Xankəndi, Ağdərə və Xocalı rayonlarında işğaldan sonra aparılan bərpa-quruculuq işləri və əhalinin mərhələli şəkildə geri qayıdışı davam edir.
Modern.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən paneldə çıxışı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib.
“Xankəndi şəhəri və ətraf ərazilər 20 sentyabr 2023-cü ildə Azərbaycanın nəzarətinə qaytarılıb. Ərazidə 2 yaşayış məntəqəsi mövcuddur. 2 yaşayış məntəqəsində bərpa işləri həyata keçirilib, 71 ev bərpa olunub. Bölgəyə 71 ailə — ümumilikdə 302 nəfər keçmiş məcburi köçkün qayıdıb. Ərazi üzrə ümumi məskunlaşan sakinlərin sayı 22 715 nəfər təşkil edir.
Ağdərə rayonunda 59 yaşayış məntəqəsi mövcuddur. Onlardan 9-da bərpa və yenidənqurma işləri aparılıb. İndiyədək 857 ev bərpa olunub. Əraziyə 857 ailə — 3341 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Hazırda rayonda ümumilikdə 4453 nəfər məskunlaşıb.
Xocalı rayonu üzrə də bərpa və yenidənqurma işləri davam etdirilir. Ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı təmin olunur”.