Modern.az

"Qadın koloniyası"ndakı yoxlamanın nəticələri açıqlandı

"Qadın koloniyası"ndakı yoxlamanın nəticələri açıqlandı

Aktual

10 İyul 2012, 20:16

“Cəzaçəkmə müəssisələrində hələ də bəzi problemlər var”

Bir müddət öncə hüquqşünas Əliməmməd Nuriyev İctimai Komitənin üzvləri ilə birlikdə 4 saylı cəzaçəkmə müəssisəsində-qadın koloniyasında apardıqları monitorinqin nəticələrini açıqlayıb.

Bu barədə Modern.az saytına açıqlama verən hüquqşünas bildirib ki, monitorinq zamanı həmin cəzaçəkmə müəssisəsində 350 qadın müxtəlif cinayətlərə görə cəza çəkir. Bir il bundan əvvəl həmin cəzaçəkmə müəssisəsində olduğunu deyən Ə. Nuriyev bildirib ki, bu bir il müddətində həmin cəzaçəkmə müəssisəsində xeyli dəyişiklər baş verib.

“O dəyişiklər əsasən məhkumların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdir. Birincisi onların yataqxanalarında vəziyyət xeyli dərəcədə yaxşılaşdırılıb, sanitar qovşaqları əsaslı təmir edilib. Həmçinin tibbi hissə əsaslı təmir edilib. Belə ki, bura bir çox avadanlıqlar gətirilib, bu da məhkumlarının tibbi xidmətə çıxış imkanlarını yaxşılaşdırıb. Həm də onların düzgün diaqnoz qoyulmasına əlavə yardımçı olub. Eyni zamanda ərzaqla bağlı təminatda da əhəmiyyətli dəyişiklər baş verib. Şəkərli diabet xəstələr üçün yeməklərin bişirilməsi həyata keçirilir. Bunun özümüz də şahidi olduq. Cərimə təcridxanası əhəmiyyətli təmir edilib.

Hər bir kamerada xüsusi zənglər qoyulub ki, bu zənglər vasitəsilə daha operativ əlaqə saxlamaq imkanı olacaq”.

Hüquqşünas eyni zamanda burada işləyənlərin sayının digər cəzaçəkmə müəssisləri ilə müqayisədə xeyli artdığını vurğulayıb. Onun sözlərinə görə, burada 92 məhkum daimi əsaslarla işləyir və onlar həm təsərrüfatla, həm fərdi əməklə məşğul olurlar. “Eyni zamanda orada xalçaçılıq sexi fəaliyyət göstərir. Bundan əlavə, burada tikiş sexi fəaliyyət göstərir ki, orada da 60 məhkum işləyir. Ancaq qeyd edim ki, tikiş sexi əsasən sifariş olanda işləyir”.

Ə.Nuriyev cəzaçəkmə müəssisəsində görüş zamanı 26 məhkumu ayrıca qəbul etdiklərini deyir. “Bütövlükdə hamısı ilə görüşdük, şərti olaraq isə ayrıca şikayətçi olaraq 26 məhkumu qəbul etdik, onlara hüquqi yardım göstərdik”.

Ə. Nuriyev cəzaçəkmədə yaşanan problemlərə də diqqət çəkib: “İlk növbədə şərti olaraq vaxtından əvvəl azadetmə institutu və cəzasının yüngülləşdirilməsi institutunun tətbiqi prosesi ilə əlaqədar müəyyən problemlər var. Bu problemlər ilk növbədə məhkəmə və prokurorluq orqanları ilə əlaqədar onların qəbul etdiyi qərarlarda öz əksini tapır. Görüş zamanı bir çox məhkumlar bizə məlumat verdi ki, baxmayaraq onların cəzadan vaxtında azad olunmaq barədə məhkəmə qərar qəbul edib, amma 4-6 ay sonradan Bakı Şəhər Prokurorluğunun qərarına əsasən həmin şəxslər Apellyasiya məhkəməsi məsələləri dərindən araşdırmadan onların vaxtından əvvəl azad olunması haqqında məhkəmə hökmlərinin qərarlarını ləğv edib və yenidən həbsxanaya qaytarıblar. Təsəvvür edin, bir insan çıxıb gedir, bir müddət ailəsi ilə yaşayır və günlərin bir günü gəlib deyirlər ki, “sən yenidən həbsxanaya qayıtmalısan”. Təsəvvür edin onlar hansı travmaya məruz qalırlar. Bu onların penitensiar xidmət orqanlarına, azadlığa inam və etibarı azaldır”.

Hüquqşünas deyir ki, məhkumların digər problemi azyaşlı uşaqları ilə görüşə bilməməsidir.

“Bəzi məhkumların azyaşlı uşaqları vardır, onlar məhkum olunandan sonra uşaqları ilə əlaqələri xeyli dərəcədə çətinləşdirilib. Onların uşaqları uşaq evlərinə verilib. Lakin uşaq evinə verilməsindən əlavə hər məhkumun öz ailəsi, uşaqları ilə görüşmək hüququ var. Bu penitensiar xidmət tərəfindən göstərilən tədbir deyil. Onlar hər cür şərait yaradır. Söhbət ondan gedir ki, o uşaq evlərinin rəhbərliyi onların uşaqları ilə görüşməsini təmin etməlidir. Bu məsələyə diqqət yetirilməsinin vaxtı gəlib çıxıb.

Bir sözlə, cəzaçəkmə müəssisələrində monitorinq apararkən islahatların davam etdirildiyini, orada şəraitin yaxşılaşdığını görürük, digər tərəfdən isə hələ də bəzi problemlər var. Qeyd edim ki, onlar birbaşa cəzaçəkmə müəssisənin səlahiyyətinə aid olan problemlər deyil”, – deyə Ə. Nuriyev vurğulayıb.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı