Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarının Türkiyədə bəzi siyasi və ictimai dairələr tərəfindən narazılıqla qarşılanması iki qardaş ölkənin münasibətləri ətrafında süni gərginlik yaratmaq cəhdləri ilə müşayiət olunur. Baş verənlər fonunda əsas suallardan biri səsləndirilən ittihamların Türkiyənin rəsmi mövqeyini əks etdirib-etdirmədiyi, yoxsa ayrı-ayrı siyasi dairələrin maraqlarından qaynaqlandığıdır.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, ayrı-ayrı şəxslərin Azərbaycana qarşı səsləndirdiyi bəyanatları Türkiyə dövlətinin mövqeyi kimi təqdim etmək doğru deyil.
Deputat vurğulayıb ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər təsadüfi siyasi maraqlara deyil, tarixi qardaşlığa, xalqların birliyinə və möhkəm strateji tərəfdaşlığa əsaslanır:
“Azərbaycan-Türkiyə münasibətləri möhkəm əsaslara dayanır. Bu, xalqların birliyidir, bir millətin iki dövləti reallığıdır. Həm Türkiyənin, həm də Azərbaycanın tanınmış rəsmiləri və ictimai xadimləri bu münasibətlərin möhkəmlənməsi üçün həmişə səy göstəriblər.
Türkiyə Prezidenti bu məsələdə heç bir fikir bildirməyib. Onun ətrafında və ya partiyasında olan bir neçə nəfərin Azərbaycanla münasibətlərə yaraşmayan fikirləri heç də Türkiyə rəhbərliyinin mövqeyi deyil.
Azərbaycan-Türkiyə münasibətləri stratejidir və gələcək böyük uğurlara söykənir. Bu münasibətlər bundan sonra da belə davam edəcək. Biz həmişə Türkiyənin yanında olmuşuq, onun sevinci sevincimiz, kədəri kədərimiz olub. Problem yarananda Türkiyənin yanında ilk olanlardan biri Azərbaycan olub. Türkiyədən də həmişə qarşılıqlı münasibət görmüşük. Ona görə də Azərbaycan-Türkiyə münasibətlərini sarsıtmaq olmaz”.
Aydın Mirzəzadə Türkiyədə bəzi şəxslərin Azərbaycana qarşı dostluq və qardaşlıq münasibətlərinə uyğun gəlməyən bəyanatlarının arxasında xarici maraqların dayana biləcəyini də istisna etməyib.
Deputatın fikrincə, müəyyən qüvvələr iki ölkə arasında etimadsızlıq yaratmaqla həm Azərbaycanı, həm də Türkiyəni zəiflətməyə çalışırlar:
“Türkiyədən bəzi şəxslərin Azərbaycana qarşı dostluğa yaraşmayan bəyanatlarının arxasında müəyyən xarici dairələr dayanır. Onlar münasibətləri pozmağa, sonra isə həm Azərbaycanı, həm də Türkiyəni zəiflətməyə çalışırlar. Ancaq Azərbaycan və Türkiyə liderləri, eləcə də siyasi dairələrin nümayəndələri buna imkan verməyəcəklər”.
Deputat əmin olduğunu bildirib ki, ayrı-ayrı şəxslərin açıqlamaları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə xələl gətirə bilməz və iki qardaş dövlət arasındakı münasibətlər bundan sonra da möhkəmlənərək inkişaf edəcək.