Modern.az

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəfat edib

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəfat edib

Ölkə

2 Yanvar 2015, 13:30

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev yanvarın 1-də dünyasını dəyişib.

Modern.az saytı xəbər verir ki, S.Qarayev uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum bu gün II Fəxri xiyabanda torpağa tapşırılıb.

Siyavuş Qarayev 30 aprel 1942-ci ildə Samux rayonunda anadan olub. 1959-cu ildə Gəncə şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1964-cü ildə «kimyaçı» ixtisası alaraq universiteti bitirib, təyinat  üzrə  Ümumittifaq  Elmitədqiqat Olefinlər İnstitutunda mühəndis, sonra isə Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun Sumqayıt filialında kiçik elmi işçi işləyib. 1967-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNA) aspiranturasına daxil olub, 1970-ci ildə namizədlik, 1981-ci ildə isə M.Lomonosov adına Moskva Zərif Kimya Texnologiyası İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.

1970-1982-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, «Üzvi kimya» kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini vəzifələrində çalışıb.
1982-ci ildən indiyədək «Üzvi kimya» kafedrasının müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı, 1997-ci ildən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru idi.

S.F.Qarayev Beynəlxalq Elmlər Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq Mühəndislik Akademiyasının və Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü, Çin Neft Universitetinin fəxri professorudur.

S.Qarayev 550-ə yaxın  elmi əsərlərin müəllifidir. Akademik S.Qarayev «Üzvi kimya» ixtisası üzrə doktorluq alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Şuraların üzvü və namizədlik alimlik dərəcəsi verən Dissertasiya Şuralarının sədri olub. Onun elmi rəhbərliyi ilə 23 elmlər namizədi hazırlanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi