Son illərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini ardıcıl şəkildə gücləndirərək regional aktordan qlobal proseslərə təsir göstərən etibarlı tərəfdaşlardan birinə çevrilmişdir. Bunun əsasında davamlı diplomatik fəaliyyət və Prezident İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi strateji siyasət kursu dayanır.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, müxtəlif beynəlxalq təşkilatlarda fəal təmsil olunması və qlobal təşəbbüslərdə mühüm rol oynaması ölkənin xarici siyasətinin uğurlarını aydın şəkildə nümayiş etdirir.
Heç kəsdə şübhə olmasın ki, Azərbaycan dövləti bu gün dünyada sözünü deyən, beynəlxalq münasibətlər sistemində önəmli yer tutan oturuşmuş dövlətdir.
Misallar çoxdur və müxtəlif şaxəlidir. Misalçun,
Azərbaycanın 2025-ci ildə beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürülmüş bütün namizədlikləri uğur qazanmış, 14 namizədliyin hər biri üzrə tam qələbə təmin edilmişdir. Və ya 2026-cı ilin yalnız iyun ayında ölkəmizin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə maksimum nəticə əldə etməsi, əvvəlki illərdə keçirilmiş seçkilərin nəticəsinə uyğun olaraq İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunması Azərbaycan nümayəndələrinə BMT insan hüquqları üzrə mövcud olan 10 müqavilə qurumundan 5-də təmsil olunmaq imkanı yaradıb. Sözsüz ki, qazanılan mandatlar Azərbaycanın milli maraqlarının çoxtərəfli platformalarda daha effektiv təşviqi və beynəlxalq əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarında ardıcıl uğurlar əldə etməsi politologiyada "orta güc" (middle power) diplomatiyası, yumşaq güc (soft power) və çoxtərəflilik (multilateralism) nəzəriyyələri çərçivəsində qiymətləndirilə bilər. Coğrafi baxımdan böyük dövlət olmasa da, Azərbaycan fəal diplomatiya və beynəlxalq təşəbbüslər vasitəsilə qlobal idarəetmə institutlarında təsir imkanlarını genişləndirə bilmişdir. Beynəlxalq təşkilatlarda əldə olunan yüksək etimad və seçki uğurları ölkənin beynəlxalq legitimliyinin, etibarlı tərəfdaş imicinin və diplomatik kapitalının gücləndiyini göstərir. Bu tendensiya Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda daha səmərəli müdafiəsinə, qlobal qərarqəbuletmə proseslərində rolunun artmasına və beynəlxalq münasibətlər sistemində nüfuzunun möhkəmlənməsinə xidmət edən mühüm siyasi-diplomatik göstəricidir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda qazandığı etimad, qlobal təşəbbüslərdə fəal iştirakı və diplomatik uğurları Azərbaycanın dünya siyasətində etibarlı, məsuliyyətli və nüfuzlu dövlət kimi qəbul olunduğunu təsdiq edir. Bu uğurlar milli maraqların qorunmasına, dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə və qlobal proseslərdə rolunun daha da artmasına möhkəm zəmin yaradır.
Prezident yanında İdarəçilik Akademiyasının dosenti,
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov