Modern.az

Ukrayna niyə artistə üstünlük verdi?

Ukrayna niyə artistə üstünlük verdi?

Aktual

1 Aprel 2019, 12:02

“Proqnozlaşdırıldığı kimi Ukraynadakı prezident seçkisinin birinci turunda artist və şoumen Vladimir Zelenski qələbə çaldı. Zelenskinin ikinci tura çıxan hazırki prezident Petro Poroşenko ilə arasındakı fərqi 13 faiz arasındadır. Heç bir siyasi təcrübəsi olmayan artistin illərin siyasətçilərini qabaqlaması nonsensdir. Görünür, bu ukraynalıların hazırki siyasətçilərdən və siyasi cərəyanlardan yorulması və verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır”.

 

Modern.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkə hesabında yazıb.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, Petro Poroşenkonun ikinci tura çıxması onun kiçik qələbəsi sayıla bilər:

 

“Çünki hələ 5-6 ay əvvəl Poroşenko reytinqinə görə 5 və ya 6-cı sıralarda idi, müxalifətin namizədi Yuliya Timoşenkondan ən azı 15-18 faiz geri qalırdı. Ancaq seçki gününə yaxın Poroşenko və onun komandası toparlanaraq Timoşenkonu və digər namizədləri qabaqlaya bildilər.

Əsl yarış bundan sonra başlayacaq. Seçkinin ikinci turu aprelin 21-dədir. İlk baxışdan 13 faiz fərqlə Zelenski ikinci turun da qalibi kimi görünə bilər. Üstəgəl ikinci tura çıxmayan Timoeşnkonun (13 faiz) və Boykonun (10 faiz) elektoratının da Zelenskiyə səs verməsi onun prezident seçilməsi şansını artırır. Ancaq 20 gün içində bu durum dəyişə də bilər.

 

Birincisi, Vladimir Zelenski siyasətdə yeni adamdır, naşıdır, bir sözlə çoxları üçün qara qutudur. Gənclərin böyük əksəriyyəti ona səs verib. Bu bir qədər də emosional qərar idi. Ancaq ikinci turda seçici ölkənin taleyini kimə etibar etməsi məsələsində ciddi düşünmək məcburiyyətində qalacaq.

 

İkincisi, Vladimir Zelenskinin parlamentdə dəstəyi, fraksiyası yoxdur. Bunu da seçicilər ikinci turda nəzərə alacaqlar. Başqa sözlə ikinci turda seçici ürəyi ilə deyil, ağlı ilə səs vermək məcburiyyətindədir.

 

Üçüncüsü, Petro Poroşenko rəqibini televiziya debatlarına çağıracaq. Bu Poroşenkonun nəyinə lazımdır? Poroşenko illərin siyasətçisidir, yaxşı natiqdir. Bu xüsusiyyətlərin heç biri Zelenskidə yoxdur. O birinci turdan öncə jurnalistlərə siyasi mövzularda müsahibə verməkdən yayınırdı. Çünki, onun nə konkret proqramı və komandası var, nə də ölkə qarşısındakı ciddi problemlərin həlliylə bağlı düşüncələri formalaşıb. Zelenski televiziya ekranları qarşısında rəqibi ilə debatlara razılaşsa ciddi suallarla üzləşəcək. Zelenski debatlardan itmina edərsə, bu onun zəifliyi kimi görsənəcək və reytinqinə mənfi təsir edəcək”.

 

Poroşenko üçün hələ heç nəyin itirilmədiyini vurğlayan E. Şahinoğlu müqayisə üçün qeyd edib ki, Gürcüstanda da prezident seçkilərində oxşar hadisələr baş vermişdi:

 

“Gürcüstanda prezident seçkisinin birinci turunda müxalifətin namizədi Vaşadze rəqibi Zurabişvilini xeyli qabaqlayırdı və çoxları onun ikinci turda asanlıqla prezident seçiləcəyini proqnozlaşdırırdı. Ancaq administrativ resurslar və yağlı vədlər hesabına Zurabişvili ikinci turda qələbə çaldı. İkinci tura yaxın Poroşenko da eyni taktikadan istifadə edəcək. O da seçicilərə elə vədlər verə bilər ki, bu seçiciləri şirnikləndirə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü