Modern.az

“Qarpız heç vaxt susuzluğu yatırmır” - ƏFSANƏNİN TƏKZİBİ

“Qarpız heç vaxt susuzluğu yatırmır” - ƏFSANƏNİN TƏKZİBİ

Ölkə

27 İyul 2012, 11:37

Gigiyena və Epidemiologiya Mərkəzi: “İlk növbədə bostan məhsullarının hardan alınmasına diqqət yetirmək vacibdir”


Qarpız yay fəslinin vazkeçilməz bostan bitkisidir. Yayın ən çox yeyilən sərinləşdirici və dadlı məhsulu olan qarpız insanları özünə cəlb etsə də, onun yetişdirilməsi zamanı istifadə edilən süni əngəllər insanlara qənim kəsilir. Mütəxəssislər bu bostan bitkisinin əsl yetişmə vaxtının iyul ayının sonları, avqust ayının əvvəlləri olduğunu deyirlər. Belə ki, 2 ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün effektiv temperatur göstəricisinə yalnız həmin aylarda təsadüf olunur. Vaxtından tez bazarda yer alan məhsullar isə əsasən xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır.
Qeyd edək ki, minimum istehlak səbətimizə 95,7 kiloqram bostan məhsulu daxildir ki, qarpızın da istehlak miqdarı il ərzində 8,4 kiloqram  təşkil edir.

Əslində qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarına təsadüf edir. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil. Həkimlər adətən avqust ayından tez qarpız yeməyi məsləhət görmürlər. Hər halda nəfsinə sahib dura bilməyib, “qarpız yeməsəm, olmaz” deyənlər də az olmur.

Mədəsinə görə cəza çəkənlər

Elə bu səbəbdən də qarpız zəhərlənmələrindən qaçmaq olmur. Təkcə ötən gün Bakıda 5 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Qida zəhərlənmələrindən 2-si məhz  qarpızdan, 3-ü isə qarışıq qidadan baş verib.

Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.

Təcili və Təxirə salınmaz Tibbi Yardım Stansiyasından bildiriblər ki, əhali qidanın saxlanma qaydalarına düzgün riayət etmədiyi üçün belə hallar baş verir.

Həkimlər də qarpızı kəsildikdən sonra soyuducuda üstü açıq saxlamağı məsləhət görmür. Onun üstü mütləq örtülməlidir. Qarpız uzun müddət saxlanıla bilməz.
Zəhərlənmələrin baş verməməsi üçün evdə xanımlar qidaların saxlanma şərtlərinə də ciddi riayət etməli, köhnə qidalardan istifadə etməməlidirlər.

Hansı qarpızdan imtina edək?
   
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida təhlükəsizliyi şöbəsinin müdiri İmran Abdullayev bildirdi ki, qarpızdan istifadə zamanı son dərəcə ehtiyatlı olmaq vacibdir: “İlk növbədə bostan məhsullarının hardan alınmasına diqqət yetirmək vacibdir. Günəş şüalarının birbaşa təsirinə məruz qalan məhsulu almaqdan çəkinin. Maşın yollarının kənarında, küçələrdə satılan qarpızların tərkibi qlükoza ilə reaksiyaya girdiyindən toksik maddələr əmələ gəlir. Ona görə də yaxşı olar ki, bostan məhsulları alarkən bağlı və çərçivəyə alınmış xüsusi yerlərdə, həmçinin torpaqdan xeyli aralı məsafədə saxlanılan məhsullara üstünlük verilsin”. 

İ. Abdullayev də məsləhət gördü ki, qarpızı kəsməzdən əvvəl onu yaxşıca yumaq vacibdir: “Hətta bu məhsulu sabun və qaynanmış su ilə yumaqla ondan gələn təhlükəni əngəlləmək mümkündür. Onu da qeyd edim ki, qarpızı təmiz bıçaqla və tam quruduqdan sonra kəsmək lazımdır. Yetişmiş məhsula bıçaq dəyən kimi dərhal ayrılır və onun tumları tünd-qəhvəyi və ya qara rəngdə olur. Əgər qarpızın zolaqları sarımtıl və ya qəhvəyi rəngdədirsə, bu onun tərkibinin qənaətbəxş olmamasından xəbər verir”.

İstixana qarpızlarının daha çox zəhərlənmələrə yol açdığını deyən həkimlər bunu həmin məhsulun yetişdirilərkən tərkibindəki nitratın çox olması ilə izah edirlər. Halbuki bu qarpızın tərkibindəki nitratın miqdarı norma ilə 60 milli qram olmalıdırsa əksər halda bu normadan artıq olur. Ona görə də zəhərlənmə baş verir.   

Nitrat 60 milliqramı keçərsə...

KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakıda bir sıra yerlərdə satışa çıxarılan qarpız və yemişlərin tərkibini yoxlayıb. Laboratoriyanın rəhbəri Yaqub İbrahimovun sözlərinə görə, bu il Azərbaycanda satışa çıxarılan yerli, Türkiyə və İrandan idxal edilən qarpız və yemişlərin tərkibi ilə bağlı analizlərin nəticələrini müsbət qiymətləndirmək olar:

“Bu sahədə vəziyyət, demək olar ki, müsbətə doğru dəyişir. Amma bəzi yemiş və qarpız nümunələrində nitratın normadan artıq miqdarı aşkar edilib. Belə məhsullar satışdan çıxarılıb və müvafiq tədbirlər görülüb”.

Laboratoriya rəhbəri onu da bildirdi ki, normal qarpızın tərkibindəki nitratın miqdarı 60 milliqram olmalıdır. Amma zəhərlənmələr  bu miqdarın aşmasından baş vermir. Orqanizmdən çox şey asılıdır.

3-4ºC temperatur, 70-75% nisbi rütubət və 4 ay

Ekspertlər onu da vurğulayır ki, yaranmış vəziyyətdə, ilk növbədə, bostan məhsullarının hardan alınmasına diqqət yetirmək vacibdir. Günəş şüalarının birbaşa təsirinə məruz qalan məhsulu almaqdan çəkinmək lazımdır. Ekspertlər qeyd edir ki, maşın yollarının kənarında, küçələrdə satılan qarpızların tərkibi qlükoza ilə reaksiyaya girdiyindən toksik maddələr əmələ gəlir. Ona görə də yaxşı olar ki, bostan məhsulları alarkən bağlı və çərçivəyə alınmış xüsusi yerlərdə, həmçinin yollardan xeyli aralı məsafədə saxlanılan məhsullara üstünlük verilsin. Bundan başqa mütəxəssislər məsləhət görür ki, qarpızı kəsməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Hətta bu məhsulu qaynanmış su ilə yumaqla ondan gələn təhlükəni əngəlləmək mümkündür.

Qarpız qəbul olunan müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır. Ticarət şəbəkəsində, o cümlədən evdə qarpızı qapalı, arakəsməli yerlərdə bir sırada saplağı yuxarı olmaq şərtilə saxlamaq lazımdır. Qarpızın yaxşı, keyfiyyətli qalması üçün onu 3-4ºC temperaturda və 70-75% nisbi rütubətdə saxlamaq lazımdır. Qarpızı bir neçə qat kağıza büküb çanta, yaxud torbada sərin yerdə 4 ay saxlamaq olar.

Tibb elmləri doktoru Adil Qeybulla hazırda tərəvəz məhsullarından zəhərlənmələrin kütləvi hal aldığını dedi:
 “Hazırda tərəvəz məhsullarından, xüsusən də qarpızdan kütləvi zəhərlənmə halları var. Birinci səbəb odur ki, bazara çıxarılan məhsullar yoxlamadan keçirilmir. Tərəvəz məhsullarının yetişdirilməsində müəyyən gübrələrdən istifadə olunur. Qarpız isə elə meyvədir ki, gübrəni digər məhsullara nisbətən daha çox özünə çəkir. Məhsulun tərkibində gübrənin miqdarı çox olduqda isə zəhərlənmə yaradır. Qarpız satışa buraxılmazdan əvvəl baytarlıq laboratoriyaları tərəfindən ciddi yoxlanmalı, tərkibində gübrənin miqdarının normadan artıq olub-olmadığı müəyyənləşməlidir. Məhsula həddindən artıq gübrə verildikdə daxildə toksiki maddəyə çevrilmə ehtimalı çox böyük olur. Əhali qarpız alarkən ehtiyatlı olmalıdır. Qarpız kəsilərkən onun içinə diqqət etmək lazımdır. Qarpızın içində ağ zolaqlar çox nəzərə çarpan və gözə görünəndirsə, belə qarpızı yemək olmaz. Gərək qarpızda ağ zolaqlar olmasın. Yaxşı dəymiş, dərmansız qarpızlarda belə zolaqlar ya heç olmur, ya da çox cüzi miqdarda görünür. Ümumiyyətlə, tərəvəz məhsulları, meyvə alarkən onun keyfiyyətinə, dəymiş olub-olmadığına diqqət edilməlidir. Digər bir səbəb, əhalinin qida qəbul edərkən vacib şərtlərə etinasız yanaşmasıdır. Bir çox hallarda, görürsən ki, susuzluğu yatırmaq üçün çoxlu qarpız yeməyə üstünlük verirlər. Qarpız heç vaxt susuzluğu yatırmır. Susuzluğun dərmanı ancaq sudur. Ancaq bizim camaat qarpızı su əvəzinə qəbul edir. Qarpız bir qida vasitəsidir və onu qəbul etməyin də öz norması var. Bir adam bir qarpızı qarşısına qoyub yeyirsə, əlbəttə, bu ona əzab verəcək. Qarpız naharın yanında, sadəcə, bir neçə dilim qoyulmalıdır. İsti xörəklə eyni zamanda soyuq, soyuducudan yenicə çıxarılmış qarpız yemək qətiyyən olmaz. İsti xörəklə soyuq qarpız kəskin təzad təşkil edir və mədəyə də ziyan verir. Soyuq qarpız diş minasının da düşmənidir. Qarpız mütləq otaq temperaturunda yeyilməlidir. Qarpız yedikdən sonra üstündən su içmək qətiyyən düzgün deyil. İsti havada çalışmaq lazımdır ki, mədə gücə salınmasın. Çünki isti havada orqanizm onsuz da halsızdır. Onu üstəlik yeməklə də yükləmək, əlbəttə, fəsadlara səbəb olacaq. Qidanı gün ərzində qəbul etmək, axşam saatlarını yüngül yeməklə keçirmək, gecə qidalanmadan isə, ümumiyyətlə, imtina edilməlidir. Həkim onu da məsləhət gördü ki, əgər qarpızdan zəhərlənmə baş veribsə, burada ancaq mədə-bağırsağın təcili yuyulması kömək edir. Belə bir hal baş veribsə, yaxud zəhərlənmə ehtimalı varsa, təcili həkimə müraciət etmək lazımdır”.   

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü