“Azərbaycan dövləti xaricdə təhsil alan gənclərə investisiya edib, onlardan nəticə gözləyir və onlara inanır”.
Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisində bildirib.
Nazir müavini qeyd edib ki, proqram iştirakçıları ölkə üçün prioritet sahələrdə dəyişikliklərə töhfə vermək məqsədilə seçiliblər:
“Siz Azərbaycan gəncləri arasından seçilərək ölkəmiz üçün ən mühüm sahələrdə dəyişiklik etmək məqsədilə xaricdə təhsil almağa göndərilmisiniz. İqtisadiyyatımızın, cəmiyyətimizin, beynəlxalq əlaqələrimizin və digər sahələrdə prioritetlərimizin reallaşdırılmasında sizin üzərinizə mühüm məsuliyyət düşür”.
H.Həsənlinin sözlərinə görə, Dövlət Neft Fondunun vəsaitlərinin xaricdə təhsilə və insan kapitalının inkişafına yönəldilməsi strateji seçimdir. O bildirib ki, həmin vəsaitlər infrastruktur, enerji və yenidənqurma layihələrinə də sərf oluna bilərdi. Azərbaycan isə gənclərin təhsilinə sərmayə qoymağı seçib və 2007-ci ildən Dövlət Proqramı çərçivəsində bu istiqamətdə fəaliyyət göstərir.
Nazir müavini bu investisiyanın nəticələrinin artıq müxtəlif sahələrdə göründüyünü vurğulayıb. Onun sözlərinə görə, əvvəlki illərin məzunları mühüm dövlət vəzifələrində çalışır, özəl sektorda böyük layihələrə rəhbərlik edirlər:
“Bəzən məzunun özünün belə fərqinə varmadığı fəaliyyəti bütöv bir sahənin, sənayenin və ya dövlət qurumunun işinin nəticələrinə, məhsuldarlığına mühüm təsir göstərə bilir. Dövlət Proqramının əsas ideyası və mahiyyəti də bundan ibarətdir”.
H.Həsənli xaricdə qazanılan bilik və təcrübənin Azərbaycanda tətbiqinin vacibliyinə də diqqət çəkib:
“Xaricdə şərait və fəaliyyət sahələri fərqli ola bilər. Lakin ən vacib məqam odur ki, sizi Azərbaycanda gözləyən ailəniz, cəmiyyətiniz və sizin kimi gənclər var. Üzərinizə düşən məsuliyyəti yerinə yetirmək karyeradan və şəxsi maraqlardan daha çox həyatınıza məna qatan işlərdən biri olacaq”.
Nazir müavini məzunların məşğulluğuna dəstəyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Məşğulluq Agentliyinə təşəkkür edib.
Özünün də Dövlət Proqramı çərçivəsində xaricdə təhsil aldığını xatırladan H.Həsənli məzunlarla əməkdaşlıq imkanlarını müzakirə etməkdə maraqlı olduğunu bildirib. (Azedu.az)