Modern.az

Deputatlarımız ölümlə üz-üzə qaldı - "Hər saat raket atılırdı"

Deputatlarımız ölümlə üz-üzə qaldı - "Hər saat raket atılırdı"

Parlament

Bu gün, 17:13

Əlibala Məhərrəmzadə: Müharibənin qızğın vaxtında Ukraynaya gedən yeganə parlament heyəti idik

Ukraynada müharibənin davam etdiyi bir vaxtda Azərbaycan parlament nümayəndə heyətinin Kiyevə səfəri diqqət çəkib. Beş gün davam edən səfər çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələr, Ukraynanın bərpa prosesi və Azərbaycanın müharibədən sonrakı təcrübəsi müzakirə olunub.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə bildirib ki, səfər ümumilikdə beş gün davam edib. Onun sözlərinə görə, nümayəndə heyəti əvvəlcə Moldovaya gedib, oradan isə avtomobillə Ukraynaya keçib.

"Səkkiz saat yarım maşınla yol gəldik. Demək olar ki, iki gün yolda olduq, üç gün isə Ukraynada qaldıq. Amma ilk və son gün də görüşlər keçirdiyimiz üçün beş gün ərzində kifayət qədər səmərəli və maraqlı görüşlərimiz oldu".

Deputat qeyd edib ki, səfərin əsas məqsədlərindən biri müharibə şəraitində Ukrayna xalqına Azərbaycanın dəstəyini nümayiş etdirmək idi.

"Bu ağır günlərdə onların yanında olmağımızın xüsusi mənası var idi. Açığı, çox təəccüblənmişdilər ki, belə bir vaxtda Azərbaycandan başqa heç bir ölkədən parlament nümayəndə heyəti gəlməyib. Bu, həm də bizə olan müsbət münasibətin göstəricisidir. Bütün görüşlərdə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi bir daha vurğulanıb. Hər yerdə qeyd etdik ki, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıyır. Prezident İlham Əliyevin də dediyi kimi, biz heç vaxt işğalla barışmamışıq. Öz ərazi bütövlüyümüz bərpa olunana qədər mübarizə apardıq və bu təcrübə bu gün Ukrayna üçün də maraq doğurur".

Deputatın sözlərinə görə, Ukraynada Azərbaycanın təkcə hərbi deyil, müharibədən sonrakı bərpa təcrübəsi də öyrənilir. Onun sözlərinə görə, Qarabağda həyata keçirilən bərpa işləri, psixoloji reabilitasiya proqramları, müharibə iştirakçılarının və qazilərin cəmiyyətə reinteqrasiyası Ukrayna tərəfinin xüsusi maraq göstərdiyi istiqamətlərdəndir.

Deputat Kiyevdə şahidi olduğu mənzərənin ağır olduğunu da bildirib. O qeyd edib ki, səfərdə olduğu günlərdən birində şəhərə onlarla ballistik raket və yüzlərlə pilotsuz uçuş aparatı ilə hücum edilib.

"Axşam saat 11-dən səhər saat 7-yə qədər demək olar ki, hər saat 8-10 ballistik raket atılırdı. Hər kəs həyatını itirmək təhlükəsi ilə yaşayır. Buna baxmayaraq insanlar şəhəri tərk etmir, səhər sığınacaqdan çıxıb işinə gedir və həyat davam edir. Əsas hədəflər mülki infrastruktur və yaşayış binalarıdır. Bununla belə, Ukrayna cəmiyyətində qələbəyə inamın qorunduğunu deyib".

Ə.Məhərrəmzadə Azərbaycanın da müharibənin təsirlərini hiss etdiyini xatırladıb.

"Bizim səfirliyimiz vurulub, SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi vurulub. Sual yaranır ki, niyə məhz SOCAR hədəf seçilib? Niyə bizim səfirliyimiz raket zərbəsinə məruz qalıb? Bunlar ciddi suallar doğurur".

Telefona siqnal gələn kimi sığınacağa enirdik

Əlibala Məhərrəmzadə bildirib ki, nümayəndə heyəti Ukraynada olduğu günlərdə dəfələrlə hava həyəcanı siqnalları ilə üzləşib və təhlükəsizlik məqsədilə sığınacaqlarda qalmalı olub.

"Bu, orada hər zaman baş verən prosesdir. Mənim olduğum gün bir sutka ərzində 75 ballistik raket atılmışdı. Üstəlik, minə yaxın dron hücumu qeydə alınmışdı. Təbii ki, biz də hər dəfə siqnal gələndə sığınacağa düşürdük. Hava həyəcanı zamanı bir neçə dəqiqəlik gecikmə belə insan həyatı üçün ciddi risk yaradır. Beş dəqiqə geciksən, həqiqətən ölüm təhlükəsi var. Hətta üç dəqiqə gec düşmək də təhlükəlidir. Telefonlarda xüsusi tətbiq var. Siqnal gələn kimi hamı dərhal sığınacağa qaçır."

Onun sözlərinə görə, Ukrayna vətəndaşları artıq bu şəraitə uyğunlaşsalar da, hər gün ölüm təhlükəsi ilə yaşamaq insanlarda ciddi psixoloji gərginlik yaradır.

"İnsanlar demək olar ki, sığınacaqlarda yaşayırlar. Səhər çıxıb işlərinə gedirlər, axşam yenidən siqnal veriləndə sığınacaqlara qayıdırlar".

O, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin fəaliyyətini də yüksək qiymətləndirib.

"Səfirliyimizin əməkdaşları tam tərkibdə işləyirlər. Onlar həqiqətən qəhrəmancasına fəaliyyət göstərirlər. Müharibə şəraitində işlərini davam etdirmək böyük fədakarlıq tələb edir".

Deputat səfər zamanı Ukrayna parlamenti rəhbərliyi ilə də görüş keçirildiyini bildirib. Onun sözlərinə görə, Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti Ukrayna tərəfinə bir daha çatdırılıb.

"Ukrayna parlamentinin rəhbərliyi dəvəti müsbət qarşıladı. Güman edirəm ki, noyabr ayında və ya ondan sonra qarşılıqlı səfərlərin reallaşması mümkün olacaq".

Sonda Ə.Məhərrəmzadə vurğulayıb ki, Azərbaycanın əsas arzusu müharibənin tezliklə başa çatmasıdır.

"Bizim də, dövlət rəhbərliyimizin də ən böyük arzusu odur ki, müharibə tez bir zamanda bitsin. Dünya ictimaiyyəti də bunun üçün əlindən gələni etməlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!