"Mayın 6-da Fransa Senatında çıxış edən Fransanın Avropa və xarici işlər naziri Jean Noel Barron, Prezident Emmanuel Macronun Ermənistana səfərindən eyforiyaya qapanaraq açıq şəkildə qərəzli və əsassız mövqe nümayiş etdirdi. Nazir, erməni auditoriyasının rəğbətini qazanmaq naminə Azərbaycan əleyhinə ittihamlar səsləndirərək, regiondakı reallıqları ya bilmədiyini, ya da bilərəkdən təhrif etdiyini ortaya qoydu".
Bu sözləri Modern.az-a açıqlamasında deputat Azər Badamov vurğulayıb.
Deputat qeyd edib ki, Jean-Noel Barron Azərbaycanın artıq çoxdan tarixə göndərdiyi “Dağlıq Qarabağ” ifadəsini işlədərək bölgədə guya erməni irsinin və bəzi tikililərin dağıdılması ilə bağlı narahatlığını ifadə edib:
"Halbuki, Azərbaycanın ərazisində “Dağlıq Qarabağ” adlı inzibati və ya siyasi vahid yoxdur. Mövcud olan Qarabağ iqtisadi rayonudur və beynəlxalq hüquq baxımından həmin ərazilər Azərbaycanın ayrılmaz suveren torpaqlarıdır. Əgər Fransa rəsmisi doğrudan da hüquqi terminologiyaya hörmət edirsə, məhz bu ifadədən istifadə etməlidir".
O bildirib ki, nazirin bölgədə erməni irsinin dağıdılması barədə səsləndirdiyi iddialar da reallıqdan uzaqdır. Azərbaycan dövləti öz ərazisində yaşayan bütün xalqların dini və mədəni irsini qoruyur:
"Bunun ən açıq nümunələrindən biri Bakının mərkəzində yerləşən erməni kilsəsinin dövlət tərəfindən mühafizə olunması və burada minlərlə erməni dilində kitabın saxlanılmasıdır. Azərbaycan heç vaxt dini və ya etnik mənsubiyyətə görə mədəni irsə qarşı siyasət yürütməyib. Bununla yanaşı, separatizmi və işğalçı ideologiyanı təbliğ edən qanunsuz simvol və tikililərin aradan qaldırılması tamamilə legitim addımdır və hər bir suveren dövlətin hüququdur".

Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında saxlanılarkən, həmin ərazilərdə yerləşən 67 məsciddən 65-i dağıdılarkən, qalan iki məsciddə donuz saxlanılarkən Fransa rəsmiləri harada idi?
"İşğal dövründə Azərbaycan xalqının mədəni və dini irsi sistemli şəkildə məhv edilərkən, o cümlədən İrəvandakı Göy Məscidi farslaşdırılarkən niyə eyni həssaslıq nümayiş etdirilmirdi? Bu ikili yanaşma Fransanın məsələyə obyektiv deyil, siyasi maraqlar prizmasından baxdığını göstərir.
Jean-Noel Barrot çıxışında UNESCO missiyasının bölgəyə göndərilməsi məsələsini də gündəmə gətirib. Halbuki Azərbaycan illər boyu UNESCO-nu işğal altındakı ərazilərə dəvət edərək, erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdiyi vandalizm aktlarının araşdırılmasını tələb edib. Təəssüf ki, həmin çağırışlara uzun müddət məhəl qoyulmayıb".
A. Badamov vurğulayıb ki, nazirin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı “narahatlıq” ifadə etməsi də diqqət çəkir:
"Bu gün həm Azərbaycan, həm də Ermənistan gələcəyə sülh və əməkdaşlıq prizmasından baxdıqlarını bəyan edir, regionda davamlı sabitliyin qurulmasına çalışırlar. Belə bir şəraitdə Fransa rəsmilərinin birtərəfli və təxribat xarakterli bəyanatlar verməsi regional sülh prosesinə xidmət etmir, əksinə, ölkələr arasında münasibətlərə kölgə salır.
Bu gün Cənubi Qafqazda yaranmaqda olan yeni əməkdaşlıq və dialoq mühitindən heç kim narahat olmamalıdır. Xarici aktorlar isə regionda sülhün möhkəmlənməsinə dəstək vermək əvəzinə, birtərəfli ittihamlar və anti-Azərbaycan ritorikası yaymaqdan çəkinməlidirlər. Fransa rəsmilərinin də məsuliyyətli davranaraq tarixi faktlara, beynəlxalq hüquqa və regionun yeni reallıqlarına hörmət etməsi vacibdir" - o sonda deyib.