Modern.az

Bakı-Daşkənd xətti, Çin-Avropa marşrutunda Azərbaycanın rolu böyüyür

Bakı-Daşkənd xətti, Çin-Avropa marşrutunda Azərbaycanın rolu böyüyür

Parlament

Bu gün, 13:41

Azərbaycan və Özbəkistan arasında əlaqələr getdikcə daha da güclənir. Mərkəzi Asiyada əhalisinin sayına görə lider mövqedə olan Özbəkistanda Maşın qayırma sənayesi, eləcə də pambıqçılıq inkişaf edib.
Bir sözlə, Özbəkistan Mərkəzi Asiyada olduqca önəmli yer tutur.

Eyni zamanda Azərbaycan-Özbəkistan əlaqələrinin Azərbaycan-Türkiyə münasibətlərinə qalxdını hesab edirlər.

Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan ilə Özbəkistan arasındakı qardaşlıq, dostluq və əməkdaşlıq münasibətləri ildən-ilə deyil, demək olar ki, aybaay sürətlə inkişaf edir, dərinləşir və genişlənir:

“Bu əlaqələrin təməlində ortaq tariximiz, ortaq mədəniyyətimiz, vahid Türk ailəsinin üzvü olmağımız və dərin mənəvi bağlılığımız dayanır. İsmayıl Qaspıralının dediyi kimi: "Fikirdə birlik, sözdə birlik, düşüncədə birlik, əməldə birlik" olmasa, əbədi əməkdaşlıqdan danışmaq mümkünsüzdür. Çörçillin "əbədi maraqlar var" tezisindən fərqli olaraq, bizim münasibətlərimiz yalnız təmənnaya deyil, ortaq köklərə, dinə, dilə və qardaşlığa əsaslanır. Məhz buna görə də əlaqələrimiz bu gün ən yüksək səviyyədədir.

Məsələ ilə bağlı Azərbaycanın digər ölkələrlə əlaqələrindən fərqli olaraq, Özbəkistanla münasibətlər dövlət səviyyəsində Dövlətlərarası Ali Şura səviyyəsinə yüksəlib:

"Yəni hökumətlərarası şuranın da üzərində. Biz artıq strateji tərəfdaşlıqdan strateji müttəfiqlik səviyyəsinə qədər böyük bir yol keçmişik. Özbəkistan Şərqdə, Asiyada, Türküstanda ən aparıcı, kilid ölkələrdən biridir. Geniş torpaqları, zəngin resursları və İslam aləminin, Türk dünyasının ən qədim dəyərlərini özündə əks etdirən canlı, açıq muzey şəhərləri ilə dünyada böyük rezonans doğuran bir dövlətdir".

Deputat qeyd edib ki, bu əlaqələrin təməli ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub: "Özbək xalqına və dövlətinə həmişə minnətdarlıqla danışırıq. Çünki ən çətin vaxtlarımızda, hətta 44 günlük Vətən müharibəsinə qədər Özbəkistanla Ermənistan arasında nə dövlət səviyyəsində əlaqələr olub, nə İrəvanda səfirliyi, nə də Özbəkistanda Ermənistanın hansısa diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Bu, bizim üçün çox böyük dəyərdir və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq".

Deputat Prezident İlham Əliyevin və Özbəkistan lideri Şavkat Mirziyoyevin rəhbərliyi ilə münasibətlərin həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla, çoxtərəfli müstəvidə uğurla davam etdiyini vurğulayıb: "Bilirsiniz ki, Çindən gələn və Zəngəzur dəhlizini də əhatə edən Orta Dəhliz məsələsi də mövcuddur. Mərkəzi Asiyanın kilid ölkəsi olan Özbəkistanla bu istiqamətdə də əməkdaşlığımız mühüm əhəmiyyət daşıyır.

Azərbaycan–Özbəkistan əməkdaşlığının regional əhəmiyyətini artıran əsas amillərdən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi onların coğrafi mövqelərini bir-birini tamamlayan strateji üstünlüyə çevirir. Özbəkistan üçün Azərbaycan üzərindən keçən marşrutlar dünya bazarlarına çıxışın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan üçün isə Mərkəzi Asiyanın artan iqtisadi potensialı ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsi üçün yeni perspektivlər yaradır.

Bu baxımdan Orta Dəhliz iki ölkə arasındakı münasibətlərdə xüsusi yer tutur. Marşrutun inkişafı yalnız yükdaşımaların həcminin artırılması məsələsi deyil. Söhbət Şərqi Asiya, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən daha geniş iqtisadi məkanın formalaşdırılmasından gedir.

Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsi bu baxımdan yeni imkanlar yarada bilər. Belə bir inteqrasiya Mərkəzi Asiyanın şərq hissəsindən Avropa istiqamətində daha səmərəli nəqliyyat bağlantısının yaranmasına imkan verəcək. Azərbaycanın bu sistemdəki mövqeyi isə onun tranzit ölkədən regional logistika qovşağına çevrilməsi perspektivini gücləndirir.

Beləliklə, Orta Dəhliz Bakı–Daşkənd münasibətlərinin yalnız iqtisadi deyil, həm də geosiyasi komponentidir.
Türk xalqları bir-birinə yaxınlaşdıqca gücümüz gücümüzə qarışır. Hörmətli Prezidentimizin dediyi kimi, biz başqa yerdə ailə axtarmamalıyıq, bizim ailəmiz Türk dünyasıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!