Modern.az

Bu yolun uğurunu Ulu öndər öz həyatı ilə sübuta yetirdi

Bu yolun uğurunu Ulu öndər öz həyatı ilə sübuta yetirdi

8 May 2024, 17:33

Təhsil mövzusu, demək olar ki, hər ölkədə və hər dönəmdə ciddi müzakirə obyektidir. Ənənəvi təhsil üsulu ilə innovativ pedaqokika tərəfdarları arasında hər zaman qızğın mübahisələr gedir. Xüsusi ilə, müasir dövrdə təhsilin hafizəyə yaxud, yaradıcı təfəkkürə köklənməli olduğu barədə fərqli mülahizələr irəli sürülür. Bir tərəfdən Finlandiya kimi ölkələrdəki əyləncəli təhsilin faydaları, digər tərəfdən klassik təhsilə üstünlük verən Qərbin elitar məktərblərin effektivliyi qarşı-qarşıya qoyulur. Belə bir şəraitdə milli xüsusiyyətləri nəzərə alaraq ən uğurlu yolu seçmək üçün, sözsüz ki, xalqın fədaisi və öndərinə müraciət etmək gərəkdir. Müasir Azərbaycanın memarı olan Heydər Əliyev, müstəqil dövlətçiliyin zəmanəti olan təhsil sistemindən də yan keşməyib.

 

Qədim yunanlar hesab edirdilər ki, savadlı insan məlumatlı şəxsə yox, mədəniyyətin əsaslarını mənimsəmiş kəsə deyilir. Yunan mədəniyyətinin ədəbiyyat, fəlsəfə və əxlaq sahəsində nəaliyyətləri ilə tanış olduqdan sonra həyatda tətbiq etmək bacarığı insanı əsl savadlı edir. Bu yanaşma demək olar ki, bu və ya digər formada orta əsr cəmiyyətlərində hakim idi. Yunanların “savadlı” mənasında işlətdiyi “pius” sözü xristian aləmində dinin əsasları ilə tanış mömin şəxs mənasında işlənirdi. Ona görə orta əsr Avropa təhsili dini biliklər və ibtidai hesab-kitab bacarığı verməklə kifayətlənirdi. Maariflənmə zamanı bütün sadalananlara klassik ədəbiyyat bilgiləri də əlavə olundu. Şərqdə Quranla yanaşı, Nizami və Füzulini, Qərbdə isə Bibliya ilə yanaşı, Homer və Virgilini bilməyən təhsilli, savadlı və mədəniyyətli sayıla bilməzdi. Təbii ki, bütün bunlar insan hafizəsinin güclənməsini, hafizəmərkəzli təhsili qaçılmaz edir, bir çox hallarda əzbərçiliyə gətirib çıxarırdı. Sənaye inqilabından sonra təhsil sistemi fəhlə yetişdirməyə istiqamətlənməyə başladı. Uşaqlara hər sahədən ümumi biliklər verilir, praktiki məşğələlər keçirilirdi ki, uşaq böyüdükdə fərqli sahələrdə işçi kimi çalışa bilsin. Nəhayət, elmi inqilabdan sonra təhsilin yaradıcı təfəkkürə köklənməsinin zəruriliyi barədə danışılmağa başladı. İnformasiyanın əlçatan olduğu bir zamanda uşaqların hafizəsinə hesablanmış təhsil inkar edildi. Təbii ki, hər şeyi əyləncəyə və şouya çevirməkdə olan postmodernizm meyilləri də təhsildən yan keçmədi və təhsili tərbiyədən daha çox oyuna bənzətməyə çalışdı. Qeyd olunan yanaşmaların hamısının üstünlükləri ilə yanaşı, çatışmazlıqları da var. Təhsil insan yetişdirir, insan isə mürəkkəb və çoxşahəli varlıqdır, deməli, təhsil də biryönlü ola bilməz. Məhz burada Ului Öndər Heydər Əliyevin həyat yolu və irsi bizə yardımçı ola bilər.

 

Ulu öndərin ibtidai və orta təhsil aldığı dönəmlər ölkəmizin ən çətin dövrünə təsadüf edir. Bir yandan inqilab köhnə təhsil sistemini aradan aparmış, digər tərəfdən yeni bir sistem qurmamışdı. Ona görə 1920-ci illər Naxçıvan təhsil sistemində tez-tez dəyişən struktur və metodologiya dəyişiklikləri ilə yadda qalıb. Eyni zamanda Azərbaycan dilinin yalnız əlifbası deyil, qrammatikası da islahatların təsirinə düşmüşdü. Ziyalıların çoxunun ölkədən qaçması və ya repressiyalara məruz qalması ciddi müəllim çatışmazlığı yaratmışdı. Belə bir şəraitdə oxumaq, daha doğrusu,əla oxumaq şagirddən böyük əzm və həvəs tələb edirdi. Heydər Əliyevin bizə uşaq ikən verdiyi ilk dərs də bundan ibarətdir: daxili əzmkarlıq şəraitin bütün naqisliklərinə qələbə çala bilər. Əks təqdirdə, dünyanın ən yaxşı təhsil ocağında oxusan da, uğur əldə edə bilməyəcəksən. 1939-cu ildə Ulu öndər Naxçıvan Pedaqoji Texnikumunu bitirir. O zamankı Naxçıvan reallıqları onu ali təhsil almaq üçün bu təhsil ocağına yönəldir. Lakin pedaqoji təhsil bu dahi şəxsiyyət üçün az idi, quruculuq ruhu  onu Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə yönəldir. Lakin başlayan İkinci Dünya müharibəsi gənc Heydər Əliyevi təhsili yarımçıq qoyub, dövlət qurumlarında çalışmağa vadar edir. Ulu öndər dövlət işlərində çalışdı və Moskva ilə Leninqradda təhsil almaq imkanları qazandı. O zamanın çətinliklərini görməyən, rahat şəkildə təhsil alan gəncliyimiz üçün ən gözəl mesaj: ruhunu gücləndir, şəraitə qalib gəl! Müasir təhsil mütəxəssisləri də məhz bu yönə əhəmiyyət verməlidirlər. Hamı Heydər Əıiyev kimi daxilən əzmkar deyil, amma müəllimlər bu əzmkarlığı uşaqlarda tərbiyə edə bilərlər. Sosioloqların fikrincə, müasir Z nəsli öncəkilərdən məhz məqsədsizlik, hədəfsizlik və ümidsizliyi ilə seçilir deyə dağıdıcılığa meyillidirlər. Düşünürəm, belə bir nəslin yetişməsi tarixi determinasiya deyil. Ulu öndər timsalında nikbin, çalışqan və hədəfli gənclik tərbiyə etmək yaşlı nəslin əlindədir. Elə biz özümüz də bu baxımdan Ulu öndərdən nümunə götürməyi bacarmalıyıq: gənclərin taleyinə biganə qalmamaqla, onların inkişafı üçün əlmizdən gələni etməklə.

 

“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət hardan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”, - deyən Ulu öndər sıradan bir motivasiya sözü danışmır. O, şəxsi təcrübəsi ilə təsdiqlədiyi və düzlüyünə əmin olduğu siyasi bir xəritə çəkir: hər şeydə qənaət etmək olar, təhsildən başqa. Çünki təhsilə olan yatırım, uğurlu gələcəyə olan yatırımdır. Elə 1978-ci il Azərbaycan SSR-i Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olaraq təsbit edilməsi, bu yatırımlardan biri idi. Sovet İttifaqının qüdrətinin təntənəsini yaşadığı, milli-mənəvi dəyərlərin internasionalizmə qurban verildiyi bir dövrdə Heydər Əliyev böyük bir riskə gedir və milli kimliyin qorunması, ana dilində təhsilin inkişafına böyük sərmayə yatırır. Dünya klassiklərinin və elmi ədəbiyyatın Azərbaycancaya tərcüməsi, Azərbaycan dilində günün tələblərinə uyğun bədii və elmi əsərlərin nəşri Konstitusiyaya əlavə edilmiş bu mühüm bəndin nəticələri idi.  "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir", - deyən Heydər Əliyev bir daha ana dilində təhsilin əhəmiyyətini vurğulayır. 2003-cü ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun tətbiq edilməsi barədə"  Sərəncamı ilə Ulu öndər yeni çağırışlar müqabilində Azərbaycan dilini rəsmiləşdirmiş oldu. İstər dövlət, istərsə də şəxsi vəsaitlə xaricdə təhsil almaq asanlaşdı. İnternet əsrində daha geniş informasiya əldə etmək üçün xarici dillərə ehtiyac yarandı. Təhsilin keyfiyyəti, gənclərin təhsilə marağı Azərbaycanca yeni ədəbiyyatın ərsəyə gəlməsinə ehtiyac yaratdı. Bu şəraitdə qeyd olunan qanunun əhəmiyyətini anlamaq çətin deyil. Qloballaşn dünyada xalqların çoxu assimilyasiya məruz qaldığı bir zaman, ulu öndər Azərbaycan gəncliyini bu bəladan sığortaladı.

 

Ulu öndərin Azərbaycan SSR-nin rəhbərliyinə keçməsindən öncə 765 orta məktəb, 12 ali məktəb, 105 fakültə və 450 kafedra mövcud idi. O zamanlar üçün də bu çox kiçik göstərici idi. 1970-ci illərdə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” və “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qərarlar qəbul olundu. Nəticədə məktəblərin sayı 2100-ü keçdi. 300 mindən çox şagirdin asan təhsil almasına imkan yarandı. 8 illik orta təhsildən 10 illik orta təhsilə keçid edildi. Ali təhsil ocaqlarının sayı 17-yə, fakültələrin sayı 136-ya, kafedraların sayı isə 530-a çatdı. Təbii ki, tədrisə cəlb olunacaq müəllimlərə ehtiyac yarandı və pedaqoji institutlar inkişaf etdirildi. Ancaq bu qərarlardan sonra ali təhsillilərin sayı 40% artdı. 5 yeni ali təhsil ocağı təsis edildi, bu azmış kimi hər il 1000-ə yaxın gəncimiz digər ölkələrə təhsil üçün göndərilirdi.

 

Ulu öndərin təsis və inkişaf etdirdiyi Azərbaycan İnşaat Mühəndisləıri İnstitutu (indiki AzMİU), Gəncə Texnologiyalar İnstitutu (indiki ATU), Gəncə Pedoqoji İnstitutu, Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu (indiki BSU), N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutu, C. Naxçıvanski adına Hərbi Məktəb milli kadrların yetişdirilməsində müstəsna rol oynayırdı. Digər sovet respublikalarında ən yaxşı halda iqtisadi inkişafa səy göstərildiyi zaman, Heydər Əliyev təhsilin təkmilləşdirilməsinə önəm verirdi. Bir çox ölkələr təhsil sistemində rusifikasiyaya məruz qaldığı bir zamanda, Azərbaycanda rus bölməsinin şagirdləri azərbaycan dili, ədəbiyyatı və tarixi barədə əlavə dərslər alırdılar. Bir dövlətin müstəqil inkişafı nəyi tələb edirdisə, Ulu öndər həmin addımları atırdı və müstəqillikdən sonra atdığı addımların səmərəsini gördü.

 

İkinci dəfə hakimiyyətə gəldikdən sonra Ümummilli lider yenə də təhsil sahəsinə diqqətini artırdı. Yüksək bal yığan abiturientlərlə görüş, onlara ayrılanm Prezident təqaüdü gənclərin zəhmət və əzminə verilən dəyər idi. 1998-ci ildə “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət komissiyası haqqında” sərəncamı ilə Ulu öndər təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşmasını təmin etdi. Bunun üçün Ümumdünya Bankından vəsaitin ayrılmasına da nail olmuşdu. Nəticədə tədrisin məzmunu və məktəblərin madsdi-texniki bazası yeniləndi. Şagirdlər yeni nəsil kompyuterlərlə təmin olundu, xarici ölkələrdə yaşayan həmyaşıdları ilə eyni proqram üzrə təhsil almağa başladılar. Bu isə, onların gələckdə xarici universitetlərdə oxumasını, ətraf dünya ilə rahat ünsiyyət qurmasını, elmi-mədəni mübadilədə iştirak etməsini asanlaşdırırdı. Amma bundan daha mühümü ulu öndərin 1999-cu ildə söylədikləridir:  “… Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri daşıyır. Heç vaxt yol vermək olmaz ki, on illərlə yaranmış şeyi bir gündə vurub dağıdasan, ondan sonra heç bilmədiyin yeni bir qanun yaradasan”. Yəni müdrik dövlət başçısı yeniçiliyə təkamüllə gedirdi. Çünki inqilabi islahat dağıdıcıdır. Hər yeni addımın yeri möhkəmlənməmiş, növbəti addım atmaq təhlükəlidir. Ona görə yeni təhsil konsepsiyası xarici ölkələri kor-koranə təqlidçiliyi üzərində deyil, milli-mənəvi zəminə uyğunlaşdırılmış əsasda hazırlanmışdı. Necə ki, bu gün cənab Prezident İlham Əliyev gələcəyi ənənə ilə novatorluğun sintezində gördüyünü bildirir. Özü də bu tarixi və konseptual çıxışını Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş tədbirdə edir. Bəli, biz təhsilimizin inkiçşafını istəyirik, lakin inqilabi yollarla sonu bilinməyən sosial təcrübələr bahasına yox. Qarşımızda bir çox inkişaf etmiş ölkələrin intellektual vəmənəvi baxımdan deqradasiyaya məruz qalmış həmin Z nəsli olduğu halda, biz eyni yolu getmək məcburiyyətində deyilik. Ona görə ali təhsil ocağında, müəllim və tələbələrin qarşısında cənab Prezident Ulu öndərin siyasi xəttindən çıxış edərək bildirir ki, Azərbaycanda böyük-kiçik yeri bilinməli, ənənəvi ailə modeli qorunmalı, milli-mənəvi dəyərlərlə innovasiyalar uyğunlaşdırılmalıdır.

 

Bütün deyilənləri nəzərə alaraq, müasir dövrdə təhsillə bağlı gedən debatlarda öz mövqeyimizi qoymaq üçün kifayət qədər əsasımız var. Təhsilin inkişafı təkamül yolu ilə, ənənəvi və innovativ metodologiyanın inteqrə edilməsi ilə, ən əsası güclü şəxsiyyətin tərbiyəsinə yönəşik olmalıdır. Yalnız güclü şəxsiyyətlər özü olmaqdan qorxmaz, öz xalqı və dövləti üçün faydalı olmağa çalışar. Bu yolun uğurunu Ulu öndər öz həyatı ilə sübuta yetirdi.

 

Gülnarə Rzayeva,

UNEC-in departament direktoru, dosent.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi