Moped və motosikletlərin həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün yaratdığı risklərin tam aradan qaldırılması üçün əlavə təşkilati tədbirlər görülməlidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Əli Məsimli deyib.
Deputatın sözlərinə görə, qanun layihələri qəbul edilərkən və sonrakı normativ-hüquqi aktlar hazırlanarkən təhlükəsizlik risklərinin minimuma endirilməsi üçün əlavə mexanizmlər də nəzərdə tutulmalıdır.
Əli Məsimli vurğulayıb ki, moped və motosiklet istifadəçilərinin böyük hissəsi bu fəaliyyət vasitəsilə dolanışığını təmin edir və onlar üçün tətbiq olunacaq rüsumlar simvolik səviyyədə saxlanılmalıdır.
“Bu nəqliyyat vasitələrini idarə edən insanlar öz zəhməti ilə ailəsini dolandırır. Ona görə də nəzərdə tutulan rüsumlara yenidən baxılaraq onların simvolik səviyyədə müəyyənləşdirilməsi məqsədəuyğun olardı”, – deputat deyib.
Ə. Məsimli Bakı ilə regionlardakı istifadə şəraitinin fərqli olduğunu da diqqətə çatdırıb. O bildirib ki, paytaxtda çatdırılma və yükdaşıma məqsədilə istifadə olunan mopedlərlə rayonlarda ailə təsərrüfatında istifadə edilən üçtəkərli nəqliyyat vasitələrinə eyni yanaşmanın tətbiqi düzgün olmazdı.
Deputat hesab edir ki, regionlarda bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların normal fəaliyyətini təmin etmək üçün əlavə güzəştlər və dəstək mexanizmləri nəzərdən keçirilməlidir.
“Rayonlarda ailə təsərrüfatı ilə məşğul olan insanların fəaliyyətinə maneə yaranmamalıdır. Bu baxımdan onların normal fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi vacibdir”, – deyə Əli Məsimli əlavə edib.