Modern.az

300 min azərbaycanlı həyatını itirdi, qarşılığında soydaşlarımızı deportasiya etdilər - DEPUTATDAN AÇIQLAMA

300 min azərbaycanlı həyatını itirdi, qarşılığında soydaşlarımızı deportasiya etdilər - DEPUTATDAN AÇIQLAMA

Ölkə

31 Mart 2014, 11:52

Milli Məclisin deputatı Eldar Quliyev hər il Azərbaycanlılarının Soyqırımı günü kimi qeyd edilən 31 mart tarixinin cəmiyyətin toparlanması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və dünya azərbaycanlılarının daim bir yerdə olması baxımından əvəzsiz əhəmiyyət daşıdığını deyib.

Modern.az-a açıqlamasında o, bildirib ki, bu günün qeyd edilməsi mərhum dövlət başçısı Heydər Əliyevin əməyinin nəticəsidir:
“Ulu öndər Heydər Əliyev 31 martı rəsmi olaraq Azərbaycanlıların Soyqırımı günü kimi tarixə saldı. Artıq neçə ildir ki, harada yaşamalarından asılı olmayaraq dünya azərbaycanlıları bu günü qeyd edirlər”.

Eldar Quliyev tarixə ekskurs edərək İkinci Dünya Müharibəsini yada salıb: “Həmin müharibədə 650 min azərbaycanlı iştirak edib. Onlardan 300 mini öz həyatlarını itirib və 350 mini geri qayıtsa da, onların təxminən 30-40-%-i əlil olub. Azərbaycanlılar həmin müharibədə Sovet İttifaqına bu şəkildə kömək ediblər. Hələ mən müharibənin Bakı nefti hesabına udulmasını demirəm. Ancaq bu müharibənin bitməsindən 1-2 il keçəndən sonra azırbaycanlılar öz əzəli torpaqları olan İrəvandan deportasiya olundular. Müharibədə göstərdikləri igidliklərin qarşılığını belə verdilər. Bu onu göstərir ki, hansı xidmətləri yerinə yetirməyimizdən asılı olmayaraq, dünyanın super gücləri həmişə bizə qarşı haqqsız, ədalətsiz mövqe sərgiləyiblər”.

Deputat deyib ki, son bir əsrdə azərbaycanlıların başına gələn soyqırımı və deportasiyaları dünyanın diqqətinə çatdırmaq o qədər də asan deyil:

“Əslində dünya bundan xəbərdardır. Ancaq özünü bilməzliyə vurur. Uzağa getməyək, 22 il öncə Xocalıda ermənilər xalqımıza qarşı soyqırımı törətdilər. 600-dən çox insan qətlə yetirildi, minlərlə insan əsir götürüldü. Ancaq dünya ictimaiyyəti bu məsələlərə hələ də ikili standartla yanaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bir neçə ildir ki, bütün dünya miqyasında “Xocalıya ədalət” kampaniyasına start verib. Onun rəhbərliyi ilə bu məsələlər dünyanın hər yerində yayılır və tanınmağa başlayır. Buna böyük əmək sərf olunur. Halbuki, bu soyqırımı baş verib və Xocalı soyqırımı azərbaycanlılara qarşı deyil, bəşəriyyətə, sülhsevərlərə, insanlığa qarşıdır. 20 ildən artıqdır ki, Azərbaycanın 20% torpaqları işğal olunub. Dünyanın əksər dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Yalnız bunu bəyan etməklə onlar öz fəaliyyətlərini bitmiş hesab edirlər. Gizli və açıq şəkildə isə Ermənistana dəstək verirlər. Halbuki, torpaqlarımızı Ermənistan işğal edib. Soyqırımını Ermənistan törədib. Bu da ikili standartların davam etdiyinin bariz nümunəsidir”.

Deputat deyib ki, bu gün işğalçı dövlət olan Ermənistanda “Metsamor” AES yenidən qurulmaq üzrədir: “Bu dövlətin əsas siyasəti terrorçuluq, soyqırımı və başqa millətlərin məhv edilməsi üzərində qurulub. Bu gün demək olar ki, Ermənistanda bir nəfər də olsun başqa millətdən olan nümayəndə yoxdu. Ermənistan Ruisyanın forpostu kimi fəaliyyət göstərir. Belə bir ölkədə dünyanın icazəsi ilə “Metsamor” Atom Elektrik Stansiyasının quraşdırılması ətraf dövlətlərə təhdid deməkdir. Çünki dövlət siyasətini işğalçılıq təşkil edən Ermənistana heç kim zəmanət verə bilməz ki, sabah bu AES-lə qonşu dövlətləri təhdid etməyəcək. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni BMT tribunasından səsləndirdi. Ancaq dünya bu məsələyə hələ də laqeyd yanaşır. 20 ildən artıq Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasını beynəlxalq müstəvidə öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu guya ki, fəaliyyət göstərir. Bu qrupun fəaliyyətinin nədən ibarət olduğu bilinmir. Fəaliyyət ondan ibarətdir ki, Qarabağ probleminin həllində heç bir irəliləyiş yoxdur. Bütün bunlar onu göstərir ki, dünya haqsızdır, ədalətsizdir”.

E.Quliyev bütün problemləri Azərbaycanın öz gücünə həll edəcəyini vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə biz öz haqqımızı alacağıq. Mən buna əminəm. İllər öncə tanınmayan Azərbaycan indi dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Bütün bunlar əminlik yaradır ki, biz bütün problemlərimizi özümüz həll edəcəyik”.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı