Modern.az

Aqil Abbas: “Bu gün səhəri Ağdamdan gələn telefon zəngi ilə açdım”

Aqil Abbas: “Bu gün səhəri Ağdamdan gələn telefon zəngi ilə açdım”

20 Noyabr 2020, 10:45

“Bu günün səhərini Ağdam məscidinin qarşısından gələn zənglə açmışam. Ağdam Ordumuzun nəzarətindədir”.

Bu sözləri Modern.az-a ağdamlı deputat Aqil Abbas rayonun bu gün işğaldan azad olunması haqqında danışarkən söyləyib. O, mümkün olan ən qısa zamanda Ağdama getmək istədiyini dilə gətirib:


“Qarabağ qazisi Elməddin Sərdar mənə Ağdamdan, məscidin önündən zəng edib. Ordumuz Ağdamın içində, şəhərdədir. Ağdam rəşadətli ordumuzun nəzarətindədir. Orada ermənilər yaşamırdılar, yalnız hərbi hissələri yerləşdirilmişdi. Amma Ağdamın Ağdərəyə yaxın bir neçə kəndində ermənilər seyrək halda məskunlaşdırılmışdılar. Hamısı çıxıb, gediblər. Biz isə evimizə qayıdacağıq”.


Aqil Abbas ermənilərin Ağdamı viran etməsinə də toxunub. Deputat şəhərin yerlə-yeksan edilməsindən narahat olmamağı məsləhət görür:


“Heç bir azərbaycanlı şübhə duymasın ki, Ağdam yenidən qurulacaq. Ağdam dirçələcək. Hər şeyi yenidən tikib, quracağıq. Əsas odur ki, doğma torpağımız bizim nəzarətimizdədir. Quruculuq işlərinə ən qısa zamanda başlanacaq. 

Mən özüm də ilk fürsətdə, icazə verilən kimi Ağdama gedəcəyəm. Arzum odur ki, Pənah xanın qəbrini, qardaşımın, anamın qəbrini ziyarət edim. Ağdama ayaq basım, həyətimizdə çadır quracağam. Atamın Ağdamdakı evini, ermənilərin dağıtdığı o evi yenidən özüm tikəcəyəm. Ağdamı gözəl günlər gözləyir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir