Artıq yola salmağa hazırlaşdığımız COVID-19 pandemiyası miqyasına və təsir gücünə görə İkinci Dünya Müharibəsindən sonra bəşəriyyətin üzləşdiyi ilk və qlobal miqyaslı bəla sayılır. İki ildən çox müddətdə davam edən pandemiya bütün Yer planetində hər kəsin həyatına təsir göstərdi. İnsanlar ağla gəlməyən tərzdə yaşamağa alışdılar – evdən bayıra çıxmaq qadağan olundu, maskasız gəzmək mümkünsüzə çevrildi. Məktəblər iş yerləri bağlandı...
Artıq Azərbaycanda tibbi maskadan istifadənin məcbur edən qadağa aradan qaldırıldı. Mayın 1–dən etibarən qapalı məkanlar, ictimai nəqliyyatda və digər yerlərdə maska ilə gəzmək vacib deyil. Demək olar k, infeksiya son günlərini yaşayır. Beləliklə 20 aprelə qədər olan məlumata görə, COVID-19 virusu bütün dünyada 509 milyondan çox insan COVID-19-a yoluxub. 6 milyon 220 mindən çox xəstə isə dünyasını dəyişib...
Xoşbəxtlikdən koronovirus bəşəriyyətin üzləşdiyi ən ölümcül xəstəlik deyil. Dünyadakı epidemiyaların və pandemiyaların tarixi daha kədərli səhifələrə malikdir. Bəşər tarixində bir çox ölkələri əhatə edən, minlərlə, milyonlarla insanın həyatına son qoyan qlobal epidemiya və pandemiyalar əvvəllər də olub. Bu yazıda onlardan bəzilərinə nəzər salacağıq.
Tariximizdən də yaşlı epidemiya: e.ə. təxminən 3000 il əvvəl
Təxxminən 5 min bundan əvvəl Çində müəmmalı bir xəstəlik bütün bir regionu məhv etmişdi. Arxeoloqlar ölkənin şimal-şərqində tapdıqları evlərin divarları insan skeletləri ilə dolu idi. Bəlkə də dünyada epidemiyaların və pandemiyaların tarixi məhz buradan başlayıb. Alimlər belə düşünürlər ki, bu infeksiya hər yaşda olan insanlar üçün ölümcül olub. Xəstəlik o qədər sürətlə yayılıb ki, ölənlərin cəsədini basdırmağa belə heç kimin nə vaxtı, nə də gücü qalmırmış. Bu gün "Hamin Manqa" adlanan bu yaşayış məskən yer üzündə belə epidemiyaların ən qədim nümunələrindən biridir.
Afina taunu: b.e.ə. 430-426-cı illər
Afinada bu epidemiyanın hansı səbəbdən yayıldığı indiyədək bəlli deyil. Taun olduğu güman edilən xəstəlik əslində tif, Ebola virusu və ya digər infeksiyalar da ola bilərdi. Bu xəstəlik təxminən 100.000 insanın həyatına son qoyub ki, bu da qədim dövr üçün böyük rəqəmdir. Epidemiyanın nəticələri Afina və Sparta arasındakı müharibədən daha betər olmuşdu.
Antonin taunu: 165-180-ci illər
Roma imperiyası dövründə 5 milyon insanın həyatına son qoyan xəstəlik baş qaldırıb. Bu xəstəliyin də əslində taun olduğu tam bəlli deyil. Epidemiyanın çiçək xəstəliyi ola biləcəyi də güman edilir. Belə ehtimal olunur ki, Hindistanla müharibədən qələbə ilə qayıdan ordunun əsgərləri xəstəliyi də özləri ilə gətiriblər. Qərb aləmində belə xəstəliklərə qarşı immunitet olmadığına görə Roma imperiyasında əhalinin 25 faizində yoluxma baş verib. Paralel olaraq Çində də eyni epidemiya baş qaldırmışdı.
“Antonin taunu” Roma imperiyasının əhalisinin azalmasına səbəb oldu. Fiziki əməyin qiyməti kəskin artdı. Epidemiya Roma imperiyasının, şərqdə isə Han imperiyasının dağılması ilə nəticələndi. Şərqdə isə Xan imperiyası dağılmış oldu.
Bu xəstəlik insanlar arasında dini ideyaların yaylmasına səbəb oldu. Romada xristianlıq, Çində isə buddizmin yayılmasına gətirib çıxardı. İnsanların mənəviyyatında köklü dəyişikliklər baş verdi.
Kiprian taunu: 250-271-ci illər
Yepiskop Karfaggen Kiprianın adı ilə adlandırılan bu xəstəlik hər gün Romada 5 min insanı öldürürdü. Ümumilikdə xəstəliyin 1 milyon ölümə səbəb olduğu güman edilir. Alimlər bu infeksiyanın dəqiq adını bilmədiklərinə görə onu taun adlandırıblar.
Sənədləşdirilmiş ilk epidemiya – Yustinian taunu
Bu xəstəlik bizim eranın 541-750-ci illərində 2 əsr boyunca Bizans İmperiyasında davam edib. İlk rəsmi və kifayət qədər ətraflı sənədləşdirilmiş pandemiyadır. Bizans imperatoru I Yustinian dövründə başlayan xəstəlik bütün sivil dünyanı bürümüşdü.
Epidemiya haqqında ilk məlumatı Bizans tarixçisi Procopius verib. Xəstəliyin Misirdən gələn taxıl gəmilərindəki yoluxmuş siçovullar tərəfindən yayıldığı güman edilir. Xəstəliyin ilkin mərhələsi 8 il çəkib (541-549). Tarixçilər Konstantinopolda (indiki İstanbul) gün ərzində 10 min insanın bu xəstəlikdən öldüyünü yazırlar. Xəstəlik zamanla öz-özünə yox olsa da, dövrün ən sıx məskunlaşdığı şəhərlərindən biri olan Konstantinopol əhalisinin 40 faizini itirdi. Ümumilikdə, ekspertlərin fikrincə, pandemiya təxminən 90 milyon insanın həyatına son qoyub. Bu taun nəticəsində yaranmış siyasi və demoqrafik boşluğu İslam dini doldurmuş oldu.
“Qara ölüm” XIV əsr 1346-1353-cü illər
Bubon taununun ikinci pandemiyası Çin və qərbi xristian bölgəsini əhatə etdi. Belə güman edilir ki, İpək Yolunun aktivləşməsi vəbanın Monqol səhralarından Ukraynaya, Avropaya qədər gedib çıxmasına şərait yaradıb. 200 milyon insanın həyatına, yaxud yer əhlinin 60 faizinin qırılmasına gətirib çıxardı. Bu xəstəlik Avropanın texniki və siyasi baxımdan inkişafına təkan vermiş oldu.
Amerikada çiçək xəstəliyi– XVI əsr
Yoluxucu xəstəliklər Avropadan Amerikaya keçdi. Amerika üçün bunlar yeni xəstəliklər idi. Nəticədə Meksika və Perunun yerli əhalisinin 95%-i tələf oldu. Asteklərin və İnkaların sivilizasiyaları məhv oldu. İki əsr sonra oxşar hadisə Avstraliya və Okeaniyada təkrarlandı, burada avropalılar və aborigenlər arasında əlaqə onların kütləvi məhvinə səbəb oldu. Avropalıların Amerikanı ələ keçirməsinə şərait yaradı.
Avropada bir birinin ardınca taun xəstəliyi yayılırdı. Böyük Britaniyada (1665-1666-cı illər) Böyük Britaniyada Qara Ölümün son böyük epidemiyası London sakinlərinin 15%-i də daxil olmaqla 100.000 insanın həyatına son qoydu və epidemiyanın sonunda paytaxtı başqa bir faciə gözləyirdi - Böyük London yanğını, dörd gündə şəhərin böyük hissəsini məhv etdi.
Marsel limanından başlayan və daha bir neçə şəhəri əhatə edən vəba epidemiyası ən azı 100 min insanın ölümünə səbəb oldu. İnfeksiyanın yayıldığı üç il ərzində Marsel əhalisinin üçdə biri öldü.
Vəba pandemiyası: XIX əsr
XIX əsrdə dünya axı 3 dəfə böyük miqyaslı vəba pandemiyası ilə üzləşi. İlk epidemiya zamanı 1816-1826-cı illərdə Avropa və Asiyada ən azı 100.000 insan həyatını itirdi. 1829-1851-ci illərdə yayılan ikinci epidemiya Şimali Amerikaya da təsir etdi. Ən geniş epidemiya isə 1852-1860-cı illərin üçüncü pandemiyası oldu ki, bu zaman qurbanların 1 milyonu keçmiş oldu.
Çiçək xəstəliyi: 1877-1977
Bir əsr ərzində bu xəstəlik yer üzündə 500 milyondan çox insanı tələf olub. Çiçək xəstəliyindən sonuncu ölüm 1978-ci ildə qeydə alınıb. Xəstəliyə yalnız xüsusi bir peyvəndlə qalib gəlmək mümkün oldu.
İspan qripi: 1918-1920
“İspan qripi” yoluxma və ölüm sayına görə bəşər tarixində ən böyük pandemiya sayılır. Xəstəlik cəmi bir neçə il ərzində 100 milyona qədər insanın həyatına son qoydu. Eyni zamanda, H1N1 qripinin A virusuna yoluxanların sayı da yarım milyard nəfəri ötdü. Ümumilikdə dünya əhalisinin təxminən 5%-i “ispan qripi”ndən dünyasını dəyişdi.
Asiya qripi: 1957-1958
Bir neçə quş qripi virusunun qarışığı Çində yeni bir virusun yaratdığı pandemiyaya səbəb oldu. İnfeksiyanın bütün dünyada sürətlə yayılması Asiya və ABŞ-da 1 milyon 100 mindən çox insanın ölümünə səbəb olub.
Honq Konq qripi: 1968-1969
H2N2 alt tipli qrip A virusunun H3N2-yə mutasiyaya uğraması və Honq-Konq qripinin törədicisinə çevrilməsi təxminən 10 il çəkdi. 1960-cı illərin sonunda bu infeksiya bütün dünyada təxminən 1.000.000 insanı öldürərək, tarixin ən yoluxucu və ölümcül epidemiya və pandemiyalarından birinə çevrildi.
HİV epidemiyası: 1980-ci ildən
Yarım əsrdən artıqdır ki, bəşəriyyət İnsan İmmunçatışmazlığı Virusu (İİV/HİV) ilə mübarizə aparır. Antiretrovirus terapiya xəstəliyin gedişatını yavaşlatsa da, bu müddət ərzində xəstəliyə qalib gəlmək mümkün olmayıb. Ümumilikdə, HİV/AİDS bu günə qədər 35 milyondan çox insanın həyatına son qoyub.
“Donuz” qripi (A/H1N)1 pandemiyası: 2009-2010
“A qripi”nin alt növü H1N1, daha çox "donuz" və ya "Meksika" qripi kimi tanınır. Bu infeksiya da demək olar ki, bütün planeti əhatə etdi və təxminən 600 min insanın həyatına son qoydu. XXI əsrin ən ölümcül qriplərindən birinə çevrilən “donuz” qripi bəşər tarixində epidemiya və pandemiyaların təəssüf ki, üçüncü minilliyə qədər də davam edəcəyini açıq şəkildə göstərdi.
Ebola epidemiyası: 2013-2015 – ən ölümcül virus
Dünyadakı bütün epidemiyalar arasında Qərbi Afrikada yayılmış Ebola insanlar üçün ən ölümcül xəstəlikdir. Epidemiya Qərbi Afrikada başladı və təcrübəsiz yerli mütəxəssislər epidemiya ilə mübarizəyə hazırlıqsız çıxdılar. 11 mindən çox insanı öldürən qripin yayılmasını beynəlxalq ictimaiyyətin köməyilə dayandırmaq mümkün oldu.
Azərbaycanda epidemiyaların tarixi
Azərbaycan tarixinin də müəyyən dövrlərində, dünyada minlərlə, milyonlarla insanın həyatına son qoyan epidemiyalar olub. Atabəylər dövründə də taun xəstəliyi kütləvi şəkildə yayılmışdı. Bu xəstəlik Atabəyin ordusuna böyük ziyan vurmuşdu (yanvar, 1174). Hər yüz döyüşçüdən, demək olar ki, hamısı ölürdü.
Kütləvi ölümə səbəb olan qorxulu epidemiyalar XV əsrdə də (Qaraqoyunlu, Ağqoyunlu və Şirvanşahlar dövründə) baş vermiş və bu da çoxsaylı insan itkisi ilə nəticələnmişdi. 1369-cu ildə Təbrizdə yayılmış vəba xəstəliyi nəticəsində 300 min adam tələf olmuşdu. 1487-1490-cı illərdə isə Təbrizdə üç dəfə vəba xəstəliyi yayılmış və xeyli adam tələf olmuşdu. Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin hakimiyyəti dövründə (1497-1501) Azərbaycanda zülmün və vəba xəstəliyinin nəticəsində xeyli adam ölmüş, əhali yoxsullaşmış, bir hissəsi də vətənini tərk etmək məcburiyyətində qalmışdır.
1538-ci ildən müəyyən mərhələlərlə ta 1581-ci ilədək Təbrizdə yenidən vəba xəstəliyi yayılmış, bu müddət ərzində xeyli insan tələfatına səbəb olmuşdu. Həmin illərdə təsərrüfat həyatı da çoxlu ziyan çəkmişdi. 1578-79-cı illər Təbrizdə baş verən qıtlıqdan və bahalıq nəticəsində gündə 50-60 nəfər acından ölürdü. Təkcə 1580-1581-ci illərdə şəhərdə vəba xəstəliyindən gündə 200-300 nəfər insan həyatını itirmişdir. Həmin ildə yayılmış xəstəlik nəticəsində Təbriz və onun ətraf mahalında 6 min nəfər tələf olmuşdu. Bu, həmin dövrdəki müharibələrlə əlaqədar idi.
Ərdəbildə taun və vəba epidemiyası
Qədim tarixə malik qorxulu epidemiyalar neçə-neçə abad şəhərləri viran qoymuşdur. Məsələn, Ərdəbil özünün böyüklüyü və qədimdən qalmış gözəlliyi ilə başqa şəhərlərdən üstün idi. Azərbaycanın bəzi yerlərində və onunla qonşu olan ölkələrdə baş verən taun xəstəliyi Ərdəbildən də yan keçmədi və onun iqtisadi tənəzzülə uğramasına səbəb oldu. 1573-74-cü illərdə taun xəstəliyindən Ərdəbil darülirşadında 30 minədək insan həyatını itirdi. 1623-cü ildə də vəba və taun xəstəliyi şəhərə yenidən yayıldı və on minlərlə insanın ölümünə səbəb oldu.
Mövcud mənbələrin göstərdiyinə görə Azərbaycan daim yoluxucu xəstəliklərin zərbəsinə məruz qalmış ölkələr sırasında olub. Tarixən ölkə ərazisində baş verən təbii fəlakətlər, kütləvi şəkildə yayılan xəstəliklər, sarsıdıcı hücumlar çoxsaylı insan itkisi ilə nəticələnib. Hələ 1578-1579-cu illərdə Osmanlı-Krım ordusunun hərbi əməliyyatları, dağıntılar, qarətlər nəticəsində də Azərbaycanda şiddətli aclıq və taun xəstəliyi tüğyan etmişdir, ölənlərin sayı-hesabı yox idi.
XVII əsrin ikinci yarısında– 1677-78-ci illərdə taun xəstəliyi Dağıstanda da yayılmışdı. Epidemiyanın yeni dalğasının uzun müddət davam etməsi nəticəsində xəstəlik Şamaxı və onun ətraflarında 70 min adamın ölümünə səbəb olmuşdu. Bu xəstəlik 1726-cı ildə Rəştdə də baş vermiş və xəstəlik dəniz havası ilə şimalda böyük ərazilərə yayılmışdı. 1763, 1799-cu illərdə Şirvanda və xüsusilə Ağsu şəhərində də şiddətli taun xəstəliyi baş vermişdi. 1822-ci il ümumi vəba ili hesab edilirdi.
Azərbaycanda vəba barakları
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda tüğyan edən vəba, taun epidemiyaları əhali arasında böyük tələfata səbəb olurdu. Buna görə 1914-1917-ci illərdə Azərbaycanda vəba barakları yaradılmışdı. İndiki Kliniki Tibbi Mərkəzin yerində inşa edilmiş vəba barakları ölümağızlı xəstəlikdən xilas olmaq üçün ümid qapısına, şəfa mənbəyinə çevrilmişdi…
1954-cü ildən etibarən poliomielit epidemiyaları dövrü olaraq artıq dünyanın 61 ölkəsində baş vermişdi. Sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və ölümlə nəticələnə bilən bu xəstəlik Azərbaycanda da qeydə alınmışdı.
Hazırda Azərbacyanda yalnız müasir dünyanın üzləşdiyi yoluxucu xəstəliklər yayılır. İndi ölkəmiz də COVID-19-la aktiv şəkildə mübarizə aparır. Məlum olduğu kimi, koronaviru yalnız yoluxma və ölüm halları ilə kifayətlənməyərək dünya ölkələrinin iqtisadiyyatına, səhiyyə və təhsil sisteminə, digər sosial sahələrə və ümumilikdə insan psixologiyasına dağıdıcı təsirlər göstərmiş oldu. Məqalədə barəsində söz açılan virusların əksəriyyətinin insan beyninə məğlub olduğunu nəzərə alsaq, COVID-lə bağlı da uğurlu nəticə əldə edəcəyimizə ümid yaranır.
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.