Modern.az

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin məhkəməsi başladı

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinin məhkəməsi başladı

Aktual

2 Aprel 2021, 11:20

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşının vergi və dövlət rüsumlarını qəsdən azaldaraq mənimsəməsi və digər bu kimi qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Əbdürəhimov Mahir Şahbaz oğlu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyərkən müxtəlif ünvanlarda şəxsən və qeyriləri vasitəsi ilə ümumilikdə 393 nəfərdən ibarət ayrı-ayrı vergi ödəyicilərini aldatdığ müəyyənləşib. O, ödənişlərini onların adından daha sürətli və ödəyicilər üçün rahat şəkildə dövlət büdcəsinə ödəyəcəyini bildirməklə aldığı cəmi 820 min manat təşkil edən pul vəsaitlərini büdcəyə ödəmədən şəxsi ehtiyaclarına sərf edib.

 

Habelə törətdiyi cinayət əməllərini gizlətmək məqsədilə eyni məbləğdə ödənilmiş vergi və dövlət rüsumlarını azaldaraq həmin şəxslərin şəxsi hesab vərəqələrində əks etdirməklə işlədiyi dövlət qurumunun rəsmi informasiya resursu hesab olunan proqram təminatına yalan məlumatlar daxil edib.

 

Bundan başqa, Mahir Əbdürəhimovun həmin vəzifədə işləyərkən öz xidməti vəzifəsini lazimi qaydada yerinə yetirməməklə etdiyi səhlənkarlıq nəticəsində 62 nəfər ayrı-ayrı vergi ödəyicilərinin vergi qismində ödədiyi ümumilikdə 66 min manat pul vəsaiti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ödənilməyib.

 

Həmçinin, o, həmin vəzifədə işləyərkən qeyd edilən mənimsəmə və digər qanunsuz əməllərini gizlətmək məqsədilə həmin ödənişlərin qeydiyyatının aparıldığı qurumdaxili informasiya resursu hesab olunan proqram təminatında guya nöqsanların olması görüntüsü yaratmaqla ümumilikdə 187  min manat məbləğində pul vəsaitini digər şəxslərin adından edilən ödəniş kimi göstərməklə düzəlişlər aparıb.

 

Qeyd edilən qanunsuz əməlləri ilə Mahir Əbdürəhimovun külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamasına, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına, ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyənləşib. O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

İş üzrə ibtidai istintaq zamanı vurulmuş maddi ziyandan 271 min manatının ödənilməsi təmin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı