Modern.az

Moskvadan sülhə qarşı təxribat - Yenə Vardanyanın əliylə...

Moskvadan sülhə qarşı təxribat - Yenə Vardanyanın əliylə...

Dünya

19 İyul 2023, 12:52

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Qarabağ mesajı separatçıların ürəyincə olmayıb. Mişelin xüsusilə Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı Azərbaycanın təklifini dəstəkləməsi qondarma rejimi qıcıqlandırıb. Nəticədə arzuları puç olan təxribatçılar Mişeli və onun rəhbərlik etdiyi qurumu hədəf alaraq, hədyanlar yağdırmağa başlayıblar.

 

Modern.az xəbər verir ki, qondarma rejimin “sabiq dövlət naziri”, Rusiyanın adamı kimi ad çıxaran Ruben Vardanyan tvitter hesabında Avropa ölkələrinin birliyini "tənqid atəşinə" tutub.

 

Həddini aşan Vardanyan iddia edir ki, Avropa İttifaqı Azərbaycanın Ağdamdan keçən yoldan istifadə etmək təklifini bəyənməklə guya Qarabağın “blokada”sını qanuniləşdirir.

 

O, bir qədər də irəli gedərək, Mişelin mövqeyinin yeni problemlər yaradacağını, hətta hansısa "cinayətlərə" səbəb olacağını deyib. 

 

Görünür, Ruben Vardanyanın Avropa İttifaqı ilə bağlı təxribatçı fikirlər səsləndirməsi Moskvanın tapşırığından irəli gəlir. Moskvanın Qarabağa göndərdiyi qondarma siyasətçinin bu cür destruktiv mövqe ortaya qoymaqla Brüssel danışıqlarına kölgə salmağı hədəflədiyi şübhə doğurmur. Məqsəd sülhü əngəlləmək, hazırki qeyri-müəyyən vəziyyətin davam etməsinə çalışmaq və Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan torpaqlarında qalmasına zəmin yaratmaqdır.

 

Rusiya Xarici İşlər Nazirliyi də bir neçə gün öncə təxminən eyni tezislərə əsaslanan bəyanat yaymışdı. Rusiya XİN-in açıqlamasına etirazını bildirən rəsmi Bakı Moskvanı üçtərəfli bəyanatın şərtlərinə əməl etməyə çağırıb.

 

"Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir. Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur", - XİN-nin məlumatında vurğulanıb.

 

Belə bir məqamda Vardanyan kimi uğursuz layihənin yenidən ortaya atılması təsadüfi hesab oluna bilməz. Erməni separatçılarının Avropaya dil uzatması yalnız Rusiyanın maraqlarına xidmət edə bilər. Odur ki, Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan arasında davam edən Brüssel sülh formatını "vurmaq" üçün öz əlaltısı olan Vardanyanı meydana çıxarıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov