Qətərin sabiq əmiri Şeyx Xəlifə bin Həməd Əl Taninin vəfatından sonra Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin tapşırığı ilə başsağlığı və dəfn mərasimində iştirak etmək üçün Dohaya səfər edib. Bu səbəbdən o, Milli Məclisin növbədənkənar sessiyasının son iclasına da qatılmayıb.
Bu, Sahibə Qafarovanın son illərdə iştirak etdiyi ilk belə mərasim deyil. O, 2020-ci ildən bəri müxtəlif dövlət və dini liderlərin dəfn və vida mərasimlərində Azərbaycanı təmsil edib.
Beynəlxalq diplomatik praktikada dövlət və hökumət başçılarının dəfn mərasimlərində ölkələrin təmsilçilik səviyyəsi mərhumun statusundan, ölkələrarası münasibətlərdən, eyni tarixdə keçirilən digər dövlət tədbirlərindən və diplomatik protokoldan asılı olaraq müəyyən edilir.
Dövlət başçısı mərasimdə şəxsən iştirak etmədikdə, ölkəni adətən parlament sədri, baş nazir, baş nazirin müavini, xarici işlər naziri və ya Prezidentin xüsusi nümayəndəsi təmsil edir. Nümayəndə heyəti mərhumun ailəsinə və ölkə rəhbərliyinə dövlət başçısının başsağlığını çatdırır, rəsmi vida mərasimində iştirak edir.
Azərbaycan da son illərdə bir sıra belə tədbirlərdə məhz Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla nümayəndə heyəti ilə təmsil olunub.
Modern.az Milli Məclisin sədri Sahibə Qafarovanın Azərbaycanı təmsil edərək iştirak etdiyi rəsmi dəfn və vida mərasimlərini araşdırıb.

Kraliça II Elizabet – Böyük Britaniya (19 sentyabr 2022)
2022-ci il sentyabrın 19-da Böyük Britaniyanın ən uzun müddət hakimiyyətdə olmuş monarxı, Kraliça II Elizabetin Londonda keçirilən dövlət dəfn mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Kraliça II Elizabetin 96 yaşında vəfatından sonra keçirilən mərasimə dünyanın onlarla ölkəsindən dövlət və hökumət başçıları, kral ailələrinin üzvləri, parlament sədrləri və beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Sahibə Qafarova dəfn mərasimindən əvvəl Bukingem sarayında Kral III Çarlzın xarici nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə verdiyi rəsmi qəbulda da iştirak edib.
Daha sonra Milli Məclisin sədri Londonda keçirilən dövlət dəfn mərasimində iştirak edərək Azərbaycan Prezidenti İlham Əliyevin başsağlığı və ehtiramını Böyük Britaniya tərəfinə çatdırıb.
Bu, Sahibə Qafarovanın Milli Məclisin sədri kimi iştirak etdiyi ilk böyük beynəlxalq dövlət dəfn mərasimlərindən biri olub.

Roma Papası Fransisk – Vatikan (26 aprel 2025)
2025-ci il aprelin 26-da Roma Papası Fransiskin Vatikanın Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimində də Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Katolik dünyasının rəhbəri olan Papa Fransiskin vida mərasimində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Sahibə Qafarova mərasimdə iştirak etməklə yanaşı, bir sıra yüksək səviyyəli görüşlər də keçirib.
Səfər çərçivəsində Milli Məclisin sədri Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Pol Qallagerlə görüşüb. Görüş zamanı Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin adından Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığını çatdıraraq, mərhum pontifikin dünya sülhü, dinlərarası dialoq və humanitar dəyərlərin təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirib.

II İliya – Bütün Gürcüstanın Katolikos-Patriarxı (22 mart 2026)
2026-cı il martın 22-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın Tbilisidə keçirilən dəfn mərasimində iştirak edib.
93 yaşında vəfat edən II İliya təkcə Gürcü Pravoslav Kilsəsinin rəhbəri olmaqla yanaşı, həm də Gürcüstanın ən nüfuzlu dini və ictimai xadimlərindən biri hesab olunurdu.
Azərbaycan nümayəndə heyəti Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən vida və dəfn mərasimində iştirak edərək Azərbaycan xalqının dərin hüznünü və ehtiramını Gürcüstan xalqına çatdırıb. Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından Gürcüstan rəhbərliyinə, Gürcü Pravoslav Kilsəsinə və mərhum patriarxın yaxınlarına başsağlığını çatdırıb.

Ayətullah Seyid Əli Xamenei – İranın sabiq Ali Rəhbəri (3–5 iyul 2026)
2026-cı il iyulun 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
Nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev və Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev də daxil olub. Vida mərasiminə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, parlament sədrləri, rəsmi şəxslər və dini liderlər qatılıblar.
Səfər çərçivəsində Sahibə Qafarova İran Prezidenti Məsud Pezeşkian və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafla görüşüb. Görüşlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin adından Ayətullah Seyid Əli Xameneinin vəfatı ilə əlaqədar başsağlığı çatdırılıb.
Söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlər və iki ölkə arasında əməkdaşlığın perspektivləri də müzakirə olunub.