedəcəyəm. Dur gedək. Burda nə isə bir müəmma var. Amma yenə demə ki, təqsir Gözəl İbrahimdədir.

– Şahım, bəlkə dərviş paltarı geyinəsiniz.

– Lüzum yoxdur. Onsuz da hamı məni üzdən tanıyır. Gedək görək şahlarına qarşı bu nə hörmətsizlikdir edirlər? “Şahım, səni sevirik” deməkləri nədir, etdikləri nə?

Şah, vəzir və əyanlar bazar meydanına gəlirlər. Əhali şahı görcək, üzük qaşı kimi dövrəyə almağa başlayır. “Adil, Adil” sədaları, alqış səsi aləmi bürüyür. Şah üzünü vəzirə tutaraq:

– Vəzir, Adil kimdir?

– Bilmirəm, şahım. Bir az səbr eləyin, aydınlaşdırım.

Alqış sədaları səngidikdən sonra şah hündür bir yerə qalxıb üzünü xalqa tutur.

– Ey mənim rəiyyətim, necəsiz, necə dolanırsız?

– Hər şey yaxşıdır. Sayənizdə dolanırıq. Allaha çox şükür, hər şeyimiz var, – deyə yerbəyerdən səslər gəlir.

– Eşitdim pulu, qızılı yaxına buraxmırsınız. Məmləkətdə hər şey havayıdır. Bu nə deməkdir?

Kütlədən bir ağsaqqal qabağa çıxıb:

– Adil hökmdar, Gözəl İbrahim məmləkətimizə gələndən, bizim ürəyimizə sevgi salandan sonra məlum oldu ki, bütün bədbəxtçiliklərimizə səbəb pul-para imiş. Qızımızı ərə pula görə verirmişik, qonşumuzun inəyini pula görə oğurlayırmışıq, loğman xəstəni pula görə müalicə edib, pulu olmayanlar xəstəlikdən tələf olub, adam pulu olmadığına görə ac qalır və sonda çörək oğurlayıb zindana düşür, fərraşlar pul qazanmaq üçün insanları incidir, cəllad xəzinədən məvacib almaq üçün boyun vururmuş... Adil hökmdar, sözü uzadıb nə başınızı ağrıdım. Buna görə pulu, qızılı həyatımızdan sildik. Hətta cəlladınız da indi boyun vurmur, şum vurur. İnsanların canını almır, torpağın canını alır, əkir, becərir, bolluq yaradır. Siz də sağ olun ki, nəzərlərinizi bizim üzərimizdən əksik etmirsiniz. Dəstək verirsiniz.

– Bəs onda saraya niyə mal satmaqdan imtina edirsiniz? Bu yaxşılığıma görəmi?

– Əsla, Adil hökmdar. Sizdən incimişik, ona görə.

– Anlamadım!

– Adil hökmdar, hər səhər əlimizdə gül saraya axışdıq, bir-bir sizə sevgimizi bildirdik. Amma bunun müqabilində bircə dəfə də sevgi dolu səsinizi eşitmədik.

– Anlamadım! Torpağımı əkib-becərirsiniz, istədiyiniz qanunları tətbiq edirsiniz. Bu vaxtacan sizə güldən ağır bir söz demişəmmi? Bundan artıq nə sevgi?

– Adil hökmdar, Gözəl İbrahim deyir ki, “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin”. Biz bunu deməkdən çəkinmədik, indi növbə sizindir.

Kütlədən “Adil, Adil” sədaları, alqış səsləri yenidən ətrafı bürüyür. Şah:

– Ey insanlar, mən də sizi sevirəm və bunu sizə deməkdən çəkinmirəm.

Alqış sədaları bazarı bürüyür. Ağsaqqal yenidən şaha səslənir:

– Adil hökmdar, əyanlarına de ki, bir də bizə pul təklif etməsinlər. Sarayın tələbatı nə qədərdirsə, götürüb aparsınlar. Bu məmləkətdə hər şey sizindir. Siz ki, hər şeyinizi bizimlə bölüşürsünüz, sizə malımız nədir, canımız da qurban.

– Başqa bir şeyə ehtiyacınız varmı?

– Var, şahım.

– Nəyə?

– Sizə. Sizin xeyir-duanıza, alqışınıza. İstəyirik hər gün bizim aramızda olasınız. Bizə dayaq olasınız. Xeyrimizdə, şərimizdə iştirak edəsiniz. Daha çox sizinlə təmasa ehtiyacımız var.

Şah qocanın sözlərindən məmnun qalır. Camaatla sağollaşıb yenidən saraya qayıdır.

– Vəzir, araşdırdınmı bu “Adil, Adil” deyirdilər e... nə deməkdi?

– Bəli, şahım. Mehirxan dağında Gözəl İbrahim əhaliyə sual verib ki, bəs şahınızın adı nədir? Onlar da çiyinlərini çəkib cavab verə bilməyiblər. O da deyib ki, “əsas şaha atasının qoyduğu ad deyil. Əsas xalqın ona verdiyi addır. Dilinizdən “adil hökmdar” kəlməsi düşmürsə, onda şahınızın adını “Adil” deyə çağırın”.

– Müdrik adammış Gözəl İbrahim. Siz də deyirdiniz axmağın biridir, xatalıdır, sürgün etmək lazımdır.

Həmin gündən şah hər gün əyanlarıyla şəhərə çıxır, camaatla birlikdə namaz qılır. Qayğılarıyla maraqlanır. Əhali dünyaya gələn oğlan uşaqlarına daha çox Adil, qızlara isə Adilə adı qoymağa başlayır. Məmləkətin şöhrəti hüdudlarından kənara da yayılır. Digər xalqlar öz şahlarından üz döndərib məmləkətə axışmağa başlayırlar. Şahın hökmranlığı gündən-günə möhkəmlənir. Həyat belə davam etdikcə vəzir-vüzəranın, əyanların nüfuzu azalır. Şah bütün günü xalqın arasında olur. Hətta naharını, şamını da onlarla birlikdə yeyir. Sağında da baş vəzirini yox, Gözəl İbrahimi əyləşdirir. Buna görə sarayda qısqanclıq artır. Hətta şahzadələr, gələcəyin taxt-tac sahibi vəliəhd də təlaşa düşürlər. Bir müddət sonra şah Gözəl İbrahimi saraya gətirir. Vəzir təyin edir. Baş vəzir daha da narahat olmağa başlayır. Günlərin bir günü üzünü vəliəhd şahzadəyə tutur:

– Şahzadəm, şahımız Gözəl İbrahimi vəzir təyin elədi.

– Hökmdarın hökmünə qarşısanmı?

– Əsla. Sadəcə bir xüsusu nəzərinizə çatdırmaq istəyirəm. Yəqin ki, bir azdan məni saraydan uzaqlaşdırıb Gözəl İbrahimi baş vəzir qoyacaq. Sonra isə növbə sizə çatacaq.

– Aydın danış.

– Şahzadəm, xalq Gözəl İbrahimi sevir. Allah eləməsin, sabah şahımızın başına bir iş gəlsə kimin taxta çıxmasına tərəfdar olarlar? Sizin, yoxsa İbrahimin?

– Xalqın nə həddi? Dövlətin ordusu, silahı olan yerdə bu nə deməkdi?

– Şahzadəm, nə ordu? Nə silah? Heç fərraşımız, cəlladımız da yoxdur. Hamısı Gözəl İbrahimin ətrafındadır. Qanunlar işləmir. Şahımız da bunlara göz yumur. Elə hey “insanlar, sizi sevirəm” deyə-deyə gəzir. “Rəiyyətim” sözünü unudub artıq.

– Məsləhətin nədir?

– Məsləhət sizinkidir, şahzadəm. Nə qədər gec deyil, bir əncam çəkməlisiniz.

– Nə etməliyəm? Atamı devirib, taxt-taca sahiblənməliyəm?

– Allah eləməsin, şahzadəm.

– Bəs məsləhətin nədir?

– Məsləhət sizinkidir, şahzadəm.

Həyat beləcə axarıyla davam edirdi. Günlərin bir günü baş vəzir təlaş içində şaha yaxınlaşır. Xəbər verir ki, bəs qonşu dövlətin padşahı hüdudlarımızı aşıb. Qoşunuyla paytaxta doğru irəliləyir. Qarşısına nə çıxırsa darmadağın edir. İnsanları qılıncdan keçirir. Adil şah xalqı meydana çağırıb silahlanmağı əmr edir:

– Ey xalqım, düşmən qoşunla üstümüzə gəlir. Vuruşub öz torpaqlarımızı yağıdan qorumalıyıq. Qurub-yaratdıqlarımızı, torpağımızı müdafiə etmək üçün silaha sarılmalıyıq.

– Adil hökmdar, üstümüzə gələnlər insandırmı? – deyə kütlədən biri səslənir.

– Bəli.

– Daha niyə silaha sarılaq ki? Əlimizdə gül Gözəl İbrahimlə gedib çıxarıq qarşılarına və müdrik kəlamdan onları da agah edərik. Deyərik ki, ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin.

– Ay avam, onlar düşməndir. Sizi öldürməyə, qan tökməyə gəlirlər. Başa düşürsünüzmü?

– Xeyr, Adil hökmdar. Üstümüzə gələnlər elə Gözəl İbrahim kimi insanlardır. Sadəcə, ürəklərindəki sevgini bizim kimi tapa bilməyiblər. Qoy silahla gəlsinlər, amma biz onların qabağına gül ilə çıxarıq. Ürəklərinə sevgi toxumu səpərik, başa salarıq.

– Ey nadanlar, onlar düşməndirlər. Gözlərini qan örtüb. Başa düşün. Gözəl İbrahim də sizə bunu deyir.

– Ay camaat, əsla! – deyə Gözəl İbrahim yerindən səslənir, – Mən elə demirəm. İnsanlar, siz düz deyirsiniz. Hər hansı bir qəddarı da sevgi düz yola gətirər. Siz özünüz əvvəllər necəydiniz, indi necəsiniz?

Bu zaman carçı çaparaq şaha yaxınlaşır.

– Şahım, düşmən kəndlərimizi viran qoya-qoya, insanları qılıncdan keçirə-keçirə irəliləyir. Artıq paytaxta yaxınlaşmaq üzrədirlər – əlli min silahlıyla. Bir tədbir görmək lazımdır.

– Baş vəzir, şahzadələrim, əyanlar, silahlanın! Düşmənin qabağına özümüz çıxacağıq.

Beləcə, şah əlli nəfərlik ətrafıyla silahlanıb, paytaxtdan çıxır. Gözəl İbrahim də vəzir kimi qucağına bir dəstə gül alıb onlara qoşulur. Silah götürməkdən imtina edir. Paytaxtdan bir qədər uzaqlaşırlar. Amma düşmən gözə dəymir. Bir kəndə çatırlar. Görürlər ki, insanlar öz işində-gücündə. Ətrafdan qan iyi yox, gül ətri gəlir. Bir qədər də irəli gedirlər. Amma düşmən qarşılarına çıxmır ki, çıxmır. Beləcə, gəlib çıxırlar məmləkətin hüdudlarına. Şah dodağını dişləyir. Burda başqa bir oyunun olduğunu anlayır. Ona görə də üzünü baş vəzirə tutub:

– Bəs carçı çaparaq gəldi ki, qoşun yaxınlaşır, rəiyyətimi qılıncdan keçirir. Baş vəzir, hanı bəs düşmən?

– Şahım, düşmən olsaydı, nə edəcəkdik ki?

– Bu nə axmaq sualdır? Əlbəttə ki, vuruşacaqdıq.

– Əlli minlik düşmən qoşununa biz əlli nəfər nə edə bilərdik ki?

– Əsas bu deyil. Əsl şah, şahzadə, əsilzadələr məğlub olacağını bilsə belə, döyüş meydanında vuruşub birinci həlak olmalıdır. Ki, rəiyyətinin necə qılıncdan keçirildiyini, məmləkətinin, torpağının necə viran olduğunu görməsin.

– Şahım, deməli, siz də əminsiniz ki, Gözəl İbrahimin bir dəstə gülü və müdrik kəlamıyla düşməni durdurmaq, ona qalib gəlmək mümkün deyil.

– Əlbəttə.

– Şahım, mən də, şahzadələr də, əyanlar da başa düşürdük ki, sevgi gözəl şeydir. Amma vətənə sevgi bütün sevgilərdən üstündür. Gözəl İbrahim yaydığı sevgiylə bu müqəddəs sevgini insanların ürəyindən sildi və biz meydanda tək qaldıq. Xalq insan sevgisinin dalıyca gedib, vətənə, torpağa, dövlətə, qanuna sevgisini unutdu. Hətta düşmənə gül bağışlamaq istədi. Silaha sarılmaqdan imtina etdi. Hətta əsgərlərimiz də... Bunun isə bir adı var – xəyanət.

Şah atından yerə enir.

– Kim fikirləşib bu oyunu? Sənin işinə oxşayır, baş vəzir.

– Xeyr, şahım. Vəliəhd şahzadəmizin müdrikliyidir bu.

– Yaxın gəl, oğlum.

Vəliəhd ona yaxınlaşır. Şah ilk dəfə oğlunun nə qədər böyüdüyünü, gözlərində qorxu yox, məsuliyyət olduğunu görüb kövrəlir. Şah tacını götürüb oğlunun başına qoyur.

– Ay oğul, gözəl dərs verdin mənə. Gözəl İbrahimin yaydığı sevgidən ovsunlanan mən bundan sonra məmləkətə başçılıq edə bilmərəm. Nə “ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin” deyən məndən şah olar, nə də Gözəl İbrahimdən vəzir. Mən də İbrahimə qoşulub onunla gedirəm. İnsanların ürəyinə sevgi toxumu səpmək üçün. Çünki artıq bundan başqa bir iş bacarmıram. Heç sənətim də yoxdur. Lap bu Gözəl İbrahim kimi. Gözəl İbrahim, bəri gəl. Gül dəstəsini mənə ver.

Gözəl İbrahim şaha yaxınlaşıb gül dəstəsini ona verir. Şah birinci qılıncını çıxarıb oğluna uzadır. Şahzadə qılıncı alıb öpür. Sonra şah gül dəstəsini oğluna uzadır. Şahzadə gülü o biri əliylə alıb qoxulayır.

– Get, ay oğul, bu xalq, bu torpaq sənə əmanət. Qoru xalqını, idarə et. Bir əlində ata-babalarından yadigar qalan qılınc və qanun olsun, o biri əlində isə Gözəl İbrahimin sevgi çiçəkləri. Amma heç vaxt mənim kimi bunların tarazlığını pozma. Getdik, Gözəl İbrahim, getdik.

Beləcə, Adil şah və Gözəl İbrahim dəstədən uzaqlaşıb, qonşu məmləkət tərəfə keçirlər. Şahzadə, baş vəzir, əyanlar onları ta gözdən itənəcən gözləriylə yola salırlar. Özləri gözdən itsələr də, uzaqlardan sədaları gəlir: “Ey insanlar, bir-birinizi sevin və bunu bir-birinizə deməkdən çəkinməyin””.

– Bu qədər, Göyverən şah. Gözəl İbrahimlə Adil şahın nağılı burda bitdi. Dövlət qanunla idarə olunur, qılıncla tənzimlənir. Ona görə ədalətli olmağa çalışma. Sadəcə, tarazlığı qoru. Heç nəyə qarışma, heç gözə də görsənmə. Lap Allah kimi. Gözə görünmür, dağıdır, öldürür, insanları çörəklə, xəstəliklərlə sınağa çəkir. Hamı ondan qorxur, hamı onu sevir, hamı ona pənah aparır. Allaha nifrət edən, onu inkar edən görmüsənmi? Əsla. Sən də bizim yer üzündəki Allahımızsan – Göyverən Allahımız.

– Axı, ay şair, Həqqi Şahın məzarı bu gün ziyarətgaha çevrilib. Hamı ruhuna dua oxuyur, diz çöküb sinə daşını öpürlər.

– Şahım, bu o deməkdir ki, özünü qorumağa başla.

Göyverən Şah susdu. Fikrə getdi: buna görəmi Həqqi mənə vəsiyyət etdi ki, onu qəbrə qoyanda son istəyindən tək mən agah olum?

– Şair, sözündən belə çıxmırmı ki, atama rəhməti mən qazandırmışam.

– Belə çıxmır, elədir ki, var. Ürəyini qısma. Sənə də rəhmət oxuyacaqlar.

– Necə?

– Vəsiyyət edərsən ki, səni Həqqi Şahın ayaqlarının altında basdırsınlar.

– Şair, gəl gedək saraya. Mənim vəkilim ol.

– Ay şah, sən Allah qoy oturmuşuq. İstəyirsən öldürsünlər məni?

– Kim öldürə bilər ki, səni?

– Baş vəzirin. Hər şeyi ona tapşırmısan. Heç o imkan verər ki, sarayda ikinci ağıllı adam peyda olsun?

– Baş vəzir nə karədir ki, mənim qərarımın əleyhinə çıxsın.

– Ay şah, Lərzanın qətlinə sən özün qərar verdinmi?

– Bəli.

– Düzünü de – ürəkdənmi gəldi bu qərar?

– Xeyr.

– Kimlərinsə felinə uydun demək. Daha doğrusu, Lərzan dilini dinc qoymadı. Səninlə yaxın münasibətlərindən danışdı və bununla da özünə ölüm hökmünü özü imzaladı. Mən isə fitva qurbanı olmaq istəmirəm. Qoca adamam. İmkan ver, öz əcəlimlə rahat ölüm.

– Sonra da deyirlər ki, şah pisdir.

– Yanılırsan, ey şah. Hamı deyir ki, şah yaxşıdır, amma ətrafı pisdir. Amma ümumilikdə götürəndə bu həyat başdan ayağa görüntüdür. Şair Mənsur bu barədə yaxşı deyib:

 

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir.

Məscidü meyxanə rəng, eyşü ibadət rəngidir,

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngidir,

Rəngidir hər dürlü matəm, hər məsərrət rəngidir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.

 

Görmədim bir zərri-xalis buteyi-nasutdə,

Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,

Biqərəz insan olur görmək fəqət tabutdə,

Bilməzəm varmı sədaqət aləmi-lahutdə,

Azma, fikrim, cümlə ecazü kəramət rəngidir.

 

Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,

Var isə insafı şəxsin, dinidir, imanıdır,

Bədnihad insanların öz nəfsi, öz şeytanıdır,

Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,

Mabəqi övhamdır, şərü təriqət rəngidir.

 

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,

Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,

Dedim: əyyaş olmalı, ta gün keçə mötad ilə,

Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,

Anladım ki, zöhdü təqva, eyşü işrət rəngidir.

 

Qıl təsəvvür bir daha şairlərin xülyasını,

Aşiqi-zarın başında seyr qıl sövdasını,

Qəbri aç, göstər ona Şirinini, Leylasını,

Bir ayılsın da, düşünsün gördüyü röyasını,

"Bax", deyir "həqqi bütün eşqü məhəbbət rəngidir".

 

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,

Küllən əbnayi-bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,

"Məslək"ə isnad edər, məslək, dəyanət rəngidir.

 

Bilmədim neyçinmiş aləm, bunca da yəsü ələm,

Zövrəqi-ömrün mühiti vərtəban, dəryayi-qəm,

Böylə halda kimsədən bihudədir ummaq kərəm,

Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,

Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngidir.

 

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,

Ey gözüm qurbanı, saqi, ver genə sağər şərab,

Ver genə sağər şərab, ey saqiyi-alicənab,

Bəlkə badənlə edə Mənsur rahət iktisab,

Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngidir.

 

– Sağ ol rəvayətinə, məsləhətlərinə görə. Bir söz də soruşum, şair.

– Buyur.

– Sən İtbaşı adlı birini tanıyırsanmı?

– İtbaşı? Yox. İlk dəfədir belə bir ad eşidirəm.

– Yaxşı. Mən gedim artıq. Səhər açılır.

– Yaxşı yol, şahım. Gələndə elə bu cür gəl. Evimə gəl. Gecə gəl. Heç kim bilməsin, duyuq da düşməsin. Gözüm üstə yerin var.

 

(ARDI VAR)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18 Dolların məzənnəsi sabit qaldı 14 İyul 2020, 18:12 "Azərbaycanın yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri 14 İyul 2020, 18:06 Xınalığa leysan yağdı - Faktiki  hava 14 İyul 2020, 18:00 Azay Quliyev QHT-lərə müraciət etdi 14 İyul 2020, 17:55 Bakıda 6 ayı ərzində 584 kilometrlik yeni qaz kəmərləri çəkilib 14 İyul 2020, 17:50 Ukraynalı deputatlar cəbhədəki gərginlikdən narahatdılar 14 İyul 2020, 17:45 Qafqaz Müsəlmanları İdarəsi cəbhədəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 17:39 İmtahanın nəticələri ELAN olundu 14 İyul 2020, 17:33 Prezident dövlət büdcəsinin icrası haqqında qanun layihəsini TƏSDİQLƏDİ 14 İyul 2020, 17:27 Metronun bəzi stansiyaları açılır - SƏBƏB    14 İyul 2020, 17:22