May ayında qeyri-iş günlərinin çoxluğu və WUF13 tədbirinin Azərbaycanda keçirilməsi səbəbindən universitet proqramlarının bu il daha tez yekunlaşacağı gözlənilir.
Modern.az xəbər verir ki, mayın 17-dən etibarən ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq.
Bundan əlavə, mayın sonuncu həftəsində Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq. Bu səbəbdən həmin həftə təhsil müəssisələrində yalnız 25 və 26 may tarixlərində dərs keçiriləcək.
Nəticədə may ayı ərzində gələn həftənin sonuna qədər dərslər ənənəvi formada keçirilsə də, 18-22-si arası onlayn növbəti həftə isə sadəcə 2 gün ənənəvi dərslər davam edəcək.
Məsələ ilə bağlı saytımıza açıqlama verən, AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı-ekspert Elmin Nurinin fikrincə, bu kimi hallarda tələbələrin tədris prosesinə fokuslanmaları və diqqətin nəzəri dərslərlə yanaşı, praktiki məsələlərə yönəltməsi hallarında ciddi problem yarana bilər:
E. Nuri qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumu kimi beynəlxalq miqyaslı tədbirdə universitetlərin distant formaya keçidi anlaşılandır və bunu təbii qəbul etmək lazımdır. Amma məsələnin ikinci tərəfi ayın sonlarında bayram tətilini adlayandan sonra yalnız iki günlük müddət üçün tədris prosesinə inteqrasiya bəzi tələbələr üçün çox çətin olacaq:
“Bu, həm davamiyyətdə, həm də dərslərə olan maraq və diqqət kimi proseslərdə öz işini görəcək. Bəzi tələbələrdə şüuraltı olaraq formalaşan "çamadan ovqatı" həmin 2 gün üçün öz sözünü deyecək. Hətta ola bilsin ki, bu ovqatı özü-özülüyündə yüksək səviyyəyə çatdıran tələbə həmin son 2 günlük tədris prosesini formal və əhəmiyyətsiz hesab etsin. Sözsüz ki, bu qəbul edilməzdir. Amma söhbətin 17-20 yaşlı gənclərdən getdiyini və il sonu istirahətə daha çox ehtiyaclı olduğunu düşünsək, bu kimi halların yaşanması hallarının olacağını da etiraf etməliyik. Məhz bu psixoloji situasiya davamiyyətə təsirini göstərə bilər" – deyə o qeyd edib.