Gömrük ödənişləri nağdsız olacaq, təminat hesabına borc tutulacaq
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklərə görə, gömrük borclarının ödənilməsi nağdsız qaydada həyata keçiriləcək və buraxılış məntəqələrində bank, poçt bölmələri ilə yanaşı, ödəniş terminalları da quraşdırılacaq.
Layihədə gömrük təminatı ilə bağlı qaydalar da yenilənir. Belə ki, gömrük borcu tam ödənildikdə təminat (zəmanət pulu və ya girov) başa çatmış hesab olunur, borcun yalnız bir hissəsi ödənildikdə isə şəxsin müraciəti əsasında təminatın müvafiq hissəsi bağlanmış sayılır.
Eyni zamanda, yeni əlavə edilən maddəyə əsasən, mallar buraxıldıqdan sonra aşkar olunan gömrük borcu ödənilmədikdə, bu borc birbaşa həmin təminat hesabına ödənilə biləcək. Bu isə o deməkdir ki, gömrük orqanları sonradan yaranan borcu ayrıca tələb etmədən mövcud təminatdan tutmaq imkanı əldə edir.