Modern.az

Yol kənarındakı xatirə - lövhələr - “Bu, nə mədəniyyətimizə, nə də dinimizə uyğundur”

Yol kənarındakı xatirə - lövhələr - “Bu, nə mədəniyyətimizə, nə də dinimizə uyğundur”

Aktual

11 İyul 2012, 11:42

Yol kənarında qəzalarda ölənlərin xatirəsini əbədiləşdirmə yeni dəbdir. Adətən, qəza qurbanlarının yaxınları şosse kənarlarında xüsusi çərçivələr, lövhələr yerləşdirir və buna qanuni icazə alıb-almamaq barədə belə düşünmür.

Milli Məclis üzvü Musa Quliyev bu məsələyə münasibət bildirərkən deyib: “Qəza baş verən ərazidə həlak olan insanların yaxınları doğmalarının xatirəsini əbədiləşdirməkdən ötrü bu cür vasitələrə əl atmamalıdır. Amma burda bir mədəniyyət formalaşmalıdır, çünki onların əzizlərinin xatirəsini yad eləməkdən ötrü qoyduqları hər hansı əklil və ya nişanə yoldan keçən avtomobil sürücülərə mənfi təsir göstərir və hər kəsə qəzanı xatırladır. Yəni bu, mənada sözügedən şeylər arzuolunan deyil və qanunda da bu nəzərdə tutulmur. Amma heç kəsə bunu qadağan etmək də olmur. Əslində, bunun heç bir mənası da yoxdur,  bir neçə vaxtdan sonra həmin lövhələr unudulur və baxımsız vəziyyətə düşür. Ona görə də bu cür şeyləri əhəmiyyətsiz bir şey hesab edirəm və düşünürəm ki, bu nə bizim adət-ənənəyə, nə də mədəniyyətimizə uyğun gəlir. Doğrudur, qanunvericilikdə belə bir müddəa var ki, qanunla nəsə qadağan olunmayıbsa, ona icazə verilir. Ümumiyyətlə, bu ümumi yol nəzəriyyəsinə, yolsuzluq etikasına uyğun gələn bir məsələ deyil və bu qanunlarda tənzimlənə bilmir. Bu kimi təzahürlərə nə yol polisi, nə də bələdiyyələr etiraz edə bilmir. Məncə, bu heç bir mənanı ifadə eləmir və gec-tez aradan qaldırılacaq”.

Qafqaz Müsəlmanlar İdarəsinin fətva şöbəsinin sədri Hacı Mirəziz Seyidzadə bu hadisələri əbədiləşdirməkdənsə, onları yaddaşlardan silmək lazım olduğunu söylədi: “Hər hansı ərazidə qəza baş verən zaman həmin insanlar öz doğmalarının xatirəsini yad etməkdən ötrü yol kənarlarına əklil və ya o hadisəni xatırladacaq işarə kimi vasitələrdən istifadə etmələri düzgün deyil. Bunları edən insanlara imkan  yaratmamaq və onlara qarşı çıxmaq lazımdır. Əgər bu insanlar onlara maneə olanlara qarşı çıxırlarsa və deyirlərsə ki, burda mənim doğmam ölüb, mən bunu etməliyəm ona əslində buranın düzgün yer olmadığını başa salmaq və onları tamamilə bu fikirlərindən uzaqlaşdırmaq  lazımdır”.

Psixoloq Murad İsayev yol kənarlarında yaradılan xatirə-lövhələrin insanların psixologiyasına neqativ təsir göstərdiyini vurğuladı: “Yol kənarında o, insanın ruhunu əbədiləşdirmək məqsədilə hər hansı əklil və ya işarənin qoyulması həmin ərazilərdən avtomobillə keçdiyimiz zaman bu əkil və işarələr istər uşaq, istər böyük olsun onlarda neqativ, pessimist fikirlər yaradır, insanın psixologiyasına mənfi təsir edir. Buna görə də bu təzahür pislənməlidir”.

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı