Modern.az

Otuz il hüquqları pozulan köçkünlər üçün yeni dönəmin başlanğıcı - 1 dekabr

Otuz il hüquqları pozulan köçkünlər üçün yeni dönəmin başlanğıcı - 1 dekabr

Aktual

1 Dekabr 2020, 01:07

Otuz illik həsrətin düyününü qırx dön günlük müharibə ilə çözən Azərbaycan xalqı bir milyonluq qaçqın və məcburi köçkününün də hüquqlarını bərpa etmiş oldu. 30 ildir Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən hüquqları pozulan bir milyondan artıq soydaşımız indi öz-yurd yuvasına qayıdacaq və hüquqlarının bərpasına çalışacaq.

 

Bunun üçün torpaqlarımızın işğaldan azad edilməsi kifayət etdi, əlimizdə olan fiziki və maddi sübutların da sayı artmış oldu. İndi beynəlxalq faktaraşdırıcı missiyaların iştirakı ilə soydaşlarımızın hüquqlarının və haqqlarının pozulması öz hüquqi qiymətini alacaq.

 

Bəli, sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan tam azad olundu. Həmin bölgələrdə keçmiş məcburi köçkünlər və münaqişəyə qədər orada yaşamış erməni nümayəndələri yaşamağa davam edəcəklər. Bəs bu proses necə davam edəcək?

 

Mövzu ilə bağlı Modern.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov açıqlamasında bildirib: “Hansı ərazilərdə sülhməramlıların olacağı barədə bəyənat imzalandı. Dekabrın 1-ə qədər işğalda olan 3 rayon geri qaytarılacaq. Artıq proses başlayıb. Noyabrın 25-də Kəlbəcər daha sonra Ağdam və Laçın rayonları azad olundu. Artıq Azərbaycan Ordusu Laçındadır. Oralar yenidən bərpa olunub, bütün məcburi köçkünlər öz evlərinə geri dönəcək. Bu Ali Baş Komandanın tələbidir. Orada məhz Azərbaycan vətəndaşı olan və münaqişəyə qədər orada yaşayan insanlar yaşamağa davam edəcəklər. Müvəqqəti olaraq 5 il müddətində təhlükəsizliyi sülhməramlılar həyata keçirəcək. Qarşılıqlı etimad yaranandan sonra bu proseslər öz qaydasında davam edəcək. Həmin ərazilər Azərbaycanın ərazisidir. Digər rayonlardan fərqlənmirlər. Bu təhlükəsizliyə Azərbaycan dövləti tam qaranti verir.

 

Azərbaycanda bütün xalqlardan vətəndaşlar yaşayır. Bu insanların Azərbaycanda bütün hüquqları qorunur və gələcəcəkdə Azərbaycan ərazisində yaşayan ermənilərində eyni qayda da vətəndaş hüquqlarl qorunacaq. Amma bu gün Ermənistanda digər xalqların nümayəndəsi yaşamır. Məktəblər yalnız öz dilində tədris edilir.

 

Azərbaycanda yaşayan digər xalqların nümayəndələrindən də şəhid olanlar var. Hətta Milli Qəhrəman adına layiq görülənlər də müşahidə olunub. Bunlar Azərbaycan vətəndaşıdırlar və torpaq uğrunda şəhid olunlar. Gələcəkdə yaşayacaq ermənilərdə bu hüquqlara sahibdirlər”.

 

Bir çoxlarını dşündürən suallardan biri də Dağlıq Qarabağdakı ermənilərin aqibətidir. Onlar necə olacaq – deyə düşünənlər var. Hüquqşünas Çingiz Qənizadə ilə bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.


“Hər hansı bir dövlətin ərazisində məskunlaşıb, başqa dövlətin vətəndaşlığını daşımaq mümkünsüzdür. Ermənilər bizim ərazilərimizdə yaşamaq istəyirlərsə, vətəndaşlığımızı qəbul etməlidirlər”.

 

Bu fikirləri hüquq müdafiəçisi Çingiz Qənizadə Qarabağda – Xankəndində, Ağdərədə yaşayan ermənilər barədə danışarkən səsləndirib. O qeyd edib ki, bəzi ölkələrdə ikili vətəndaşlıq olsa da, ölkəmizdə bu qayda yoxdur və Azərbaycan qanunlarına tabe olmaq mütləqdir: “Azərbaycan qanunvericiliyində əsas vətəndaşlıq anlayışı var və hər kəs fəaliyyət göstərdiyi, yaşadığı dövlətin vətəndaşlığını qəbul etməlidir. O torpaqlar hansı dövlətə məxsusdursa, təbii ki, orada yaşayanlar həmin dövlətin vətəndaşlığını daşıyacaqlar. Qarabağ ərazisində yaşamaq istəyən mülki ermənilər hansı ki, Ermənistanın işğalı başlayana qədər orada yaşayıblar, onlar və ailə üzvləri qalmaq istəsələr, qalacaqlar. Lakin Azərbaycan qanunları çərçivəsində, Azərbaycan qanunlarına hörmətlə yanaşaraq, bunu qəbul etməlidirlər. Kim bunu qəbul etməsə, təbii ki, bizim səlahiyyətimiz var ki, həmin şəxsləri Azərbaycandan deport edək”.

 

Ç. Qənizadə xatırladıb ki, işğaldan sonra torpaqlarımıza qanunsuz məskunlaşma ilə Ermənistandan, Rusiyadan, dünyanın başqa dövlətlərindən erməni millətinə aid olan şəxslər gətirilib, yerləşdirilib:

 

“Bu insanların Azərbaycanda yaşamaq hüququ sıfıra bərabərdir. Çünki onlar qanunsuz şəkildə gəliblər. Buna görə arxivə baxılacaq və arxiv sənədləri əsasında tutuşdurmalar olacaq”.

 

Azərbaycan Ordusunun hələlik “Laçın dəhlizi”ndə yerləşmədiyini qeyd edən Ç.Qənizadə dəhlizin təhvil verilmədiyini söyləyib. O bildirib ki, rusiyalı sülhməramlılar Xankəndinə qaytarılan ermənilərin yalnız silah-sursat, qanunsuz və qadağan olunmuş vasitələr keçirməməsini yoxlayırlar:

 

“Gələn ermənilərin kimlər olduğu, sonradan köçürülüb-köçürülmədiyi məlum deyil. Amma kimlər gələcəksə, Azərbaycan hakimiyyəti həmin ərazilərdə tam bərpa olunduqdan sonra bunu müzakirəyə çıxaracaq, tədbirlər görüləcək.


İndiki durumda əsas istəyimiz arzumuz budur ki, Ermənistan ordusu və digər qanunsuz birləşmələr torpaqlarımızdan tamamilə çıxıb getsin. Mülki əhali silahsız vəziyyətdə öz evində qalsın. Mülki əhali Ermənistana getmək istəyirsə, biz sərhəd-keçid məntəqələrindən başqa dövlətlərə necə gediriksə, o qaydada keçəcək. Biz tələb etmirik ki, ermənilərin Ermənistanla əlaqəsi mütləq kəsilsin. Sivil cəmiyyətlərdə bu, necədirsə, bizdə də elə olacaq”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq Fərid Şəfiyev isə ermənilərin Dağlıq Qarabağla bağlı hüquqi statusu ilə bağlı müəyyən fikirlərə münasibət bildirərkən xatırladıb ki, beynəlxalq hüquqdan danışırıqsa, Azərbaycanda təkcə ermənilər deyil, digər milli azlıqlar, digər etnik qruplar uzun illərdir yaşayırlar. Ənənəvi etnik qruplar – yəni minillərdir burada məskunlaşanlar və yeni – 50-100 il bundan öncə köçmüş etnik qruplar Azərbaycan qanunlarına tabe şəkildə məskunlaşıblar: Onların hər biri Azərbaycan vətəndaşlarıdır, Konstitusiyamızdan irəli gələn bütün hüquqlardan istifadə edə bilərlər. Həmçinin ermənilər də həmin etnik qruplar kimi, Azərbaycan qanunlarına tabe, insan hüquq və azadlıqlarına sahib olmaqla yaşaya bilərlər. Amma burada müharibə faktoru var. Gələcəkdə bu regionda ermənilər də azərbaycanlılar da yaşayacaqlar. Heç kim bu region tərk edən deyil. Ona görə, digər böyük dövlətlər, vasitəçi funksiyasını yerinə yetirənlər, gələcəkdə beynəlxalq hüuqun qorunub saxlanmasına xidmət etməlidirlər. Yəni ki, Azərbaycanın ərazi bütövlüyü qorunalıdır.

 

Ekspert hesab edir ki, həmin ərazi bütövlüyü çərçivəsində ermənilərin yaşaması qabardılmalıdır:

 

Əgər ədalətdən danışırıqsa, azərbaycanlıların ermənistanda yaşaması məsələsinə də toxunmalıyıq. Deməli, gələcəkdə azərbaycanlılar da Ermənistana qayıtmalıdırlar. Bu məsələdə anlaşmaya nail olsaq, deməli gələcək nəillər üçün sülhə nail ola biləcəyik. Amma əgər söhbət hansısa etnik ayrıseçkiliyi dvam etdirməkdən, müharibənin fəsadlarını sürdürməkdən gedirsə, onda təbii ki, regionda anlaşmazlıq həmişə mövcud ola bilər. Ermənilər yeni ərazi iddiası irəli sürməməli, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Sülhün əsas elementi budur. Bundan sonra ermənilərin hüquqları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunur.

 

Beləliklə, 30 illik münaqişənin bitməsi ilə 1 milyonluq məcburi köçkünlərimizin hüquqlarının bərpası ilə yanaşı, Dağlıq Qarabağda yaşayan erməni əslli vətəndaşlarımızın da Azərbaycan dövlətinin qanadları altında, şanlı bayrağımızın kölgəsində xoş güzaranı başlayacaq. İllərdir onların da hərbi-xunta rejimi altında hüquqları pozulurdu. Əsarət və təcrid vəziyyətində yaşayırdılar. Hesab edirəm ki, 10 dekabr – İnsan Hüquqları Gününü indi Azərbaycan xalqı da sevinclə qeyd edə biləcək.


Namidə Bingöl

Yazı Ombudsman Aparatının 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda keçirdiyi jurnalist yazılarının ənənəvi müsabiqəsinə təqdim etmək üçündür!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı