Azərbaycanda şəhər və rayon icra hakimiyyətlərində çalışanlar arasında rəhbər vəzifələrdə kişilər açıq üstünlük təşkil edir.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, 2025-ci ildə Bakı şəhəri, eləcə də respublikanın şəhər və rayon icra hakimiyyətlərində çalışanların ümumi sayı 5063 nəfər olub. Onlardan 3833-ü və ya 75,6%-i kişi, 1230-u və ya 24,4%-i qadın olub.
Qeyd olunub ki, icra başçısının müavinlərinin 121-i kişi, 60-ı qadın olub. Bu da qadınların həmin vəzifələrdə 33,1% paya malik olduğunu göstərir.
Şöbə müdirləri arasında 291 kişi, 44 qadın yer alıb. Beləliklə, şöbə müdirlərinin yalnız 10,9%-ni qadınlar təşkil edib.
Məlumata əsasən, şöbə müdirinin müavinləri arasında 143 kişi, 6 qadın çalışıb. Bu kateqoriyada qadınların payı cəmi 4% olub.
Sektor müdirləri arasında 159 kişi, 38 qadın yer alıb. Qadınların payı burada 19,3% təşkil edib.
İcra nümayəndələri arasında isə 1764 kişi, 76 qadın çalışıb. Bu sahədə qadınların payı cəmi 4,1% olub.
Bakı şəhəri və şəhər icra hakimiyyətləri
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatında çalışan 78 nəfərdən 55-i kişi, 23-ü qadın olub. Başçının müavinləri arasında qadın olmayıb.
Paytaxt rayonlarının icra hakimiyyətlərində çalışanların ümumi sayı 451 nəfər təşkil edib. Onlardan 265-i kişi, 186-sı qadın olub.
Bakı rayon icra hakimiyyətlərində 64 kişi, cəmi 1 qadın icra nümayəndəsi çalışıb.
Respublikanın şəhər icra hakimiyyətlərində çalışanların ümumi sayı isə 581 nəfər olub. Onlardan 374-ü kişi, 207-si qadın təşkil edib.
Şəhər icra hakimiyyətlərində 168 kişi, 26 qadın icra nümayəndəsi çalışıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətində çalışanların ümumi sayı 84 nəfər təşkil edib. Onlardan 52-si kişi, 32-si qadın olub.
Gəncə Şəhər İcra Hakimiyyətində 99 əməkdaşdan 67-si kişi, 32-si qadın olub.
Mingəçevir Şəhər İcra Hakimiyyətində çalışan 57 nəfərdən 35-i kişi, 22-si qadın təşkil edib.
Şirvan Şəhər İcra Hakimiyyətində 47 nəfərdən 30-u kişi, 17-si qadın olub.
Naftalan Şəhər İcra Hakimiyyətində çalışanların ümumi sayı 22 nəfər olub. Onlardan 15-i kişi, 7-si qadın təşkil edib.
Yevlax Şəhər İcra Hakimiyyətində isə 63 əməkdaşdan 38-i kişi, 25-i qadın olub.
Rayonlarda qadınların azlıq təşkil etdiyi icra hakimiyyətləri
Hesabatda bir sıra rayon icra hakimiyyətlərində qadın əməkdaşların sayının olduqca aşağı olduğu da əksini tapıb.
Ən kəskin fərqlərdən biri Ağdam Rayon İcra Hakimiyyətində qeydə alınıb. Burada çalışan 198 nəfərdən cəmi 10-u qadın olub.
Tərtər Rayon İcra Hakimiyyətində 30 əməkdaşdan yalnız 4-ü, Zəngilan Rayon İcra Hakimiyyətində 19 nəfərdən 4-ü qadın təşkil edib.
Hacıqabul Rayon İcra Hakimiyyətində çalışan 30 nəfərdən 5-i, Beyləqan Rayon İcra Hakimiyyətində isə 97 nəfərdən 11-i qadın olub.
Saatlı Rayon İcra Hakimiyyətində 135 əməkdaşdan cəmi 11-i qadın təşkil edib.
Göygöl Rayon İcra Hakimiyyətində çalışan 24 nəfərdən 8-i, Biləsuvar Rayon İcra Hakimiyyətində isə 28 nəfərdən 8-i qadın olub.