Modern.az

“Nüvə silahı atılsa, əllərdəki yod Fatıya tuman olmayacaq” - Bakıda yod çatışmazlığı  

“Nüvə silahı atılsa, əllərdəki yod Fatıya tuman olmayacaq” - Bakıda yod çatışmazlığı  

Ölkə

11 Oktyabr 2022, 14:54

Paytaxtdakı apteklərdə yod qıtlığı yaşanır. Vətəndaşlar yod tapmadıqlarını söyləyirlər. Apteklərdə isə bildirilir ki, yod onlara çatan kimi alınır. Tələbat aptekə gətiriləndən dəfələrlə artıqdır.
 

Məsələ ilə bağlı həkim Aydın Əliyev Modern.az-a danışıb.
 

Müsahibimiz bildirib ki, panikanın əsas səbəbi nüvə silahının istifadəsi zamanı radioaktiv Y-131 izotopunun  yayılması təhlükəsi haqda deyilənlərdir:
 

“Bu radiasiya isə ionlaşdırıcı şüa buraxır. Radiasiya demək hamısının ziyanlı olması demək deyil. Görünən işıq da radiasiyanın bir növüdür, amma zərərsizdir. Radioaktiv izotopu orqanizm mənimsəyəndə müəyyən fəsadlar əmələ gələ bilər. Bədən üçün tələb olunan mikroelementin normal istifadəsi zamanı orqanizmdə artıq yoda tələbat olmadığına görə o radioaktiv yodu istifadə etmir. Aptek işlədənlər deyir ki, depodan 5-6 flakon yod götürə bilirik, o da gəlib aptekə çatan kimi “göydə götürülür”. Bu yersiz panikadır. Hazırda dünyada nüvə silahından  istifadə yoxdur. Yodu alır, suya töküb içirlər, bu isə yanlışdır, onu düzgün istifadə etməyəndə fəsadlar yaranır. Orqanizmdə gündəlik yodun tələbatı təxminən 200 mikroqramdır. 70 kiloqramlıq insanın orqanizmində yodun cəmi miqdarı 25 milliqramdan da azdır".
 

 

Həkimin sözlərinə görə, panikaya düşüb yod preparatı qəbul etməyin heç bir əsası yoxdur:


“Bütün dəniz məhsullarında, tərəvəzlərdə, bir çox paxlalı bitkilərdə orqanizm üçün yetərli olan yod var. Vətəndaşların yodun onları qoruyacağı haqda düşünməsi çox absurddur. Nüvə silahı istifadə olunarsa, yoddan Fatıya tuman olmaz. Hazırda xəstələr var ki, onların yaralarının, yara kənarlarının yodla işlənməsinə ehtiyac var. İnsanlar yodu lazımsız yerə alıb evdə depolayırlar, bu zaman real istifadə üçün çatışmazlıq yaranır. Çatışmazlıqlar isə suni qiymət artımına gətirib çıxaracaq”.
 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-İxrac şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son dəfə ölkəyə yod gətirilməsi üçün müraciət bu ilin aprel ayında edilib.
 

O vaxtdan yod idxalı ilə bağlı yeni müraciət olmayıb. Artıq sentyabr ayının sonunda yeni idxal müraciəti qəbul edilib və bu da onu deməyə əsas verir ki, yaxın zamanlarda apteklərdə yod çatışmazlığı aradan qaldırılacaq.

Analitik Ekspertiza Mərkəzində olan məlumata görə, əsasən Rusiya (Yaroslavl farm fabrik), Ukrayna (Fitofarm) və Türkmənistanda (Sağlık Ezcaciliq Muessesi) istehsal edilən yod məhlulu Azərbaycan Respublikasında qeydiyyatdan keçib.
 

Qurumdan o da bildirilib ki, Səhiyyə Nazirliyi və onun qurumları, həmçinin Analitik Ekspertiza Mərkəzi dərman təminatı ilə məşğul deyil. Bu fəaliyyət özəl şirkətlər tərəfindən həyata keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?