Modern.az

Dövlət Proqramı olmasaydı, xaricdə təhsil ala bilməzdim – Britaniyadan qayıdan məzun

Dövlət Proqramı olmasaydı, xaricdə təhsil ala bilməzdim – Britaniyadan qayıdan məzun

Təhsil

Bu gün, 12:16

“Xaricdə qazandığım bilikləri Azərbaycanda tətbiq etmək, genetik laboratoriyada çalışmaq istəyirəm. Hazırda ixtisasıma uyğun iş axtarıram”.

Bunu Modern.az-a açıqlamasında xaricdə təhsil üzrə Dövlət Proqramının məzunu Mirana Ağalarzadə bildirib.

Bu gün Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisində iştirak edən M.Ağalarzadə Birləşmiş Krallığın Birmingem Universitetində molekulyar biotexnologiya ixtisası üzrə magistratura təhsili alıb. O, bakalavr təhsilini Bakı Dövlət Universitetinin Biologiya fakültəsində biotexnologiya ixtisası üzrə başa vurub və həmin il magistraturaya qəbul olunub.

Mirana bildirib ki, xaricdə təhsil ona nəzəri biliklərini genişləndirməklə yanaşı, laboratoriyada praktiki bacarıqlar qazanmaq imkanı verib:

“Dövlət Proqramı mənim üçün böyük fürsət oldu. Yüksək səviyyəli təhsil aldım, laboratoriyalarda müxtəlif işlərdə iştirak edərək təcrübi bacarıqlarımı inkişaf etdirdim. Britaniyanı tanımaq, fərqli mühitdə yaşamaq da mənə çox şey qazandırdı”.

Məzun gələcək fəaliyyətini genetik laboratoriyada, xüsusilə diaqnostika istiqamətində qurmaq istəyir. Onun sözlərinə görə, molekulyar üsulların tətbiqi ilə xəstəliklərin vaxtında aşkarlanmasına töhfə vermək niyyətindədir.

Xaricdə yaşamağın ilk vaxtlar asan olmadığını deyən Mirana yeni mühitə uyğunlaşmaq üçün zamana ehtiyac duyduğunu bildirib:

“Yeni ölkə, fərqli insanlar və mühit müəyyən çətinliklər yaradırdı. Belə vaxtlarda özümə xatırladırdım ki, bura bir məqsədlə gəlmişəm: öyrənmək, peşəkar kadr kimi yetişmək və ölkəmə qayıdaraq faydalı olmaq. Bu düşüncə mənə motivasiya verirdi. Öyrəndiklərimi Azərbaycanda tətbiq etmək və başqaları ilə bölüşmək istəyirdim”.

M.Ağalarzadə doktorantura təhsili barədə də düşündüyünü, lakin əvvəlcə iş təcrübəsi qazanmağa üstünlük verdiyini söyləyib:

“İndi əsas məqsədim genetik laboratoriyada çalışmaq, hansı istiqamətin mənə daha uyğun olduğunu müəyyənləşdirməkdir. Bundan sonra doktorantura təhsilinə başlamağı planlaşdırıram. İstərdim ki, bunu da Dövlət Proqramının dəstəyi ilə reallaşdırım”.

O, proqramın ailəsinə maddi yük yaratmadan xaricdə təhsil almağına imkan verdiyini vurğulayıb:

“Dövlət Proqramı olmasaydı, xaricdə təhsil almaq imkanım olmazdı. Təhsil haqqım, yaşayış və qalma xərclərim tam qarşılandı. Valideynlərimə maddi yük olmadan təhsilimi davam etdirə bildim. Buna görə minnətdaram”.

Hazırda müxtəlif müəssisələrə CV göndərən Mirana karyera sərgisini işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq üçün mühüm fürsət hesab edir:

“Burada işəgötürənlərlə tanış olur, iş imkanları barədə məlumat alır və əlaqələr qururam. Ümid edirəm ki, qazandığım bilik və bacarıqları tətbiq edə biləcəyim, ixtisasıma uyğun iş tapacağam”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?