Modern.az

Onlayn təhsil müəllim çatışmazlığının həlli ola bilər

Onlayn təhsil müəllim çatışmazlığının həlli ola bilər

Təhsil

Bu gün, 14:58

Təhsil sistemi hər bir cəmiyyətin tərəqqisinin və gələcəyə inamlı addımlarının əsasını təşkil edir. Lakin son illərdə ölkənin bəzi bölgələrində müşahidə olunan müəllim çatışmazlığı, xüsusilə texnologiya, musiqi və təsviri incəsənət kimi fənlər üzrə kadr qıtlığı təhsilin keyfiyyətinə təsir edən aktual problemlərdən birinə çevrilib.

İxtisaslı müəllimlərin olmaması səbəbindən bu fənlərin digər ixtisas müəllimləri tərəfindən tədris edilməsi dərslərin səmərəliliyini azaldır, şagirdlərin müvafiq sahələr üzrə bilik və bacarıqlarının inkişafına mane olur.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, bölgələrdə, xüsusilə də tədris saatı az olan fənlər üzrə müəllim çatışmazlığı müşahidə edilir.

Onun sözlərinə görə, ucqar ərazilərdə yerləşən məktəblərdə şagird sayının və dərs yükünün az olması da bu problemin yaranmasına təsir göstərir.

Ekspert qeyd edib ki, əsas məsələlərdən biri müəllimlərin həmin ərazilərdə işləməyə marağının az olmasıdır.

"Hazırda normativ aktlara uyğun olaraq, ucqar ərazilərdə çalışan müəllimlərə H1 və H2 kateqoriyaları üzrə həvəsləndirici əməkhaqqı əlavələri verilir. Yaşayış məntəqəsindən 20 kilometrədək və 20 kilometrdən artıq məsafədə yerləşən məktəblərdə çalışan müəllimlər üçün nəzərdə tutulan, təxminən 100-150 manat aralığında əməkhaqqına əlavələr olub. Ancaq görünür bu həmin vakansiyalar üçün kifayət deyil".  

Məzahir Məmmədli bildirib ki, bu problemlərin fonunda bəzi kiçik məktəblər optimallaşdırılaraq daha böyük məktəblərlə birləşdirilib. Təqdim olunan onlayn təhsil layihəsi də ucqar bölgələrdə tətbiq edilərsə, şagirdlər texnologiya, musiqi və digər dərs yükü az olan fənləri ekran qarşısından ixtisaslı, təcrübəli və bilikli müəllimlərdən öyrənə bilərlər.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!