Modern.az

Manatın taleyi “McKinsey”dən asılıdır?

Manatın taleyi “McKinsey”dən asılıdır?

Aktual

2 Sentyabr 2016, 16:08

Azərbaycan iqtisadiyyatının durumu milli valyutanın sabitliyindən, milli valyutanın sabitliyi də iqtisadiyyatın durumundan asılıdır.

 

Modern.az xəbər verir ki, bu sözləri iqtisadçı Qubad İbadoğlu deyib.

O qeyd edib ki, hər iki problemin həllinin yeganə yolu islahatlardan keçir:

 

“İslahatlar paketinin, “yol xəritəsi”nin hazırlanması işinə gəlincə, buna məsul olanlar onun konseptual əsaslarının hazırlanmasını yerli mütəxəssislərə deyil, baş ofisi ABŞ-ın Nyu-York şəhərində yerləşən “McKinsey” qlobal konsaltinq şirkətinə tapşırıblar. 10 mindən çox məsləhətçisi və 2000-dək tədqiqatçısı olan “McKinsey” şirkəti dünyanın müxtəlif ölkələrində hökumətlərə, şirkətlərə, qeyri- dövlət təşkilatlarına xidmət edir.
“McKinsey” bu dəfə də sifarişi Azərbaycan hökumətindən alıb”.

Ekspert bildirib ki, razılaşmaya görə, islahatlara keçid üçün “yol xəritəsi” bu ilin oktyabrında təqdim olunacaq:

 

“5 ay bundan əvvəl hazırlanmasına başlanan bu sənədi maraqla gözləyirəm. Lakin əvvəlcədən bir məqama diqqət çəkmək istərdim. Təcrübə göstərir ki, beynəlxalq şirkətlərin işinin ən zəif tərəfi onların yerli xüsusiyyətlər nəzərə alınmadan sənədlər və tövsiyyələr hazırlamasıdır.

 

Azərbaycan iqtisadiyyatının yerli xüsusiyyətləri daha spesifik və mürəkkəbdir. Ölkədə baş verənlərin bir çoxu daha çox subyektiv amillərin və yazılmamış qanunların təsirindən qaynaqlanır. Bu xüsusiyyətlərin və "qanunauyğunluqların" genezisini bilmədən hazırlanmış hər hansı proqram iqtisadiyyatın hazırkı durumunda səmərə verməyəcək. 


Eyni zamanda islahatların nəticəsi ona olan inamdan da çox asılıdır. Manatın hazırkı durumu, maliyyə-bank sistemində qeyri-ardıcıl siyasət, dövlət maliyyəsində pis idarəçilik, korrupsiya və iri miqyaslı mənimsəmələr bu inamı çoxdan sarsıdıb.

 

Buna Beynəlxalq Bankda baş verənlərlə bağlı onun sabiq sədri Cahangir Hacıyevin məhkəmə çıxışları və Maliyyə Nazirliyinin son açıqlamaları da əyani misaldır. Bu açıqlamalara görə, 2009-cu ilin oktyabr ayından 2015-ci ilin mart ayınadək Beynəlxalq Bank hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat, 1,4 milyard dollar və 300 milyon avro həcmlərində kreditlər verib ki, bunların da əksəriyyəti problemli və ümidsiz kreditlər olub.

 

Eyni zamanda, 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılaraq müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub.
Görəsən “McKinsey” hazırladığı sənədlərdə bu reallıqları nəzərə alacaqmı?”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü