Modern.az

Qarabağlılar Ərdoğanın Şuşa səfərini belə qiymətləndirirlər…

Qarabağlılar Ərdoğanın Şuşa səfərini belə qiymətləndirirlər…

Aktual

15 İyun 2021, 10:42

Azərbaycana səfər edən Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan bu gün səhər Şuşaya gedib. Bu, tarixi səfər kimi də dəyərləndirilir. Bəzi böyük dövlətlərə mesaj xarakteri daşıyan səfər çərçivəsində bir sıra müqavilələr imzalanacaq.


Ərdoğanın Qarabağa gəlişini qarabağlılar necə qiymətləndirir?


“Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev Modern.az açıqlamasında Ərdoğanın Şuşaya səfərini tarixi hadisə kimi qiymətləndirib.


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini tarixi bir hadisə kimi qiymətləndirirəm. Xüsusilə nəzərə alsaq ki,  işğaldan azad edilmiş torpaqlara, ən əsası Şuşaya ilk səfəri rəmzi məna daşıyır. Bu səfər Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının sarsılmaz və tarixən bir-birinəə bağlı olmasının bariz nümunəsidir.  Bununla yanaşı, Türkiyə prezidentinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfəri bir növ dünyaya müxtəlif mesajlar verir. Bu səfər xüsusi önəm daşıyır”.

 

Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Ərdoğanın Şuşaya gəlişini səbirsizliklə gözlədiklərini bildirib:

“Bu səfəri hər bir azərbaycanlı kimi mən də yüksək səviyyədə qiymətləndirirəm. 44 günlük haqq savaşımızda bizə dəstək olan  ilk ölkə qardaş Türkiyə idi. Türkiyənin həmin müharibədə bizimlə olub hər gedişatı izləməsi azərbaycanlılarda çox böyük qürur yaratdı.

Ərdoğanın hər çıxışında Qarabağı, Şuşanı təsvir etməyi, Qarabağın Azərbaycanın olmasını dəfələrlə səsləndirməyi hər bir şuşalının qürur mənbəyinə çevrildi. Şüphəsiz ki, İlham Əliyevin ona “canım qardaşım” deyərək müraciət etməsi iki ölkənin qardaşlığının göstəricisidir.

Ərdoğanın Şuşaya gəlişini səbrsizliklə gözləyirik. İnanırıq ki, bu səfər Şuşanın gələcək inkişafında böyük rol oynayacaqdır. Şuşa Azərbaycanın tarixi şəhəri olacaq və Azərbaycanın mədəniyyət paytaxtı kimi bütün dünyada səs salacaq”.

 

Şuşanı Milli Məclisdə təmsil edən deputat Elman Məmmədov bu səfərin unudulmaz olacağını güman edir:


“Biz Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinə sevinirik və alqışlayırıq. Prezidentimiz İlham Əliyev Şuşaya o qədər diqqət göstərir ki, Rəcəb Tayyib Ərdoğan da ora səfər edərək bunu bir daha təsdiqləyir. Bu səfər bir sıra xüsusi tarixi məqamları ilə yaddaşlara həkk olunacaq.

Hər birimiz arzu edirik ki, baş tutacaq səfər gözəl və unudulmaz olsun. Ərdoğan səfəri ilə dünyaya Şuşanın Azərbaycanın qədim şəhəri, Qarabağ xanlığının mərkəzi, mədəniyyət paytaxtı olduğu barədə mesaj verir. Təbii ki, Şuşa Azərbaycandır. Bu çox müqəddəs və möhtəşəm bir mesajdır”.


Nəzrin Vahid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü