Modern.az

Qarabağ Azadlıq Təşkilatı bəyanat verdi

Qarabağ Azadlıq Təşkilatı bəyanat verdi

16 İyun 2012, 14:05

Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin növbəti iclası keçirilib. QAT-ın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda təşkilati məsələlər, qərarların icra vəziyyəti, təşkilatın keçirdiyi son aksiyalar, tədbirlər müzakirə olunub, qərarlar qəbul edilib. Ali məclis üzvləri Azad Qarabağ Uğrunda Alyansın fəaliyyətinə dair xüsusi müzakirələr aparıb, Alyansın fəaliyyətini daha səmərəli etmək üçün təkliflər veriblər.
QAT-ın rayon şöbələrinin fəaliyyətinə dair məlumatlar dinlənilib, bəzi rayon şöbələrinin passiv hərəkətləri tənqid olunub. QAT sədri Akif Nağı Qarabağ ətrafında yaranmış son durumla bağlı məruzə edib, sonra müzakirələr olub. Qarabağ ətrafında baş verən son hadisələrlə bağlı bəyanat qəbul olunub.

Bəyanatda göstərilir: «Son dövrdə cəbhə xəttində gərginlik artıb, Ermənistanın işğalçı qüvvələri daha da fəallaşır və Azərbaycan Ordusunun mövqelərinə hücum etməyə cəhd göstərirlər. Azərbaycan Ordusu itkilər verməsinə baxmayaraq düşmənə layiqincə cavab verir. Bütün bu hadisələr bölgəyə beynəlxalq təşkilatların, böyük dövlətlərin səfərləri fonunda baş verir və ermənilər onları saya salmadıqlarını da nümayiş etdirir, təxribatçı hərəkətlərindən çəkinmirlər. Beynəlxalq təşkilatlar, böyük dövlətlərin nümayəndələri isə ermənilərin aqressiv hərəkətlərini görmək istəmirlər. Cəbhə xəttindəki hadisələr bir daha aydın şəkildə göstərdi ki, Azərbaycan Ordusu ermənilərin işğalçı qüvvələri üzərində tam qələbə çalmağa qadirdir. Ona görə də artıq gözləməyə ehtiyac yoxdur, Azərbaycan hərbi əməliyyatlara başlamalı və torpaqlarımızı işğaldan azad etməlidir”.

Bəyanatda həmiçinin cəmiyyətin bütün imkanlarının qələbə üçün səfərbər olunmasının, siyasi və ictimai qüvvələr tərəfindən müharibə ilə bağlı vahid mövqenin nümayiş etdirilməsinin zəruriliyi vurğulanır: “Düşmən üzərində qələbəyə mane olacaq hər hansı hərəkət milli maraqlara xəyanət kimi qiymətləndirilməlidir”. 

Anar Kəlbiyev
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir