Modern.az

Bu dağlarda maral gəzər – Aman ovçu, vurma!

Bu dağlarda maral gəzər – Aman ovçu, vurma!

Aktual

4 Oktyabr 2022, 16:16

Oktyabrın 4-də bütün dünyada Beynəlxalq Heyvanları Müdafiə Günü qeyd olunur. Bu əlamətdar gün 1931-ci ildə Florensiyada (İtaliya) ekoloqların beynəlxalq konqresində heyvanların müdafiəsi üçün təqvimə daxil edilib.

 

Oktyabrın 4-ü ona görə seçilib ki, bu gündə müqəddəs katolik Fransisko Assizko vəfat edib. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur.

 

Azərbaycanda heyvanların müdafiəsi ilə bağlı son zamanlar görülən işlər haqqında Modern.az-a danışan Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri, tanınmış zooloq Elşad Əsgərovun sözlərinə görə, heyvanların qorunması, müdafiəsi əsrlər öncə ortaya çıxmış bir anlayışdır:

 

 

“İnsanlar əvvəllər elə bilirdilər ki, heyvanlar da, təbiət də tükənməzdir. Meşəni nə qədər qırsan, yenidən bitəcək, canlanacaq, heyvanları nə qədər öldürsən, kəsib yesən, bir ucdan artacaq. Amma sonradan başa düşüldü ki, belə deyil. Heyvanların nəslinin kəsilməsi, bitkilərin tükənməsi baş verə bilər. Xüsusilə, ötən əsrdə müşahidələr aparıldı və təbiətin mühafizəsi, heyvanların müdafiəsi kimi geniş hərəkatlar yayılmağa başladı. Qoruqlar, milli parklar yaradıldı. Qafqazda ilk qoruq Azərbaycanda yaradılıb. Bu, 1910-cu ildə əsası qoyulan Eldar şamı qoruğudur və Samux şəhərində yaradılıb. Sovet dövründə isə qoruqların sayı artırıldı. 1929-cu ildə Zaqatala və Qızılağac qoruqları yaradıldı. Burada həm bitki, həm heyvanat aləminin qorunması məqsədilə addımlar atılır. Qızılağac qoruğu Xəzər dənizinin sahilində yerləşdiyinə görə, qışlamağa gələn quşların məskənidir. Şimaldan gələn quşlar Xəzər sahili boyunca hərəkət edir, cənuba – Afrikaya və digər ölkələrə uçub gedirlər.

 

Zaqatala qoruğu dağ meşələri və dağ çəmənlərindən ibarətdir. Burada çox zəngin heyvanat aləmi var. Azərbaycanın 8 cütdırnaqlı heyvanı var, onun 5-i həmin qoruqdadır. Dağ keçisi, marallar, cüyürlər Zaqatala qoruğunda məskunlaşıb.

 

Bütün bu qoruqlar təbiətin etalon parçalarını qorumaq və elmi məqsədlərlə istifadə etmək üçün yaradılıb. Azərbaycanda 10 milli park, 10 qoruq var. Bütün bu şəbəkənin hamısı təbiəti, heyvanat aləmini qorumaq məqsədi güdür”.

 

Heyvanların ovlanması ilə bağlı qaydalara toxunan Elşad Əsgərov vurğulayıb ki, hazırda ovçuluq hüquqi çərçivəyə salınıb. Harada, necə gəldi ovçuluqla məşğul olmaq mümkün deyil:

 

“Ov mövsümündə Azərbaycanda hansı növdən nə qədər ovlamağa icazə verilir, hansı vasitələrdən istifadə etmək olar, bunlar müəyyənləşir.

 

Heyvan sayında artımlar son illərdə müsbət tendensiyaya çevrilib. Diqqət yetirilən yerlərdə hətta “Qırmızı kitab”a düşən bitki və heyvanların artımı müşahidə olunur. Bu sahədə Ekologiya və Təbii sərvətlər Nazirliyi də çox effektiv addımlar atır. Məsələn, bir vaxtlar Azərbaycanda bəbirə nadir hallarda rast gəlmək olurdu. Adətən, İrandan keçib, gələnləri biz görə bilərdik. Amma indi Naxçıvanda 2012-ci ildən quraşdırdığımız kameralar sayəsində 9 bəbir balasının dünyaya gəlib, böyüdüyünü görmüşük. 1960-cı ildə Azərbaycanda cəmi 200-ə yaxın ceyran var idi. İndi isə 6-7 min ceyran təkcə Şirvan Milli Parkındadır. Biz onları orada yetişdirib, vaxtilə yaşadıqları yerlərə buraxırıq.

 

Acınohurda 500-ə yaxın ceyran sürüsü var. Ceyranları Gürcüstanla sərhəddə də buraxırıq ki, o tay-bu tay çoxalsınlar.

 

Azərbaycanda meşələrdə sənaye səviyyəsində qırıntılara yol verilmir. Çünki bizim meşələr dağların yamaclarında yerləşir və bu, kütləvi şəkildə qırılması qadağan olan meşələrdir. Dağ yamacları çılpaq qalarsa, sel dağları yuyub, gətirər, ətəkdə yerləşən əraziləri də su basar.

 

Son dövrdə quraqlıq keçdiyinə görə, temperatur da artır. Bəzi yerlərdə meşələrin qorunması yaxşıdır, amma bəzi ərazilərdə bunu demək mümkün deyil.  Məsələn, İsmayıllı rayonunda təxminən 300 hektar ərazini çəpərləmişdik, ora toxum səpdik, tinglər əkdik. Təxmini 2012-2013-cü illərdə bu layihə həyata keçirilmişdi və indi həmin yerlər o qədər sıx meşəyə çevrilib ki, adam yarıb keçə bilmir.

 

Meşələrdə yanğınlar olsa da, təbii bərpa potensialı var. Nazirlik bu istiqamətdə tədbirlərini müvafiq dönəmlərdə gücləndirir. Amma yuxarı dağ meşələrində soyuq ərazilər olduğuna görə, ağacların bitməsi çətin prosesdir. Mən çox təəssüf edirəm ki, kəndlilərin pay torpaqları, otlaq sahələri olmağına baxmayaraq, bəzən mal-qaranı meşəyə buraxırlar. Mal-qara isə meşənin içərisindəki yeni cücərən tingləri yeyir və meşənin bərpasını ləngidir.

 

Ümumilikdə meşələrin mövcudluğu heyvanat aləminin də qorunması baxımından çox vacibdir. Düzdür, heç də bütün heyvanlar meşədə yaşamır. Amma əksər heyvanların gizləndiyi yer, yaşadığı mühit məhz meşələrdir. Meşələr nə qədər çox olsa, qorunsa bütün təbiət üçün müsbət təsirini görərik”.

 

Ovu tamamilə qadağan etməyin mümkün olmadığını vurğulayan zooloqun sözlərinə görə, respublikada 30 min ovçu var və ovu tam qadağan edəndə bu, sosial narazılığa səbəb olur:

 

“Ovçular etiraz edirlər ki, bizim hüquqlarımız pozulur. Qadağalar gizli şəkildə qanunsuz ov edilməsinə, brokonyerliyə gətirib çıxarır. Ona görə, prosesi tənzimləmək lazımdır. Bu o deməkdir ki, kvotalar və vaxt müəyyən edilir. Qanuni cəhətdən ov aparılması tənzimlənir. Məsələnin qanuni tərəfi varsa, insanlar niyə gizli yollara əl atırlar? Ov mövsümü ilə bağlı tariflər simvolik qiymətlərdir. Yaxşı olar ki, ovçular yalnız xüsusi ərazilərdə ov etsinlər, harada gəldi ov etməsinlər. Azərbaycanda bir ənənə var ki, nə qədər qəddar ovçu olsa da, heyvanların bala vaxtı bununla məşğul olmur. Yaz vaxtı, quşların yumurta qoyduğu, heyvanların balaladığı vaxtlarda onlara güllə atmaq olmaz. Ovçular lisenziya aldıqları say qədər ov etməlidirlər. 3 ördək üçün lisenziya alıblarsa, 15 ördək vurmasınlar. Bütün qaydalara əməl edilsə, həm ovçular istirahətini, əyləncəsini təmin edə, həm də təbiəti qoruya bilərlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?