Modern.az

İtaliya Parlamenti minalanmış ərazilərin xəritələrini tələb edir

İtaliya Parlamenti minalanmış ərazilərin xəritələrini tələb edir

Aktual

3 Mart 2021, 17:16

Bu ilin 2 mart tarixində İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul edilən “Ermənistan və Azərbaycan arasında razılaşmanın yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamədə üçtərfli bəyanatın yerinə yetirilməsinə xüsusi diqqət ayrılması və bir sıra məsələlərlə bağlı Azərbaycanın çağırışlarının dəyərləndirilməsi müsbət haldır və bu, İtaliya Parlamentinin bölgədə sülhün, əminamanlığın təmin edilməsində maraqlı olıduğunu bir daha nümayiş etdirir. 

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili qətnamənin balanslaşdırılmış xarakter daşıdığını vurğulayıb: “Qətnamənin mətnindən aydın oldur ki, İtaliya Parlamentinin məqsədi Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması, noyabrın 10-da imzalanmış bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir. İtaliya Parlamentinin İtaliya hökumətinə Ermənistan və Azərbaycan arasında gələcək barışıq şəraitinin yaranması üçün etimad, quruculuq tədbirlərini təşviq etmək istiqamətində hər iki dövlətlə ikitərəfli səviyyədə iş aparmağı tapşırması isə çox önəmli bir yanaşmadır və İtaliya hökumətinin də 10 noyabr bəyanatının yerinə yetirilməsinə, bütövlükdə sülh prosesinə dəstəyini təşviq edir”.

 

Azər Kərimlinin sözlərinə görə, qətnamədə yer alan digər önəmli məqam Azərbaycanın 10 noyabr bəyanatında üzərinə götürülən öhdəlikləri yerinə yetirməsi ilə bağlıdır: “Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyi, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığı qeyd olunub, Azərbaycan tərəfində saxlanılan ermənilərin məhz 10 noyabr tarixli Bəyanatın imzalanmasından sonra həbs olunduğu bildirilib.  Bu isə, öz növbəsində Azərbaycanın öz öhdəliklərinə sadiq qalan məsuliyyətli bir dövlət olduğunun İtaliya Parlamenti səviyyəsində vurğulanması, hərbi əsirlərlə bağlı Ermənsitan tərəfinin manipulyativ informasiya siyasətinin həqiqəti əks etdirmədiyinin dolayısıyla diqqətə çatdırılmasıdır”.

 

Millət vəkili minalanmış ərazilərlə bağlı İtaliya Parlamentinin mövqeyini əks etdirən yanaşmanın da təqdirəlayiq olduğunu bildirib: “Qətnamədə İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulması mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, bu məqam Ermənistanın qeyri-konstruktiv davranışlarına diqqət çəkilməsi baxımından da önəmlidir”.

 

Azər Kərimli qətnamənin digər ölkələrin parlamentləri üçün də nümunə ola biləcəyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü